Ana səhifə Gündəm |
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akarı qəbul edib.
"Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına
istinadən xəbər verir ki, ordu generalı Hulusi Akarın rəhbərlik
etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda Ümumilli Lider
Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra
Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü
uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını, o cümlədən Türk
Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Sonra ordu generalı Hulusi Akarın Müdafiə Nazirliyində qarşılanma
mərəsimi keçirilib. Rəsmi protokola uyğun olaraq Quru Qoşunları
Komandanı Şərəf dəftərinə ürək sözlərini yazıb.
Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq, Azərbaycanla Türkiyə arasında əməkdaşlığın dostluq-qardaşlıq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri, Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Ordu generalı Hulusi Akar da öz növbəsində dövlətlərimizin əlaqələrinin qədim tarixi bazaya, mehriban dostluq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.
Sonra Azərbaycan-Türkiyə hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşqun da iştirak edib.
Tarix
2014.03.10 / 19:07
|
Müəllif
Axar.az
|