Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5°C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib.
Axar.az xəbər verir ki, , bu barədə Azərbaycan Respublikasının İqlim Məsələləri üzrə nümayəndəliyi məlumat yayıb.
Hesabatın əsas məqsədi Paris Sazişi çərçivəsində qlobal temperatur artımının 1,5°C ilə məhdudlaşdırılması istiqamətində ölkələrin iqlim öhdəliklərinin və milli adaptasiya planlarının həyata keçirilməsinə dəstək verməkdir.
Sənəd ötən il Braziliyada keçirilən COP30 zamanı COP29, COP30 və COP31 sədrliklərinə verilmiş mandat əsasında Azərbaycanın, Braziliyanın, Türkiyənin və Avstraliyanın birgə əməkdaşlığı ilə hazırlanıb.
Hesabatın hazırlanması çərçivəsində 2026-cı il ərzində dövlətlər, beynəlxalq təşkilatlar, özəl sektor və digər maraqlı tərəflərlə geniş məsləhətləşmələr aparılıb. Bu müzakirələr Bakı və Şamaxı da daxil olmaqla, dünyanın müxtəlif şəhərlərində keçirilib. Bundan əlavə, müxtəlif ölkə və təşkilatlardan daxil olan 148 yazılı təqdimat nəzərdən keçirilib.
Hesabatda enerji, sənaye, kənd təsərrüfatı, meşələr, okeanlar, səhiyyə və şəhərsalma sahələrində istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlılığın artırılması və yeni iqtisadi imkanların yaradılması üçün mövcud həll yolları əksini tapıb.
Sənədin rəsmi təqdimatının noyabrın 16-da COP31 çərçivəsində Antalyada keçiriləcək yüksək səviyyəli tədbirdə baş tutacağı qeyd olunub.