Bir insana bütöv bir xalqın arzularını gerçəkləşdirmək missiyası verilərmi?
Verilər!
Tarix, Tanrı, Kainat bəzən bir Liderin çiyinlərinə elə böyük məsuliyyət qoyur ki, onun daşıdığı yük yalnız bir dövlətin deyil, milyonlarla insanın taleyi, keçmişi, gələcəyi, milli ləyaqəti olur.
İlham Əliyev məhz belə bir tarixi məsuliyyəti öz üzərinə götürən və onu Zəfərlə tamamlayan Liderdir.
Bu gün - 8 Noyabr onun günüdür. Onun rəhbərliyi ilə tarix yazan Azərbaycan xalqının günüdür.
Dünyada çox gözəl şəhərlər var. Küçələrində gəzişərkən memarlığına heyran qalırsan, tarixini həvəslə öyrənirsən, gözəlliyindən gözlərin qamaşır. Amma elə şəhər(lər) də var ki, onlar sadəcə coğrafi məkan deyil. Bir millətin ruhudur, yaddaşıdır, vicdanıdır, qürurudur, şərəfidir. Hətta sevgi hekayəsidir…
Bizim Şuşa belə şəhərdir.
Sevgi Şəhəri. Qürur Şəhəri. Ruh Şəhəri…
Şuşa Azərbaycan xalqının qəlbində heç vaxt yalnız bir şəhər olmayıb. O, bizim ilk məhəbbətimiz, məskənimiz, yuvamız, son otuz ildə isə yaralı yaddaşımız, yarımçıq qalmış sevincimiz, içimizdə illərlə gəzdirdiyimiz nisgilimiz olub.
Qəlbimizin Şuşa hücrəsi 30 il boş qalıb…
Şuşanın işğalı ilə yalnız torpağımızımı itirdik?
Xeyr!
Sanki qəlbimizdən bir parça qoparılmışdı. O parçanın yerinin sızıltısı, ağrısı bizi 2020-ci ilin 8 noyabrına qədər yandırıb-yaxdı.
Otuz ilə yaxın bu ağrı ilə yaşadıq. Daha doğrusu, yaşamağa, dözməyə çalışdıq.
Şuşanın adını çəkəndə gözləri dolan insanlarla, doğulduğu evin qapısını bir daha aça bilməyəcəyindən qorxan qocalarla, atasının yurdunu yalnız şəkillərdən tanıyan uşaqlarla böyüdük biz.
Yaşlandıq…
Yaşımızın üstünə otuz yaş gəldi. Həsrətimizin üstünə otuz ilin ağırlığı çökdü.
Amma içimizdə bir ümid heç vaxt ölmədi.
Şuşaya qayıdacağımıza inandıq. Bəzən bu inamı dilimizə gətirməyə belə qorxduq. Çünki insan ən çox gerçəkləşməsini istədiyi arzunun puç olmasından qorxur.
Və bir gün…
2020-ci ilin o gözəl, o unudulmaz 8 noyabrında möcüzə baş verdi.
Azərbaycan Prezidenti İlham Əliyev xalqına Şuşanın azad edildiyini elan etdi.
Elə Şuşanın özünə də səsləndi:
“Əziz Şuşa, sən azadsan!”
Bu sözləri necə unutmaq olar?!
O gün bir Prezident sadəcə hərbi qələbə xəbərini vermirdi. Bir Lider milyonlarla insanın qəlbində otuz ilə yaxın daşlaşmış kədəri sevincə çevirirdi.
O gün Azərbaycan öz ruhuna qovuşdu.
O gün biz təkcə Şuşanı deyil, özümüzə olan inamımızı, milli qürurumuzu, tarix qarşısında başımızı dik tutmaq haqqımızı geri qaytardıq.
O gün bir millətin otuz illik həsrəti iki kəlməyə sığdı:
Şuşa azaddır!
