Son günlər Azərbaycan əleyhinə çağırışları ilə gündəmə gələn Əhməd Şanlı Türkiyənin hüquq və siyasət sahələrində tanınan şəxsdir.
Axar.az xəbər verir ki, ictimaiyyət arasında birbaşa və bəzən mübahisələrə səbəb olan üslubu ilə diqqət çəkir.
1971-ci il təvəllüdlü Əhməd Şanlının doğulduğu yer və əslən haralı olması barədə açıq mənbələrdə məlumat yoxdur. Türkiyənin müxtəlif şəhərlərində konfranslarda iştirak edən və İstanbul mərkəzli fəaliyyət göstərən Əhməd Şanlı özünü Türkiyənin hər yerində xidmət göstərən hüquqşünas və akademik kimi təqdim edir.
2009-cu ildə İstanbulda təsis etdiyi “Şanlı” Hüquq Bürosu vasitəsilə peşəkar vəkillik xidmətləri göstərməyə başlayıb. Onun hüquq bürosu əsasən kommersiya hüququ, inzibati hüquq, investisiya hüququ, daşınmaz əmlak hüququ və əmək hüququ kimi sahələrdə fəaliyyət göstərir.
2023-cü il parlament seçkilərində Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən deputatlığa namizəd göstərilməsi onun siyasi səhnədə daha çox tanınmasına səbəb olub. Seçkilərdə deputat seçilməsə də, siyasi çıxışları ilə partiyanın gündəmində yer alıb.
Seçkilərdən sonrakı dövrdə də o, X platformasındakı paylaşımları vasitəsilə iqtisadiyyatın idarə edilməsindən ictimai dəyərlərə, hüquq islahatlarından xarici siyasətə qədər, bir çox məsələyə dair tənqid və təkliflərini səsləndirib. Onun bəzi açıqlamaları, xüsusilə müxalif düşərgədə müzakirələrə səbəb olub.
Qeyd edək ki, Əhməd Şanlı bu gün Azərbaycan Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilib.