Britaniyada sosial şəbəkələr üzərindən paylaşdıqları postlara görə həbs edilən insanların sayının sürətlə artması beynəlxalq rezonans doğurub. Bu yöndə müzakirələr əslində 2025-ci ilin əvvəlindən başlayıb. Çarli Parker və Yennah Smart tərəfindən hazırlanan, 2025-ci il aprelin 4-də "Tayms qəzetində" dərc olunan araşdırmada bildirilib ki, İngiltərə və Uels polisi 2023-cü ildə sosial şəbəkələr üzərindən paylaşılan “narahatedici mesajlar”la əlaqədar 12 min 183 nəfəri həbs edib. Bu, hər gün orta hesabla 33 nəfər sosial şəbəkə fəalının həbs edilməsi deməkdir.
Məlumatın geniş rezonans doğurmasının səbəbi yalnız 2025-ci ildə əldə edilən və 2023-cü ili əhatə edən statistikasının böyüklüyü ilə bağlı deyil. "Tayms" həbs edilənlərin sayının illər üzrə müqayisəsini aparıb və bu istiqamətdə ciddi dinamikanın olduğu qənaətinə gəlib. Qəzetin yazdığına görə, 2019-cu ildə Böyük Britaniyada 7 min 734 nəfər sosial şəbəkə istifadəçisi həbs edilib. 2023-cü ildə bu göstərici 58 faiz artıb. 2024-2005-ci illərdə isə vəziyyət daha da gərginləşib.
“Deyli Meyl” qəzetində dərc edilən araşdırma da problemin miqyasının sürətlə artdığını göstərib. Qəzet İngiltərə və Uels polis bölmələrinə FOİ tipli sorğu göndərib, “Online Safety Act” və “Communications Act” əsasında həbs edilən sosial şəbəkə fəallarının statistikasını soruşub. Sorğu göndərilən 45 polis bölməsindən 39-u cavab göndərib. 6 polis bölməsi cavab verməkdən yayınıb. 39 bölmənin verdiyi cavaba əsasən, 2023-cü ildə Böyük Britaniyada təxminən 9 min 700 nəfər sosial şəbəkə fəalının həbs edildiyi təsdiqlənib. 2025-ci ildə isə bu rəqəm 13 min 800 nəfərə qədər yüksəlib. Əgər bütün polis bölmələri sorğunu cavablandırsaydı, rəqəmlər yəqin ki, daha yüksək olardı.
Statistikanın artmasının bir neçə paralel səbəbi vardır. Bu səbəblər barədə hökumətin izahı ilə tənqidçilərin şərhi ciddi şəkildə fərqlənir. Hökumət iddia edir ki, sosial şəbəkə fəallarının həbsi mövzusunda söhbət “fikrə görə cəza”dan yox, “təhlükəli kommunikasiya ilə mübarizə”dən gedir. 2025-ci ilin sentyabrında hökumətin parlamentdə verdiyi cavabda qeyd edilir ki, “ifadə azadlığı başqalarına zərər vurmaq və ya nifrət nitqi yaymaq üçün” istifadə edilə bilməz. Yəni, Böyük Britaniyanın rəsmi qurumları sosial şəbəkə fəalları üzərində aparılan həbs prosesində özlərini haqlı sayırlar. “Polis sosial şəbəkələrdə qanunları pozanlara qarşı əməliyyat aparmaq baxımından müstəqildir”-, deyib, həbslərə stimul verirlər.
Tənqidçilər isə hökumətin izahını qəbul etmirlər və onu ifadə azadlığını boğmaqda qınayırlar. Qanunlarda işlədilən bəzi geniş, sərhədləri dəqiq müəyyənləşdirilməmiş anlayışlara etiraz edirlər. Məsələn, qanunlarda yer tutan, sosial şəbəkə istifadəçilərinin həbsi üçün istifadə edilən maddələrdə “son dərəcə təhqiramiz”, “ədəbsiz”, “narahatlıq yaradan” və ya “təşvişə səbəb olan” ifadələrin konkret olaraq hansı məzmunu əhatə etdiyinin aydın olmadığını deyirlər. Tənqidçilərin fikrincə, bu qeyri-müəyyənlik polisə sosial media paylaşımlarına geniş müdaxilə üçün imkanı yaradır. Hökumətə qarşı müxalif mövqedə olanların bu ittihamlarla susdurulması üçün şans yaradır. “Tayms”ın araşdırmasına görə, hazırda bütün Britaniya polis qüvvələri sosial medianı müəyyən formada izləyir və bu da həbs edilənlərin sayının artmasına təsir göstərir.
Paradoksal haldır ki, Böyük Britaniya və digər Qərb dövlətləri dünyanın müxtəlif ölkələrində sosial şəbəkə fəallarının həbs edilməsini demokratik prinsiplərin pozulması kimi qiymətləndirirlər. Bu məsələləri özlərinin təsir dairəsində olan transmilli media subyektlərində, beynəlxalq statuslu QHT-lərin hesabatlarında mütəmadi olaraq gündəmə gətirirlər. Hədəflərində olan ölkələri həm də ona görə qınayırlar ki, guya bu ölkələr “sosial şəbəkələrdə hökuməti, dövlət siyasətini və ya ictimai-siyasi prosesləri tənqid edən şəxslərin hüquq-mühafizə orqanları tərəfindən təqib edilməsinə şərait yaradırlar”.