Bu iki kəlməyə nə qədər sevinc, nə qədər qürur, nə qədər göz yaşı, nə qədər dua, nə qədər şükranlıq sığır…
Bəlkə də heç bir dilin söz ehtiyatı o gün yaşadığımız hissləri ifadə etməyə yetməz.
Çünki elə qələbələr var ki, onları yalnız ağıl deyil, ürək anlayır.
Şuşa Qələbəsi məhz belə bir Qələbədir.
Və həmin gün Azərbaycan xalqı bir həqiqəti bütün aydınlığı ilə gördü: böyük qələbələr təsadüfən qazanılmır. Onların arxasında böyük iradə, uzaqgörən siyasət, sarsılmaz inam, vətən sevgisi və tarixi məsuliyyət dayanır.
Bir Liderin tarix qarşısında verdiyi söz
İlham Əliyevin siyasi portretini yalnız 44 günlük Vətən müharibəsi ilə məhdudlaşdırmaq doğru olmaz.
Çünki 2020-ci ilin Zəfəri 2020-ci ildə başlamayıb.
Bu Qələbənin təməli illərlə qoyulub.
Azərbaycanın iqtisadi imkanlarının genişləndirilməsi, güclü ordunun yaradılması, beynəlxalq tərəfdaşlıqların qurulması, diplomatik mövqelərin möhkəmləndirilməsi, ölkənin enerji və nəqliyyat layihələri vasitəsilə strateji əhəmiyyətinin artırılması - bütün bunlar böyük tarixi hədəfə xidmət edən siyasətin tərkib hissələri idi.
İlham Əliyev yaxşı bilirdi ki, torpaqları işğaldan azad etmək üçün yalnız haqlı olmaq kifayət deyil. Haqqını müdafiə edəcək gücə də sahib olmalısan.
O, Azərbaycanı məhz belə bir dövlətə çevirməyə çalışdı.
Böyük Liderin siyasi miqyası yalnız verdiyi qərarlarla ölçülmür. Bəzən onun böyüklüyü həmin qərarları vermək üçün illərlə göstərdiyi səbirdə, dözümdə, hazırlıqda, ən çətin məqamlarda belə hədəfindən yayınmamasında üzə çıxır.
İlham Əliyevin liderliyinin mühüm xüsusiyyətlərindən biri də bu idi: siyasi iradəni strateji hazırlıqla, qətiyyəti səbir və təmkinlə birləşdirmək.
O, danışıqlar masasında Azərbaycanın ərazi bütövlüyü prinsipindən geri çəkilmədi. Müharibə başlayanda isə ölkənin bütün resurslarını vahid məqsəd ətrafında səfərbər etdi.
44 gün ərzində Azərbaycan Ordusu döyüş meydanında möhtəşəm tarix yazdı. Əsgərlərimiz, zabitlərimiz, xüsusi təyinatlılarımız inanılmaz fədakarlıq və qəhrəmanlıq göstərdilər.
Onların hər birinin şücaəti qarşısında baş əyirik.
Amma bu tarixi Qələbənin siyasi və strateji rəhbərliyində dayanan şəxsin - Prezident, Ali Baş Komandan İlham Əliyevin rolunu xüsusi qiymətləndirmək lazımdır. Çünki müharibədə yalnız döyüşmək deyil, nə vaxt, necə və hansı məqsədlə hərəkət etməyi bilmək də həlledicidir.
Prezident İlham Əliyev müharibə günlərində həm Ali Baş Komandan, həm diplomat, həm də xalqla birbaşa danışan siyasi Lider idi.
Onun xarici mediaya verdiyi müsahibələr, Azərbaycanın mövqeyini böyük ustalıqla müdafiə etməsi, hərbi və siyasi təzyiqlər qarşısında nümayiş etdirdiyi qətiyyət xalqın yaddaşında uzun illər yaşayacaq.
O günlərdə Azərbaycan xalqı Prezidentinin sözlərində öz iradəsini, öz qürurunu, öz inamını, öz gücünü görürdü.
