Rus hərbi eksperti, Qafqaz üzrə mütəxəssis, tarixçi Oleq
Kuznetsovun Axar.az-a eksklüziv müsahibəsi:
– İrəvandakı parad zamanı İsgəndər-M raketlərinin
nümayiş olunmasına aydınlıq gətirə bilərsinizmi? Bu raketlər kimə
məxsusdur və Azərbaycanın təhlükəsizliyi üçün hansı potensial
təhdid yaradır? Kalininqrad vilayətində İsgəndər-M operativ-taktiki
raketlərinin yerləşdirilməsi Polşa və Çexiyada amerikalıların
raketdən qorunma radarlarının qurulması ilə əlaqələndirilir. Bu
tipli raketlərin istənilən vaxt közərə bilən müharibə ocağına
Azərbaycan-Ermənistan konfliktinin mövcud olduğu bir zonaya
gətirilməsini nə ilə izah etmək olar?
– Hər şeydən əvvəl bir texniki nüansı qeyd etmək istəyirəm:
operativ-taktiki raket kompleksi olan "İsgəndər" müxtəlif
taktiki-texniki xüsusiyyətlərə malik olan raketlərin işəsalma
qurğusu olsa da, dəyişikliklərə məruz qalmır. Hər bir baza
komplekti ümumilikdə 6 maşından ibarətdir: işəsalma qurğusu,
nəqliyyat və silahı doldurma maşını, komanda qərargah maşını və
sairə. Bu kompleks barədə bütün məlumatı internetdən əldə etmək
olar. İrəvandakı paradda nümayiş olunan yalnız işəsalma qurğusu
olduğundan, sözügedən raketin "İsgəndər"in hansı modifikasiyasına
aid olduğunu demək çətindir. Hər kəsə məlum olan mənbələrdən
bilirik ki, 2013-cü ildə Rusiya ilə Ermənistan arasında bağlanan
müqaviləyə əsasən, Ermənistana İsgəndər-E (eksport variantı ) OTRK
raketlərinin verilməsi nəzərdə tutulurdu. Bu raket kompleksi
İsgəndər-M-dən taktiki-texniki xüsusiyyətlərinə - azaldılmış ilkin
çəkisi, məhdud uçuş məsafəsi, hədəfə dəymə göstəricisində artan
əyilmə bucağı və başqa parametrlərinə görə geri qalır. Buna səbəb
Rusiyanın Avropada adi hücum silahlarının satışına məhdudiyyət
qoyan beynəlxalq müqavilələri imzalamasıdır. Bu müqavilə uçuş
mənzili 300 km-dən artıq olan raketlərin üçüncü dövlətlərə satışını
qadağan edir, İsgəndər-M isə 500 km hədəfə nəzərdə tutulub. Zahiri
görünüşünə görə bu raketlər fərqlənmir. Buna görə də mən həyəcan
təbili çalan Azərbaycan mətbuatının, Rusiyanın Ermənistana 3 il
öncə bağlanmış müqaviləyə əsasən İsgəndər-E raketləri əvəzinə
İsgəndər-M tipli raketi bağışladığı iddialarına şərik deyiləm.
Doğrusunu aydınlaşdırmaq isə Azərbaycan kəşfiyyatının
vəzifəsidir.
– Bu il Qarabağla bağlı hər hansı bir irəliləyişin əldə
olunması gözlənilirmi?
– Konfliktin hər iki iştirakçısı, yəni həm Azərbaycan, həm də
Ermənistan bütün yayı daxili-siyasi problemlərini həll etmək və hər
iki ölkədə paralel keçirilən konstitusiya islahatlarını həyata
keçirməklə məşğul idi. Məhz bu səbəbdən Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı ritorikanın səngiməsi dünya çapında
heç kimin təəccübünə səbəb olmadı. Həm Azərbaycanda, həm də
Ermənistanda daxili-siyasi dəyişikliklər zamanı yetişdiyindən,
onların icrası hər iki ölkənin xarici siyasətində müəyyən
durğunluğa səbəb oldu. Burada heç bir təəccüb doğuran hadisə və ya
qeyri-təbiilik yoxdur. Sadəcə, müvəqqəti olaraq dövlət siyasətinin
prioritetləri istiqamətini dəyişib. Əminəm ki, çox keçmədən,
zənnimcə, bir aydan çox keçməz ki, hər şey "Əhdi-Ətiq"də deyildiyi
kimi, "əvvəlki halına qayıdar".
– Ermənistan hökuməti istefaya getdi. Nə qədər
dəyişiklik olsa da, Qarabağ klanı ölkədə zəifləmir. Üstəlik,
Sərkisyanın ən yaxın adamı Müdafiə naziri Seyran Ohanyan da
istefaya göndərildi. Bu dəyişikliklər Ermənistana nə vəd
edir?
– Mən heç bir vəchlə Qarabağ klanı haqqındakı tezisinizlə razı
deyiləm. Şəxsən mən Ermənistandakı vəziyyətin inkişaf ssenarisinin
tam fərqli istiqamətdə olduğuna əminəm. Hər şeydən əvvəl, bunu
dəqiq bilmək lazımdır ki, Qarabağ klanı dünya erməni diasporunun
istənilən seqmentinə istiqamətlənmək imkanına malik idi ki, bu da
diaspordaxili ayrı-ayrı güc mərkəzlərinin xoşuna gəlmirdi. Çünki
onlar Ermənistanı ancaq öz təsir orbitində görmək istəyirdilər.
