Ötən gün millət vəkili Qənirə Paşayevanın himayəsi ilə
baş tutan toy mərasimində insident yaşandığı barədə məlumat
yayılıb.
Axar.az xəbər verir ki, Q.Paşayevanın öz evindən gəlin
köçürdüyü, "Ümid yeri" valideyn himayəsindən məhrum uşaqlar üçün
sığınacaqda böyüyən Əfsanə toyuna getməkdən imtina edib. Səbəb kimi
isə gəlinlik paltarını və ayaqqabısını bəyənmədiyini göstərib.
Cəbhə.info-nun
yaydığı videoda tanınmış sənətçilərin toya yığışdığı, ancaq gəlinin
hələ gəlib çıxmadığı haqda danışıqlar da gedir. Hətta iddiaya görə,
toy baş tutmayıb.
Hətta gəlinin vizajisti Ülkər Həsənli də sosial şəbəkədə bu gün
yaydığı statusunda olaya münasibət bildirib. O yazıb ki, dünən bu
gəlini mən bəzəyib yola saldım, gəlinliyi, ayaqqabını özü seçdiyi
halda toy günü fikrini dəyişib, 2000 minlik gəlinlik gördüyünü və
onu istədiyini deyirdi: "Allah hərənin alnına bir qismət yazır.
Onun sığınacaqda böyüməsi onun taleyinə yazılıb. Günahkarı nə mən,
nə gəlinlik butikinin sahibəsi və ya ona himayəlik edib, toy edib,
ailə sahibi etməyə çalışanlar deyil. Məncə, insan ən azından sağ ol
deməyi bacarmalıdır. Bunlar – qız da, nişanlısı da elə
davranırdılar ki, sanki hər kəsin bunlara borcu var, sanki bütün
cəmiyyət onların belə durumda yaşadıqlarına görə günahkardır".
Maraqlıdır ki, gəlinin toya gəlmədiyini əks etdirən videonun toy
mərasiminin keçirildiyi zaldan deyil, hansısa otaqdan çəkildiyi
görünür. Halbuki Q.Paşayevanın öz evindən gəlini xüsusi mərasimlə
şadlıq sarayına yola saldığı görünür.
Toyun təşkilatçısı, "Ümid yeri" Uşaq Sığınacağının rəhbəri Nigar
Mənsimova Axar.az-a açıqlamasında yayılan bu xəbəri qətiyyətlə
təkziblədi: "Toy çox yüksək səviyyədə keçdi, ölkənin tanınmış
simaları, müğənnilərin iştirakı yüksək səviyyədə keçən bir mərasimə
belə kölgə salmağı qətiyyətlə pisləyirəm. Qeyri-peşəkar
jurnalistlərin bu gənclərin xoşbəxtliyinə mane olmaq cəhdi
insafsızlıqdır. Toydakı atəşfəşanlıq bütün Buzovna qəsəbəsində
görünürdü. Belə mərasimə necə kölgə salmaq, necə belə xəbər yaymaq
olar?"
Qeyd edək ki, yayılan videoda musiqiçilərin zarafat etdiyi də
hiss olunur.