Bu, Liderlə xalq arasında tarixin həlledici anlarında yaranan nadir mənəvi bağlılıq idi. Hər Liderə nəsib olmayan bağlılıq…
Və bütün bu siyasi, hərbi, diplomatik mübarizənin zirvəsində Şuşa dayanırdı.
Azərbaycan mədəniyyətinin, musiqisinin, poeziyasının, milli yaddaşının beşiyi olan Şuşa…
Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın ruhunu yaşadan şəhər…
Azərbaycanlılar üçün Vətən sevgisinin ən uca zirvələrindən biri…
Şuşanın azad edilməsi Vətən müharibəsinin hərbi-strateji baxımdan ən mühüm hadisələrindən idi. Amma onun mənəvi əhəmiyyəti hərbi nəticələrindən də böyükdür.
Çünki Şuşa azad olunmasaydı, Qələbəmizin mənəvi mənzərəsi bu qədər bütöv olmayacaqdı.
Bir anlıq düşünək…
Şuşanı bir daha görmədən dünyadan köçən insanların həsrətini…
İllərlə evlərinin açarını saxlayan məcburi köçkünlərin göz yaşlarını…
Övladlarını torpaq uğrunda itirmiş anaların qəlbindəki ağrını…
Və sonra həmin tarixi anı xatırlayaq.
İlham Əliyevin Şuşaya ünvanladığı o sözləri…
“Əziz Şuşa, sən azadsan!”
Bu, sadəcə bir şəhərin azadlığının elanı deyildi.
Bu, bir millətin öz ruhuna, öz ləyaqətinə, öz tarixinə qayıdışının elanı idi.
Altı il sonra yenə Şuşada - tarixin möhtəşəm mənzərəsi
Şuşanın azad edilməsinin 6-cı ilində, yəni bu gün Azərbaycan Prezidenti İlham Əliyev yenə Şuşadadır.
Bu dəfə də onun yanında qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan var.
Azərbaycan və Türkiyə bayraqları Şuşada yanaşı dalğalanır. İki qardaş dövlətin himnləri səslənir. İki Prezident Azərbaycanın azad edilmiş torpağında Zəfər Gününü birlikdə qeyd edir.
Bu mənzərənin siyasi əhəmiyyəti böyükdür. Amma mənəvi dəyəri daha böyükdür.
Altı il əvvəl Azərbaycan xalqı Şuşanın azadlıq xəbərini göz yaşları ilə qarşılayırdı. Bu gün həmin Şuşada iki qardaş dövlətin rəhbərləri gələcəyə Birlik və Qardaşlıq mesajı verirlər.
Ərdoğanın məhz Zəfər Günündə Şuşaya gəlməsi adi diplomatik səfər deyil. Bu, Azərbaycanın Qələbəsinə verilən dəyərin, Türkiyənin qardaşlıq mövqeyinin və iki ölkə arasında strateji müttəfiqliyin rəmzidir.
Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlər də məhz həmin tarixi mənanı ifadə edir.
O, Türkiyənin 44 günlük müharibənin ilk saatlarından Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi xatırlatdı. Ərdoğanın o günlərdə verdiyi bəyanatın xalqımıza əlavə güc və ruh yüksəkliyi qazandırdığını vurğuladı. Azərbaycanla Türkiyənin birliyinin əbədi və sarsılmaz olduğunu bir daha bəyan etdi.
Ərdoğan isə İlham Əliyevin qətiyyətli liderliyi altında birləşən Azərbaycan xalqının Qarabağı böyük qəhrəmanlıqla azad etdiyini bildirdi. Bu Zəfəri bütün Türk dünyasının qürur mənbəyi kimi qiymətləndirdi.
Bunlar sadəcə diplomatik nəzakət ifadələri deyil.
Bunlar iki dövlətin bir-birinin taleyində oynadığı tarixi rolun etirafıdır.