Qarabağ klanı üçün ilk təhlükə zəngi hələ 2006-ci ildə acınacaqlı
Jirayr Sefilyan erməni diasporunun amerikan seqmentinin maraqları
çərçivəsində dövlət çevrilişinə cəhd etdiyi dövrdə çalınmışdı. O
dövrdə Ermənistan prezidenti R.Köçəryan bu təhlükəni neytrallaşdıra
və Qarabağ klanının hakimiyyətdən uzaqlaşdırılmasının qarşısını ala
bilmişdi. İkinci cəhddə, bu ilin iyul ayınının ikinci yarısında -
"Sasna çrer"in yaraqlıları İrəvan polisinin post-patrul alayının
binasını zəbt edəndə artıq hamıya aydın oldu ki, Qarabağ klanının
qarşısında dilemma durur: ya öz xoşuyla siyasətdən uzaqlaşmalı, ya
da növbəti, üçüncü dövlət çevrilişində fiziki cəhətdən məhv
olmalıdır. Belə ki, Qarabağ klanı şəxsi və maliyyə toxunulmazlığına
zəmanət almaqla öz xoşu ilə hakimiyyəti əlindən buraxdı. Bu
məsələyə İrəvanın keçmiş meri, "Qazprom Mejreqionalqaz"ın
top-meneceri, Ermənistanın yeni baş naziri K.Karapetyanın simasında
rusiyapərəst qüvvələr zamin durdu. Bunu təsdiqləyən bir sübut da
rusyönümlü XİN-nin başçısı E.Nalbəndyanın öz vəzifəsini qoruyub
saxlamasıdır. Bütün bunlar onu göstərir ki, artıq İrəvanda
hakimiyyətə ruspərəst qüvvələr gəlib. Onlar üçün Qarabağ klanı
1991-ci ildə SSRİ-nin dağılmasına və onun soyuq müharibədə məğlub
olmasına görə şəxsən məsuliyyət daşıyan xainlər yığınıdır. Hətta
Prezident Administrasiyasının keçmiş rəhbəri və mülki şəxs olan
V.Sərkisyanın müdafiə naziri təyin olunması ondan xəbər verir ki,
hərbi qüvvələr birbaşa prezident S.Sərkisyanın tabeliyinə keçib və
vaxtı ilə hamısı Dağlıq Qarabağ separatçılarının qanunsuz hərbi
birləşmələrinin sahə komandirləri olan bugünkü generallar artıq
daxili siyasətə müdaxilə edə bilməyəcək. Beləliklə, düşünürəm ki,
Qarabağ klanı tamamilə və qəti sürətdə tutduğu mövqeni itirdi.
Ermənistanın yeni hökumətinin daxili siyasət kursunun
perspektivlərinə gəldikdə isə gələn ilin yazında keçiriləcək
parlament seçkilərinə qədər onların hər hansı qeyri-müəyyən
addımlar atmaqdan çəkinəcəyi qənaətindəyəm. Hazırkı hökumətin
vəzifəsi sırf texniki əhəmiyyət daşıyır – Ermənistanda konstitusiya
islahatlarının effektli keçirilməsini təmin etmək, ölkəni prezident
idarə-üsulundan parlament respublikasına çevirmək və bu prosesi
2018-ci ilin yayınadək başa çatdırmaq… O vaxtadək K.Karapetyanın
qarşısında duran yeganə məqsəd bütün qüvvələri səfərbər edərək,
sosial partlayışa yol verməməkdir.
– İllərdir davam edən iqtisadi böhran İrəvanda
destablizasiya yarada bilərmi?
– Bu suala əminliklə yox deyə bilərəm. İş burasındadır ki,
Ermənistan sözün əsl mənasında hər hansı bir iqtisadiyyata sahib
deyil. Onun maliyyə sistemi tamamilə xaricdən gəlir – həm fərdi,
həm də dövlət səviyyəsində, maliyyə dəstəyi hesabına fəaliyyət
göstərir. Əhalinin yarıdan çoxu – kişilər əsgərlikdə və ya dövlət
qulluğunda deyillərsə, Rusiyaya, Avropaya və ya Türkiyəyə qaçırlar.
İki yüz əlli mindən çox erməni düşmən adlandırdıqları Türkiyədə
işləyir və aldıqları əməkhaqqı hesabına Ermənistanda qalan
ailələrini dolandırır. Rusiyada bir milyondan milyon yarımadək
müvəqqəti və ya daimi işdə çalışan Ermənistan vətəndaşı var. Onlar
hər il ölkələrinə 1,2 milyard dollar pul yollayır. Ermənistan
maliyyə sistemi daxil olan yerli vergilərin deyil, xaricdən gələn
pulların hesabına mövcuddur. Buna görə də tam əminliklə demək olar
ki, Ermənistanın milli valyutası olsa da, öz pulu yoxdur.
İqtisadiyyat ruspərəst, amerikapərəst, fransapərəst və s. oliqarx
klanlarla təmsil olunub.
Əldə olunan bütün gəlirlər iqtisadiyyata investisiya əvəzinə ya
siyasi fəaliyyətə, ya da Dağlıq Qarabağın işğalçı rejiminin
təminatına yönəldilir. Mahiyyətcə müasir Ermənistanın hazırki
vəziyyətini Kolumbdan sonrakı İspaniya imperiyasında mövcud olan
feodal-müstəmləkə iqtisadiyyatına oxşatmaq olar. Burada praktiki
mal, məhsul istehsalı yoxdur. Əsas istehlak malları İrandan
gətirilir. Buna görə də Ermənistanın dünya iqtisadi proseslərinə
inteqrasiyasından danışmaq olmaz. Onun komprador tipli siyasi
elitası xarici ianələr, yerli əhali isə natural təsərrüfat hesabına
dolanır. Elə bu səbəbdən də dünya iqtisadiyyatında baş verən
böhranların Ermənistan üçün qorxusu yoxdur. Çünki onun sənayeyə
söykənmiş iqtisadiyyatı yoxdur.