Səfəvilər imperiyası və Şah İsmayıl Xətai barədə
səslənən fərqli fikirlərin ardınca deputat Fazil Mustafa ilə bir
qrup tarixçi arasında baş verən qalmaqala nəhayət, AMEA-nın Tarix
İnstitutunun direktoru, professor Yaqub Mahmudov da reaksiya
verib.
Y.Mahmudov deputat həmkarının adını çəkməsə də səslənən fərqli
yanaşmalara sərt münasibətini açıqlayıb:
"Həmişə 5 min illik dövlətçilik tariximizi unutdurmağa,
Azərbaycan xalqının əlindən onun dövlətini almağa çalışıblar. Çox
təəssüf ki, bu gün Səfəvilər dövlətinə, Şah İsmayıl Xətaiyə qara
yaxmağa çalışanlar, I Şah Abbasın bizim dövlət xadimimiz olmadığını
sübut etməyə cəhd göstərənlər içimizdə də tapılır".
Y.Mahmudov teleqraf.com-a deyib ki, Səfəvilər dövlətinin tarixi
bizim şərəf tariximizdir:
"Birdən-birə 237 il mövcud olan bir imperiya qurmuşuq. Səfəvi
imperiyasının tarixini yaradanlar çox ağır döyüşlərdən keçib. Bu
gün daxilimizdə və xaricdə Azərbaycan xalqının, elimizin
düşmənlərinə cavab verməli oluruq. Səfəvi dövlətinin liderləri
imperiya yaratsalar da, heç bir xalqı sıxışdırmayıblar, hər hansı
xalqın mədəniyyətini boğmayıblar, tarixi şəxsiyyətlərini edam
etməyiblər. Səfəvilər imperiyasının tərkibində irandilli xalqlar da
yaşayırdı. O dövrdə irandilli xalqlar böyük mütəfəkkirlər bəxş
ediblər. Bu, Səfəvilər dövlətinin dövlətçilik mədəniyyətinin,
humanist siyasətinin göstəricisidir".
İnstitut direktorunun sözlərinə görə, bu gün bizdən şimalda,
Avropanın müxtəlif yerlərində, bizimlə dost olan İranda da bəzi
tarixçilər Səfəvilər dövlətini Azərbaycan tarixindən silməyə
çalışırlar:
"Biz İran tarixçilərini dialoqa çağırırıq ki, bu dövləti yaradan
Səfəvilər Azərbaycanın türk sülaləsidir. Bu sülalənin kökündə
dayanan Şeyx Səfiəddin dünyada köçəndə demişdi ki, mənim cənazəmi
götürəndə bilin ki, türk oğlu türkzadəni dəfn edirsiniz. Səfəvilər
türk nəsli, Azərbaycan türkləridir. Bu faktı Azərbaycan tarixindən
silmək böyük ədalətsizlikdir. Biz deyirik ki, Səfəvilər dövrünün
oturaq həyatında, yazı-pozu mədəniyyətində, kargüzarlıq işlərində
irandilli tayfalar da rol oynayıb. Onların rolunu inkar etmirik,
ancaq Səfəvilər tarixini Azərbaycan tarixindən silmək olmaz".
Y.Mahmudovun fikrincə, azərbaycanlı tarixçilər İranla dostluq
münasibətlərinə sadiq olsa da, elmi mübahisələr davam
etməlidir.