Şuşa bu gün təkcə Azərbaycanın Qələbə şəhəri deyil, həm də Azərbaycan-Türkiyə qardaşlığının ən uca siyasi rəmzlərindən biridir.
2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə rəsmən müttəfiqlik səviyyəsinə yüksələn ikitərəfli münasibətlər bu gün iki Liderin yenidən Şuşada bir araya gəlməsi ilə özünün daha bir mənalı təcəssümünü tapır.
İllər keçəcək, nəsillər dəyişəcək, amma Şuşada yanaşı dayanan İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bu vüqarlı görünüşü tariximizin ən mənalı siyasi fotolarından biri olaraq qalacaq.
Çünki o fotolarda, o görüntülərdə yalnız iki Prezident yoxdur. Orada iki qardaş dövlətin iradəsi, iki xalqın sevgisi, ortaq tarixin yaddaşı və ortaq gələcəyin inamı var. Güvən var. Etimad var. Sevgi var. Bağ var…
Və ən əsası, zamanın, sərhədlərin, siyasi konyunkturanın fövqündə dayanan qan qardaşlığı var.
Qələbəni qazanmaq və onu gələcəyə daşımaq…
Tarixdə müharibə qazanan çox hökmdar, sərkərdə və dövlət başçısı olub.
Amma tarixi Qələbəni uzunmüddətli dövlətçilik uğuruna çevirmək ayrıca siyasi qabiliyyət tələb edir.
İlham Əliyevin liderliyini fərqləndirən əsas məqamlardan biri də budur.
O, 2020-ci ilin noyabrında dayanmadı.
Azərbaycanın qarşısında yeni hədəflər müəyyənləşdirdi. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Yollar, tunellər, hava limanları, məktəblər, yaşayış məntəqələri inşa edildi.
2023-cü ildə Azərbaycanın Qarabağ üzərində suveren nəzarəti tam bərpa olundu.
Beləliklə, 2020-ci ildə hərbi Qələbə ilə başlanan proses yeni siyasi və dövlətçilik mərhələsinə keçdi.
Bu gün Şuşaya gedən yolların özü belə bir hekayə, bir tarixçə danışır.
Dünən döyüşçülərimizin böyük fədakarlıqla keçdiyi dağlar, aşdığı sıldırım qayalar bu gün azad Azərbaycanın inkişaf mənzərəsinin bir hissəsidir.
Bu gün Şuşada yenidən həyat var…
İnsanların ayaq səsləri, doğma səsləri musiqi səslərinə qarışıb..,
Uşaqlar böyüyür, böyüklər yaşa dolur...
Evlərin pəncərələrində işıqlar boylanır…
Bunlar Qələbənin - oxu: Xoşbəxtliyin - ən gözəl davamıdır.
Çünki torpağı azad etmək böyük qəhrəmanlıqdır. O torpağa həyatı qaytarmaq isə Qələbənin mənasını gələcək nəsillərə daşımaqdır.
İlham Əliyevin siyasi portretində mənim xüsusi qiymətləndirdiyim cəhət məhz bu ardıcıllıqdır. Məqsəd müəyyənləşdirmək, həmin məqsədə doğru uzun illər çalışmaq, həlledici məqamda məsuliyyəti öz üzərinə götürmək və əldə edilən nəticəni yeni inkişaf mərhələsinin başlanğıcına çevirmək…
Bu, yalnız güclü siyasi iradənin deyil, həm də strateji düşüncənin, tarixi məsuliyyət duyğusunun göstəricisidir.
Amma bütün bunların içində bir həqiqət var ki, onu heç vaxt unutmaq olmaz.
Bu Qələbənin ən böyük mənəvi sahibləri uğrunda can verilən Vətənin özü və o Vətən üçün canından keçən insanlardır.
O insanların xatirəsi Qələbənin müqəddəs kədəridir…
Biz Şuşanın azadlığını yalnız sevinc kimi yaşamırıq.
