Beynəlxalq mediada Azərbaycanla bağlı yayılan məlumatlar və ölkəmizə qarşı yönəlmiş informasiya manipulyasiyaları narahatlıq doğurur.
Axar.az xəbər verir ki, bu fikirlər Ağ Partiyanın yaydığı bəyanatında yer alıb.
“Ağ Partiya olaraq Nazirlər Kabinetinin vahid məktəbli geyimi ilə bağlı müvafiq qərarını dəstəklədiyimizi bir daha bəyan edirik. Azərbaycan müstəqil və suveren dövlətdir. Ölkəmizin daxili işlərinə kənardan müdaxilə yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi vətəndaşların hüquq və azadlıqlarının əsas təminatıdır. Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, burada dövlət-din münasibətləri yüksək səviyyədədir.
Vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə, müxtəlif din mənsubları arasında qarşılıqlı hörmət və anlaşma mühitinin qorunub-saxlanılmasına xüsusi həssaslıqla yanaşılır. Azərbaycanda etiqadına, inancına və dini həyat tərzinə görə heç bir məhdudiyyət tətbiq edilmir.
Azərbaycan hökumətinin vahid məktəbli geyimi ilə bağlı qəbul etdiyi qərar da ölkəmizin daxili məsələsidir. Bu məsələyə münasibətdə milli-mənəvi dəyərlərin və təhsil siyasətinin millilik və dünyəvilik prinsiplərinin nəzərə alınması vacibdir. Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması dünyəvi dövlətçilik və qanunun aliliyi prinsipləri ilə uzlaşdırılır.
Dünyəvi təhsilin əsas məqsədlərindən biri də uşağın bütün növ, o cümlədən dini-ideoloji təsir və təzyiqlərdən qorunmasına, azad şəkildə formalaşmasına şərait yaratmaqdır.
Hesab edirik ki, Azərbaycanda dini etiqad azadlığının təmin edilməsi ilə milli təhlükəsizlik, ictimai asayiş və cəmiyyətin əsas dəyərlərinin qorunması arasında hüquqi tarazlıq təmin edilir.
Əminik ki, cəmiyyətimizin fikir palitrasının zənginliyinin dialoq, qarşılıqlı hörmət və hüquqi dövlət prinsipləri çərçivəsində ifadə olunması ölkəmizin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan bir ailədir və bu ailədə etimadın və həmrəyliyin möhkəmləndirilməsi ümumi məsuliyyətimizdir.
Azərbaycanın yaxın tarixində qazanılmış möhtəşəm Qarabağ Zəfəri bir daha nümayiş etdirdi ki, ölkənin ali siyasi iradəsi ətrafında cəmiyyətin müxtəlif təbəqələrinin milli məqsədlər naminə birləşməsi tarixi uğurların əldə olunmasında mühüm rol oynayır. Bu tarixi təcrübə göstərir ki, Azərbaycan xalqı milli həmrəylik, qarşılıqlı anlaşma və qətiyyət nümayiş etdirməklə qarşısında duran mühüm vəzifələrin öhdəsindən gəlmək iqtidarındadır.
Hazırda qarşıda duran başlıca vəzifə Azərbaycanın ideoloji təhlükəsizliyinin təmin edilməsi, xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması, gənc nəsli, uşaqları belə təsirlərdən qorumaqdır. Bu işdə hər bir vətəndaş fəal və ayıq-sayıq olmalı, belə cəhdləri ifşa etməli, özü yad və zərərli təsirlər altına düşməməli və övladlarını da bu təsirlərdən müdafiə etməlidir”, - bəyanatda qeyd olunub.