Tarix İnstitutu adlı bir səhifədən bəziləri mənim tarix
haqqında bilgilərimin olmadığını sübut etmək və bəziləri də
institutun direktoruna sədaqətini isbatlamaq üçün yarışa giriblər.
Tam məsuliyyətlə deyirəm, bu sayda və bu cür gerilikçi qafada özünə
tarixçi deyən diplomlu şəxs burada barınırsa, tariximizin səviyyəli
və obyektiv araşdırılacağına ümidim tamamilə puça
çıxır.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa
son günlər qalmaqallı açıqlamalarına Tarix İnstitutunun öz elmi
işçisi Dilavər Əzimlinin cavablarını yaymasına
reaksiyasında qeyd edib. F.Mustafa Feysbuk profilində bunları
yazıb:
"Bunlar hələ mənim yazdığım kiçik bir statusu oxuyub anlaya
bilmirlər, mənbələri, əlyazmaları necə başa düşəcəklər, Allah
bilir. Bunlara kimsə deyib ki, institutun direktoru Yaqub Mahmudovu
müdafiə etmək lazımdır, hamısı başlayıblar ləbbeyə ki, niyə
Mommzenin, Zəki Vəlidinin adını çəkirsən, Yaqub müəllimin adını
böyük tarixçilərin sırasında çəkmirsən? Maraqlıdır ki, statusumda
dəfələrlə Yaqub müəllimə hörmətimi izhar etmişəm, faydalı əsərləri
olduğunu yazmışam, ancaq böyük tarixçi meyarlarının başqa olduğunu
konkret misallarla ortaya qoymuşam. Bunlar niyə belə təşvişə
düşüblər? Mənə qarşı səviyyəsiz ifadələr işlətmək yerinə, götürün
"Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü: fəlsəfi aspekt",
"Azərbaycanda türk kimliyi və saxta tarix problemi", "20-ci əsrin
əvvəllərində Azərbaycanda siyasi düşüncə cərəyanları" əsərlərimi və
orada yer alan tariximizin tarixçilər tərəfindən saxtalaşdırılması
probleminə qarşı görüşlərinizi yazın. Bu məmləkətdə özlərini alim
adlandıranlar adi bir polemika aparmaq kültürünə sahib deyilsə, o
zaman bunlar hansı məntiq, bilgi və qabiliyyətlə erməniləri
haradasa susdurduqlarını, yerində oturtduqlarını iddia edirlər,
doğrusu, anlamıram.
Deyəsən, hörmətli Yaqub müəllimə təkliflə müraciət edəcəyəm ki,
Tarix İnstitutunda təcili attestasiya keçirsin, bu qədər primitiv
mühakiməyə sahib olan kadrlarla ölkəmiz qarşısında duran qlobal
problemləri tarixi aspektdə araşdırmaq, təkliflər hazırlamaq çox
çətin olacaq. Nə yaxşı yenicə oxudum ki, İnstitutda İctimaiyyətlə
əlaqələr şöbəsi yaradılıb və xeyli sakitləşdim. İndyədək tarixlə
elmi və peşəkar əlaqə qura bilməyiblər, keçiblər ictimaiyyətlə
əlaqəyə. Yəni bu minvallar tariximizə ziyanlıqları xeyli
azalacaq.
Belə anladım ki, Nazim Xəlilov, Sevinc Məlikzadə, Leyla
Hüseynova, Aytac Şirəliyeva, Bəhmən Faziloğlu, Günel İsmayılova,
Nərminə Ağayeva, Bəhruz Baba, Adilə Ağabəyova, Fatimə Abdal, Vaqif
Abışov məhərrəm ayında bədənə vurulan zəncirin fəlsəfəsini yazan
Dilavər Əzimlinin müridləri imiş. Mürşidlik belə olar e, qos-qoca
institutu arxasınca aparır və adamı zəncir sıralaması ilə müdafiə
edirlər.
Bu yazının Azərbaycanın sağlam mühakiməli, bilgili və peşəkar
tarix araşdırmaçılarına aidiyyəti yoxdur. Yaxşı ki, heç olmazsa, bu
sahədə ümid bəslədiyimiz alimlərimiz var. Kiminsə adını unutmaqla
haqsızlıq edəcəyimi düşünərək ayrıca adlar çəkməməyim
məsləhətdir".