BMT baş katibinin müavini, qurumun Narkotiklər və
Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov
məktubda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan
səmərəli mübarizə tədbirlərinə görə Dövlət Gömrük Komitəsinə (DGK)
təşəkkürünü ifadə edib.
Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, ötən
illərdə olduğu kimi 2016-cı ilin cari dövrü ərzində də bəşəriyyət
üçün ən böyük bəlaya çevrilən narkotik vasitələrin qanunsuz
dövriyyəsinin qarşısının qətiyyətlə alınması məqsədilə ölkəmizin
gömrük orqanları tərəfindən genişmiqyaslı tədbirlər həyata
keçirilib.
Son illərdə gömrük infrastrukturu daha da modernləşdirilərək bu
sahədə də ən müasir texniki vasitələrdən və üsullardan istifadə
edilir. İri qabaritli nəqliyyat vasitələrinin yoxlama kompleksləri
tətbiq olunmaqla gömrük nəzarəti və əməliyyat-axtarış fəaliyyətinin
gücləndirilməsi, dünya təcrübəsində özünü doğrultmuş risklərin
idarəetmə sisteminin geniş şəkildə tətbiqi, narkotik axtarışı üzrə
təlim keçmiş itlərin sayının artırılması, gömrük əməkdaşlarının
peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, beynəlxalq və
regional təşkilatlarla, eləcə də digər dövlətlərin gömrük
xidmətləri ilə əməkdaşlığın möhkəmləndirilməsi öz növbəsində
narkotiklərlə mübarizə tədbirlərinin də səmərəliliyini artırıb.
Görülmüş tədbirlər nəticəsində 2016-cı ilin 9 ayı ərzində gömrük
orqanları tərəfindən aşkar edilib, 89 fakt üzrə 98 faizindən çoxu
heroin olmaqla 1 ton 132 kiloqramdan çox narkotik vasitə (o
cümlədən 1 ton 112 kq heroin, 6,5 kq tiryək, 12 kq həşiş, 1,6 kq
marixuana, 14 qr metadon və 92 qramdan çox və 150 ədəd həb
psixotrop maddə) qanunsuz dövriyyədən çıxarılıb. Cari ildə 23
narkoqrup ifşa edilərək 12 nəfəri qadın, 107 nəfəri kişi olmaqla
119 nəfər barəsində təhqiqat və istintaq aparılıb, toplanmış
materiallar müvafiq məsuliyyətə cəlb edilmələri üçün məhkəməyə
göndərilib.
Saxlanılan şəxslərin 89 nəfəri Azərbaycan, 22 nəfəri İran, 2
nəfəri Belarus, 1 nəfəri Rusiya, 1 nəfəri Gürcüstan, 1 nəfəri
Hindistan, 1 nəfəri Pakistan, 1 nəfəri Tacikistan, 1 nəfəri isə
Türkiyə vətəndaşıdır.
Əldə edilən uğurların nəticəsi olaraq DGK-nin narkotiklərlə
mübarizə sahəsində göstərdiyi səylər və qazandığı nailiyyətlər
nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək
qiymətləndirilir.
Y. Fedotov DGK-nin rəhbərliyinə ünvanladığı məktubunda da
ölkəmizin ərazisindən tranzit yolla keçirilməsinə cəhd edilən böyük
həcmdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının
alınmasının mühüm əhəmiyyətini və digər dövlətlər üçün yaxşı nümunə
olduğunu göstərməklə, DGK-ya öz təşəkkürünü bildirib, təmsil etdiyi
qurumun Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin gələcəkdə də
bu istiqamətdə dəstək göstərməyə və əməkdaşlığa hazır olduğunu
vurğulayıb.