Bu sevincin içində müqəddəs bir kədər də var…
Şəhidlərimizin xatirəsi var…
Yarımçıq qalmış ömürlər, həyata keçməmiş arzular, sahibsiz qalmış ümidlər var…
Bir ananın oğluna son dəfə baxdığı gözlər var…
Bir uşağın atasının şəklini bağrına basdığı gecələr var…
Bir gəncin toyuna geyinməyə macal tapmadığı kostyum, bir qızın atasına söyləyə bilmədiyi sözlər var…
Çox şey var…
Hər şey var…
Bunları unutsaq, Qələbənin mənəvi nəhəngliyini tam anlaya bilmərik.
Bu gün Şuşada dalğalanan bayrağın hər rəngində şəhidlərimizin əmanəti var.
Hər azad küçədə onların ayaq səsləri, hər yüksələn binada yarımçıq qalmış arzularının izləri, işartıları var.
Bizim sevincimiz onların fədakarlığı hesabına mümkünləşib.
Ona görə də Zəfər Günü yalnız bayram deyil. Həm də böyük bir vəfa günüdür.
Şəhid analarının qarşısında baş əymək, qazilərimizin fədakarlığını unutmamaq, bu torpağın hansı qiymətə azad edildiyini gələcək nəsillərə anlatmaq günüdür.
Mən inanıram ki, Şuşanın ən gözəl sabahı belə şəhidlərimizin xatirəsini unutdurmamalıdır. Əksinə, hər yeni gün, hər yeni uğur, hər yeni məktəb, hər yeni doğulan uşaq onların uğrunda can verdiyi Azərbaycanın yaşadığını göstərməlidir.
Və bəlkə də şəhidlərimizin ruhuna ən böyük ehtiram məhz budur: onların bizə əmanət etdiyi Vətəni azad, güclü və xoşbəxt etmək üçün çalışmaq...
Bir Liderin ən böyük mükafatı - xalqının yaddaşında əbədi qalmaqdır
Tarix siyasi liderləri müxtəlif meyarlarla qiymətləndirir.
Kimi iqtisadi islahatlarla, kimi diplomatik uğurlarla, kimi böyük quruculuq layihələri ilə yadda qalır.
Amma bəzi liderlərin adı millətin taleyində dönüş yaradan hadisələrlə əbədi yazılır.
İlham Əliyevin adı Azərbaycan tarixində Şuşanın azadlığı və Qarabağ Zəfəri ilə məhz belə bağlanıb.
Bu, böyük tarixi məsuliyyət olduğu qədər, böyük mənəvi dəyər, böyük lütfdür.
Heç vaxt bitməyəcək sevginin, minnətdarlığın, qürurun və yaddaşın bir parçasıdır.
İlham Əliyev haqqında danışarkən onun siyasi fəaliyyətinin müxtəlif mərhələlərini təhlil etmək, qərarlarını qiymətləndirmək, idarəçilik yanaşmalarını müzakirə etmək mümkündür.
Amma bir həqiqət var ki, artıq tariximizin ayrılmaz hissəsidir:
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsinə İlham Əliyev Ali Baş Komandan kimi rəhbərlik edib. Şuşa onun rəhbərliyi dövründə, onun əzmi və fədaksrlığı, Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı və xalqın birliyi sayəsində azad olunub.
Bu fakt onun siyasi bioqrafiyasının ən mühüm səhifəsidir.
Məncə, bir Lider üçün bundan böyük mənəvi mükafat ola bilməz.
Xalqının onilliklər boyu gözlədiyi tarixi sevinci yaşatmaq böyük uğur, böyük məsuliyyət və böyük şərəfdir.
Hər insana, hər dövlət başçısına nəsib olmayan tarixi ucalıqdır.
İllər sonra bir uşaq Şuşanın küçələrində gəzərkən atasından yəqin ki, soruşacaq: "Ay ata, bu şəhər necə azad olundu?"