Deputat Fazil Mustafa musavat.com-a açıqlamasında ad çəkməsə də, institut
rəhbərinin fikirlərinə münasibət bidlirdi:
"Kimlərsə iddia edir ki, Azərbaycanın dövlətçilik tarixi 5 min
ildir, bu, elmi təsbit deyil, populist və qüsurlu ifadədir. Bu
rəqəm beş yüz il artıq da, az da göstərilə bilər. Bizi
maraqlandıran ərazinin dövlətçilik tarixi deyil, məhz bu ərazidə bu
gün çoxluğu təşkil edən etnosun, yəni Azərbaycan türklərinin
dövlətçilik tarixidir. Bu tarixi isə ümumtürk dövlətçilik
tarixindən kənarda götürmək olmaz. Həmin dövlətçilik tarixi barədə
bilgilər böyük tarixçi Zəki Vəlidi Toğan "Ümumtürk tarixinə giriş"
əsərində, Qumilyovun və başqa elm adamlarının əsərlərində
elmi-obyektiv araşdırma ilə ortaya qoyulub. İkincisi, uzun
müddətdir ki, orta əsrlərin konkret bir dövrünün "tariximizin qızıl
dövrü" kimi təqimatı əsasən Azərbaycan türklərinin farslarla ortaq
tarixini qabartmaq istiqamətinə üstünlük verildiyini göstərir və
Azərbaycan coğrafiyasından kənardakı türk tarixi əhəmiyyətinə görə
arxa plana keçirilir. Bizim üçün isə Azərbaycan türklərinin tarixdə
gəlib-keçmiş digər türklərlə ortaq tarixini qabartmaq daha
məntiqlidir. Biz Alparslanın Malazgird zəfərinə də, Fatihin
Konstantinapolu fəthinə də, Ağqoyunluların, Qaraqoyunluların
uğurlarına da öz uğurlarımız kimi baxırıq, onlar isə
Bayandırlı-Dədə Qorqud mədəniyyətinin məhv edilməsini tariximizdə
müsbət bir dönüş anı kimi xarakterizə edirlər. Əlbəttə, bunlar
hamısı bizim tariximizdir, qəbul edək ki, Sacilərdən başlamış
Cümhuriyyətimiz yaranana qədərki dövrdə bu ərazidə dövlət qurmuş
bütün sülalələrin əksəriyyəti türklərdir, bunun mübahisənin
predmetinə bir aidiyyatı yoxdur ki..."
F.Mustafanın fikrincə, tarixin müəyyən epizodlarına kiminsə türk
olmasını əsas götürərək dəyər qazandırmaq yolverilməzdir:
"Birinci növbədə bu günün prizmasından hansı qalıcı dəyərləri
tarixdən mənimsədiyimizə baxılmalıdır. Biz Məhəmməd Peyğəmbəri
gətirdiyi əxlaq sisteminə görə sevirik, Əlini elm və irfanına görə,
Öməri ədalətinə görə sevirik, halbuki onlar milliyətcə ərəb
olublar. Yaxud da Səlahəddin Əyyubini xaçlıların vəhşətini
dayandıra bildiyinə görə sevirik, halbuki mənşəcə kürd olduğu
söylənilir. Yaxud da Fatihi türklərə İstanbulu qazandırdığına görə
sevirik. O da türk olub. Kiminsə türk, ərəb və ya kürd olmasından
öncə, bəşərə və öz varislərinə qoyub getdiyi faydalı və humanist
miras əsas götürülməlidir. Yalançı vətənpərvərlərin və irançı
zehniyyət daşıyıcılarının əsas ittihamı budur ki, tarixi
qəhrəmanlarımızı və dövlətlərimizi qaralamaq, silmək olmaz. Sual
edirsən ki, kim qaralayır, kim silir ki? Səfəvilər də, Qacarlar da
türk sülalələridir, bunu kimsə inkar etmir ki... Söhbət faydalı
miras üzərindən gedirsə, burada fikirlər haçalanır və buna da
qışqırıqçılıqla deyil, sağlam müzakirə zəminində baxmaq
lazımdır".
F.Mustafa daha sonra fikirlərinin düzgün anlaşılmadığına diqqət
çəkdi:
"Biz deyirik ki, Səfəvilərin qurduğu ideoloji rejimin eynisini
İran İslam Respublikası bərpa edib, qurub. Bu gün həmin dəyərləri
türklüyün ali dəyərləri adı ilə cəmiyyətə təqdim etmək, sadəcə
irançılıq virusunun azərbaycanlı yaddaşında qorunub saxlanmasına
xidmət edir. Rəsulzadənin bizə miras qoyduğu bayraqda İslam
bütündür, sizlərin bayrağında İslam bir məzhəbdən ibarətdir.
Rəsulzadənin miras qoyduğu bayraqda Türklük bütündür, sizin
bayrağınızda türklük marjinal bir qızılbaşlıqdan ibarətdir.
Rəsulzadənin miras qoyduğu bayraqda demokratiya, tolerantlıq
bütündür, sizin bayrağınızda tolerantlığa, başqa cür düşünməyə yer
yoxdur. Ona görə də burada tarixə baxış konsepsiyasının
fərqliliyindən söhbət gedir və bu cür müzakirələrin aparılmasından
qorxmaq lazım deyil. Dünyanın hər yerində bu cür müzakirələr
insanların ehkamçılıqdan uzaq bir düşüncə ilə öz keçmişi ilə bugünü
arasında daha səmərəli əlaqə qurmasına imkan yaradır. Bütün
tariximizə sahib çıxmalıyıq, ancaq fikrimizcə daha çox faydalı
epizodların və dəyərlərin qabardılması həm milli, həm də dövlət
maraqlarımıza uyğun olardı".