Heç kəsə sirr deyil ki, strateji və hərbi müttəfiqimiz olan Türkiyə ilə son dövrlər münasibətlərimizdə müəyyən konflikt yaranmışdır. Və bu, heç şübhəsiz ki, hər iki tərəfin milli maraqlarına ziddir. Bu gərginliyin yaranmasında maraqlı olan tərəflər var. Türkiyənin özündə də müəyyən siyasi qruplaşmalar, media təmsilçiləri və s. münasibətlərimizə xələl gətirmək üçün cidd-cəhdlə çalışdılar.
Bu sözləri Axar.az-a açılamasında millət vəkili Elman Nəsirov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi ilə bağlı danışarkən deyib.
“Bizim dostluğumuz və qardaşlığımız elə sıx tellərlə bağlıdır, o qədər möhkəmdir ki, belə cəhdlərin uğursuzluğu labüddür. Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi və dövlətimizin başçısı ilə ikitərəfli münasibətlərimizin geniş spektrlərinə dair məsələləri müzakirə etməsi, dostluq və qardaşlıq münasibətlərinin bundan sonra daha da inkişafında maraqlı olduğunu ifadə etməsi çox müsbət impulslardır. Eyni zamanda, Ərdoğan Azərbaycan Prezidentini oktyabrın sonunda Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının XIII sammitinə də şəxsən dəvət etdi. Hesab edirəm ki, bu zəng və bu dəvət ikitərəfli münasibətlərimizdə son günlər yaşanan anlaşılmaz məqamların aradan qaldırılmasına xidmət göstərəcək.
Münasibətlərimizin korlanmasında maraqlı olan tərəflərin çirkin niyyətləri gözlərində qalacaq və Azərbaycan-Türkiyə strateji və hərbi müttəfiqlik münasibətləri bundan sonra yüksələn xətt üzrə inkişaf edəcək”.