Atası ona əsgərlərimizin qəhrəmanlığından, şəhidlərimizin fədakarlığından, xalqımızın birliyindən danışacaq.
Və həmin tarixi hekayədə İlham Əliyevin də adı olacaq.
Mütləq olacaq!
Çünki tarix yalnız kitabların səhifələrində yaşamır.
Tarix nəsildən-nəslə ötürülən xatirələrdə, ailələrin söhbətlərində, uşaqların yaddaşında, bir xalqın qəlbində və şüuraltında yaşayır.
Böyük tarixi hadisələrin əsl ömrü elə burada başlayır.
Bir Liderin tarixdə qalması da yalnız adının kitablara yazılması deyil. Onun adı çəkiləndə xalqın hansı hadisəni, hansı duyğunu, hansı taleyüklü anı xatırlamasıdır.
İlham Əliyevin adı çəkiləndə Azərbaycan xalqının yaddaşında Şuşa Qələbəsinin canlanması da məhz bu mənada böyük tarixi hadisədir.
Şuşadan dünyaya - Qələbədən gələcəyə
Bu gün Şuşada verilən mesajların mahiyyəti yalnız keçmiş Qələbəni xatırlamaqdan ibarət deyil.
Bu mesajlar həm də gələcəyə ünvanlanıb.
Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaq əzmindədir.
Azərbaycan Türkiyə ilə müttəfiqliyini daha da gücləndirmək niyyətindədir.
Azərbaycan Qarabağı yenidən qurur, öz torpaqlarında davamlı həyat yaradır.
Və Azərbaycan hərbi Qələbənin ardınca sülh və sabitlik dövrünün möhkəmlənməsini istəyir.
Prezident Ərdoğanın Şuşada səsləndirdiyi fikirlərdə də mühüm bir məqam vardı: döyüş meydanında qazanılan Qələbə davamlı sülh və sabitliklə tamamlanmalıdır.
Bu, son dərəcə əhəmiyyətli yanaşmadır.
Çünki həqiqi dövlətçilik müdrikliyi yalnız müharibəni udmaqda deyil, sülhü qorumağı bacarmaqda da özünü göstərir.
İndi İlham Əliyevin qarşısında tarixi Qələbənin açdığı imkanları Azərbaycanın uzunmüddətli təhlükəsizliyinə, iqtisadi inkişafına və gələcək nəsillərin rifahına çevirmək vəzifəsi dayanır.
Bu yolun da öz çətinlikləri, öz məsuliyyəti var.
Amma bu gün Şuşadan baxanda bir həqiqət bütün aydınlığı ilə görünür:
Azərbaycan 6 il əvvəlki Azərbaycan deyil. Xalqımızın özünəinamı dəyişib. Dövlətimizin regional mövqeyi dəyişib. Ən əsası isə, Azərbaycanın gələcəyi haqqında düşünərkən artıq içimizdə otuz illik işğalın yaratdığı o ağır ümidsizlik yoxdur.
Biz Şuşaya həsrətlə baxan xalqdan Şuşada gələcəyini quran xalqa çevrilmişik.
Bundan böyük mənəvi dəyişiklik təsəvvür etmək çətindir.
Və nəhayət, Şuşa… Yenə Şuşa… Həmişə Şuşa…
Bu gün Zəfər Günümüzdür.
Altı il əvvəl milyonlarla azərbaycanlının göz yaşları içində qarşıladığı o tarixi günün ildönümüdür.
Bu gün İlham Əliyev Şuşadadır.
Yanında Rəcəb Tayyib Ərdoğan var.
Şuşanın səmasında Azərbaycan və Türkiyə bayraqları dalğalanır.
Bir vaxtlar həsrətlə baxdığımız dağlarda bu gün azadlığımızın səsi eşidilir.
Bəzən tarix insanlara elə anlar yaşadır ki, onların böyüklüyünü həmin anda tam dərk etmək mümkün olmur.
