Rusiyanın Ermənistana İsgəndər-M raketlərini verməsi və
İrəvanın da bu faktı təsdiqləməsi beynəlxalq skandal xarakteri
daşıyır.
Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil
Hüseynli deyib. Politoloq bildirib ki, Rusiyanın beynəlxalq
konvensiyalara uyğun olaraq İsgəndər-M raketlərini ikinci bir
dövlətə satmamaqla bağlı üzərinə götürdüyü öhdəliyi pozaraq
Ermənistana təhlükəli silahlar verməsi hüquqi məsuliyyət
yaradır:
"Bu, ən azından başda Amerika və NATO olmaqla, bütün
dövlətlərin, o cümlədən Türkiyənin maraqlarına ziddir. Rusiyanın
Ermənistana İsgəndər-M raketlərini verməsi və İrəvanın da bu faktı
təsdiqləməsi beynəlxalq skandal xarakteri daşıyır. Azərbaycan bu
məsələyə görə qarşı tərəfi beynəlxalq məhkəməyə verə bilər. Əvvəla,
qadağan edildiyi halda Rusiya tərəfindən Ermənistana İsgəndər-M
raketlərinin pulsuz göndərilməsi ilə bağlı BMT-də müzakirələr açmaq
mümkündür. BMT bu məsələyə münasibət bildirdikdən sonra hətta
prosesi Beynəlxalq Haaqa Məhkəməsinə də daşımaq olar. Türkiyə,
lazım gələrsə, digər NATO dövlətləri də bu məsələyə lojistik dəstək
verə bilər. Çünki açıq-aydın Avropada silahların və adi silahların
saxlanmasına dair beynəlxalq müqavilənin cənubi cinah sazişinin
pozulmasının şahidi oluruq".
Politoloq hesab edir ki, Azərbaycan bu məsələni istənilən
beynəlxalq təşkilat və məhkəmədə qaldıra, Ermənistana sanksiya
tələb edə, NATO və Amerikanın, eləcə də digər dövlətlərin yaxından
dəstəyi ilə nəticələrə nail ola bilər:
"Çox təhlükəli bir presedent yaranıb: cırtdan bir dövlətin
bölgəni təhdid etməsi BMT Təhlükəsizlik Şurasına çıxarılmalıdır.
İşğalçı Ermənistan daha ciddi məkrli və dağıdıcı məqsədlər
güddüyünü ortaya qoydu. Bu nöqteyi-nəzərdən Azərbaycan beynəlxalq
aləmə SOS siqnalı verməlidir".
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Rusiyadan alınan
raket kompleksinin İsgəndər-M olduğunu ötən gün rəsmən təsdiqləyib.
Ermənistan Müdafiə Nazirliyinin Artilleriya və Raket Qoşunları
bölməsinin qərargah rəisi polkovnik Artavazd Yağmuryan ölkəmizi
təhdid edərək hökumətləri rəsmi icazə verəcəyi halda İsgəndər-M
vasitəsilə Azərbaycana zərbə endirilə biləcəyini deyib.
Nüvə başlığı daşımaq gücündə olan bu yarımballistik raket 500 km
məsafədəki hədəfi 100 faiz dəqiqliklə vurmaq qabiliyyətinə
malikdir. Rusiyada İsgəndər-M-in satışı ilə bağlı qadağa olsa da,
Ermənistana verildiyi ötən gün rəsmən açıqlandı.