Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə "Polisə
ictimai dəstək" sözləri yazılmış xüsusi geyim formasını daşıyan
mülki əməkdaşların fotoşəkillərinin yayılmasına münasibət
bildirib.
APA-nın məliumatına
görə, DİN mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov
bildirib ki, son günlər bəzi sosial şəbəkələrdə "Polisə ictimai
dəstək" sözləri yazılmış xüsusi geyim formasını daşıyan mülki
əməkdaşların fotoşəkillərinin yayılması, mövzu ətrafında
müzakirələr aparılması ölkə vətəndaşlarının polisin fəaliyyətinə
əlavə impuls verəcək yeni təsisatın işinə diqqətindən, bütün
cəmiyyətin marağında olan cinayətkarlıqla mübarizə və ictimai
asayişin təmini sahələrinə ictimai dəstəyin əhəmiyyətindən irəli
gəlir:
"Məlum olduğu kimi, prezident İlham Əliyev ölkəmizdə
qanunçuluğun və hüquq qaydasının qorunmasında vətəndaşların geniş
iştirakının təmin edilməsi, polis orqanlarına ictimai dəstəyin
təşviqi, polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi
məqsədilə 2016-cı il martın 2-də "İctimai asayişin qorunmasında
vətəndaşların iştirakının təmin edilməsi barədə" Fərman imzalayıb
və "İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydaları"
təsdiq edilib. Dövlət başçının məlum fərmanından irəli gələn
vəzifələrin icrası ilə bağlı Daxili İşlər Nazirliyinin
Kollegiyasının qərarı ilə "İctimai asayişin qorunmasında
vətəndaşların polis orqanları ilə əməkdaşlığının təşkili Qaydası"
qüvvəyə minib.
Qaydalara əsasən, ictimai asayişin qorunmasına şəxsi və işgüzar
keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət
keçmiş, yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan
vətəndaşları könüllülük əsasında cəlb olunurlar. Polisə ictimai
dəstək məqsədilə vətəndaşların əməkdaşlığa cəlb edilməsi barədə
əvvəlcədən kütləvi informasiya vasitələrində və Daxili İşlər
Nazirliyinin internet saytında elanlar verilir. İctimai asayişin
qorunmasına vətəndaşların cəlb olunması şəhər, rayon polis
orqanları tərəfindən "Daxili işlər orqanlarında xidmətə qəbul
olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları"na
uyğun həyata keçirilir. Belə ki, həmin şəxslərlə əmək müqaviləsi
bağlanılır, onlar dövlət hesabına üzərində "Polisə ictimai dəstək"
sözləri yazılmış geyim forması, döş nişanı, aylıq ödəniş və xüsusi
vəsiqə ilə təmin olunurlar. O da qeyd olunmalıdır ki, daxili işlər
orqanlarında xidmətə qəbul zamanı ictimai asayişin qorunmasında 2
il polis orqanı ilə əməkdaşlıq etmiş şəxslərə üstünlük
verilir".
S. Gözəlovun sözlərinə görə, nazirliyinin mülki işçiləri üçün
müəyyən olunmuş təminatlar ictimai qaydanın qorunmasında iştirak
edən vətəndaşlara da şamil edilir və onlar gündəlik 6 saat xidmətə
cəlb olunur, həyat və sağlamlıqları DİN tərəfindən sığortalanır.
Asayişin qorunmasına cəlb olunmuş şəxslər ictimai qaydanın və
ictimai təhlükəsizliyin təmin edilməsində polis əməkdaşları ilə
birgə xidmət aparır, cinayətlərin və digər hüquqpozmaların
qarşısının alınması, narkomaniyanın, alkoqolizmin, yetkinlik yaşına
çatmayanların baxımsızlığının profilaktikası, penitensiar
müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial
adaptasiyası, məişət zorakılığının qarşısının alınması sahəsində
həyata keçirilən tədbirlərdə, eləcə də əhali arasında aparılan
hüquqi maarifləndirmə işlərində fəal iştirak edirlər:
"Xüsusi qeyd edilməlidir ki, kütləvi informasiya vasitələrində
öncədən verilmiş elanlara uyğun olaraq, Azərbaycan prezidentinin
məlum fərmanının icrası çərçivəsində daxili işlər naziri,
general-polkovnik Ramil Usubov tərəfindən müxtəlif şəhər və
rayonlarda mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra
baxışları keçirilib. Olduqca şəffaf və ədalətli şəkildə keçən həmin
tədbirlərdə iddiaçılar arasından seçilən gənclər hazırlıq
kurslarını müvəffəqiyyətlə başa vurduqdan sonra respublikamızın
ərazi polis orqanlarında ictimai asayişin qorunmasına cəlb
olunublar və hazırda polis əməkdaşları ilə birlikdə gündəlik
vəzifələrinin icrası ilə məşğuldurlar".