Biz 8 noyabr 2020-ci ildə belə bir an yaşadıq.
O gün sevindik, ağladıq, küçələrə çıxdıq, bir-birimizi qucaqladıq.
Amma illər keçdikcə daha yaxşı anlayırıq ki, həmin gün yalnız bir müharibənin taleyi həll olunmamışdı.
Həmin gün bir millətin yaddaşındakı ən ağır yaralardan biri sağalmağa başlamışdı.
Həmin gün Azərbaycanın gələcək nəsillərinə başqa bir ölkə, başqa bir milli ruh, başqa bir özünəinam miras qoyulmuşdu.
Bu gün Şuşada İlham Əliyevə baxanda mən yalnız Azərbaycan Prezidentini görmürəm.
Mən onun simasında 44 günlük müharibənin bütün siyasi məsuliyyətini öz üzərinə götürmüş Ali Baş Komandanı, illərlə qarşısına qoyduğu böyük milli hədəfin gerçəkləşdiyini görmüş dövlət başçısını görürəm.
Və ən əsası, Azərbaycan tarixinin ən mühüm dönüş nöqtələrindən birinə rəhbərlik etmiş Lideri görürəm.
O, öz tarixi missiyasını şərəflə yerinə yetirdi.
Amma bu Qələbənin əsl böyüklüyü ondadır ki, o, təkcə bir Liderin uğuru kimi deyil, bütöv bir xalqın ortaq taleyi, ortaq sevinci, ortaq qüruru kimi yaşayır.
Bəlkə də Vətəni sevməyin ən gözəl tərəfi budur: onun sevincini öz sevincindən böyük bilmək.
Bu gün Şuşaya baxanda mənim qəlbimdə məhz belə hisslər oyanır:
Vətənə sevgi.
Bu torpaq uğrunda canından keçənlərə sonsuz minnətdarlıq.
Azərbaycan əsgərinə tükənməz ehtiram.
Xalqımızın dözümünə və birliyinə heyranlıq.
Və bu tarixi Qələbəyə rəhbərlik etmiş İlham Əliyevin siyasi iradəsinə dərin hörmət, ehtiram, şükranlıq.
İstəyirəm ki, gələcək nəsillərimiz Şuşanın adını çəkəndə bizim yaşadığımız o ağrını heç vaxt yaşamasınlar.
İstəyirəm ki, onlar Şuşanı həsrətin deyil, xoşbəxtliyin şəhəri kimi tanısınlar.
İstəyirəm ki, heç bir Azərbaycan anası övladını Vətən torpağını azad etmək üçün müharibəyə yola salmaq məcburiyyətində qalmasın.
İstəyirəm ki, bu Qələbənin ən böyük davamı sülh, firavanlıq, güclü dövlət və xoşbəxt insanlar olsun.
Çünki şəhidlərimizin uğrunda can verdiyi Vətən yalnız azad deyil, həm də xoşbəxt olmağa layiqdir.
Və bu gün bütün duyğuların, bütün düşüncələrin sonunda bir cümlə qalır:
Nə yaxşı ki, Şuşanın azadlığını gördük!
Nə yaxşı ki, o tarixi sevinci yaşamaq bizə nəsib oldu!
Nə yaxşı ki, Azərbaycan xalqı otuz illik həsrətdən sonra başını dik tutaraq öz Qələbəsini bayram edə bildi!
Bu gün Şuşada dalğalanan üçrəngli bayrağımızın qarşısında ürəkdən bir arzu keçir:
Bu bayraq bir daha heç vaxt o torpaqlardan enməsin!
Şəhidlərimizin ruhu şad olsun.
Qazilərimiz var olsun.
Azərbaycan Ordusu daim güclü olsun.
Dövlətimiz əbədi, xalqımız firavan, Vətənimiz hər zaman azad olsun!
Zəfərin mübarək, Azərbaycan! Şuşan mübarək!
Sən bu Qələbəyə çox layiqsən!