Lakin Britaniyanın öz təcrübəsinə nəzər saldıqda mənzərənin heç də birmənalı olmadığı görünür. Burada da sosial şəbəkələrdə yazılanlara görə minlərlə insan polis tərəfindən saxlanılır. Hakimiyyət isə bu praktikanı ifadə azadlığının məhdudlaşdırılması kimi deyil, ictimai təhlükəsizliyin, digər şəxslərin hüquqlarının və cəmiyyətin sabitliyinin qorunması zərurəti ilə izah edir. Yəni eyni davranış (sosial şəbəkədə yazılan fikrə görə hüquqi müdaxilə) bir halda “təhlükəsizliyin təmin edilməsi”, digər halda isə “ifadə azadlığının boğulması” kimi təqdim olunur.
Əgər bir dövlət öz ərazisində sosial şəbəkələrdə təhlükə, nifrət, təhdid və ictimai sabitliyə zərər yarada biləcək məzmunla mübarizə aparmağı legitim hesab edirsə, başqa dövlətlərin də oxşar arqumentlərini hansı meyarlarla qiymətləndirmək lazımdır? Deməli, problem yalnız sosial şəbəkə istifadəçilərinin həbsi ilə bağlı statistikada deyil. Əsas məsələ ifadə azadlığı ilə ictimai təhlükəsizlik arasındakı sərhədlərin hamı üçün eyni meyarlarla müəyyənləşdirilməsidir. Demokratik prinsiplərin universal dəyəri varsa, həmin prinsiplərin tətbiqi də universal və ardıcıl olmalıdır.
Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, ölkə əhalisinin sayı 2025-ci ildə 69,49 milyon nəfərə çatıb. "DataReportal"ın hesabatında isə qeyd edilir ki, 2025-ci ildə ölkədə 67,8 milyon nəfər internet, 54,8 milyon nəfər sosial şəbəkələ istifadəçisi var. Yəni, əhalinin təxminən 79 faizi sosial şəbəkə istifadəçisidir.
Bunu nəzərə alaraq, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən çoxpilləli hüquqi çərçivə formalaşdırılıb. Bu çərçivənin mühüm elementlərindən biri “Communications Act 2003”-ün 127-ci maddəsidir. Maddə elektron kommunikasiya şəbəkəsi vasitəsilə “son dərəcə təhqiramiz”, “ədəbsiz”, “təhdid xarakterli” mesajların göndərilməsini, habelə digər şəxsdə narahatlıq və ya təşviş yaratmaq məqsədi daşıyan paylaşımları cinayət hesab edir.
Digər mühüm norma “Malicious Communications Act 1988” və “Online Safety Act 2023”-dür. Qanun sosial media operatorları üzərində qanunsuz məzmun və fəaliyyətlə bağlı riskləri azaltmaq, istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün hüquqi öhdəliklər qoyur.
Britaniya bu sahədə qanunların işləkliyini təmin etmək, informasiya mühitini tənzimləmək üçün xüsusi inzibati idarə də yaradıb. Ölkədə əsas tənzimləyici qurum "Ofcom"dur.
Beləliklə, Britaniya nümunəsi göstərir ki, sosial şəbəkələrin hüquqi tənzimlənməsi özlüyündə ifadə azadlığına qarşı yönəlmiş siyasət kimi təqdim edilə bilməz. Əsas məsələ tənzimləmənin olub-olmaması deyil, onun hansı sərhədlər daxilində və hansı meyarlarla həyata keçirilməsidir. Milyonlarla insanın gündəlik ünsiyyət qurduğu belə nəhəng informasiya məkanında təhlükəsizliklə ifadə azadlığı arasında tarazlığın qorunması həm hüquq, həm də demokratiya baxımından əsas çağırış olaraq qalır.
Təəssüf ki, Böyük Britaniya daxil olmaqla, bir sıra Qərb dövlətləri sosial şəbəkələrin hüquqi tənzimlənməsinə münasibətdə ikili yanaşma görüntüsü yaradırlar. Öz ərazilərində təhlükəsizlik, ictimai asayiş və digər şəxslərin hüquqlarının qorunmasını əsas gətirərək sosial media fəaliyyətinə sərt hüquqi məhdudiyyətlər tətbiq edir, başqa ölkələrdə isə oxşar tədbirləri ifadə azadlığının məhdudlaşdırılması kimi təqdim edirlər. Bu cür fərqli yanaşmalar nəinki məsələnin obyektiv qiymətləndirilməsini çətinləşdirir, həm də beynəlxalq ictimai rəydə çaşqınlıq yaradır.
Müşfiq Ələsgərli
Mətbuat Şurası İdarə Heyətinin üzvü