İran 50 ilə yaxındır islam dəyərlərinin, müsəlmanların təəssübkeşliyini çəkdiyini iddia edir.
Qüds məsələsində rəsmi Tehran geri çəkilmək istəmir, İsrailin bu şəhəri işğalına qətiyyətlə qarşı çıxır. İran iddia edir ki, İsrail bu müqəddəs şəhəri zəbt edib, müsəlmanları qovub, onların Əl-Əqsa məscidində ibadətinə icazə vermir.
Əslində illərdir Əl-Əqsa məscidində müsəlmanların ibadəti problemə çevrilib. Dəfələrlə müsəlmanlarla İsrail təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.
1948-ci il müharibəsindən sonra Qərbi Qüdsdəki müsəlmanların bir hissəsi evlərini tərk etdi və ya qovuldu. Analoji hadisə Şərqi Qüdsdə də baş vermişdi. Amma bu dəfə qovulan və ya evlərini tərk edənlər müsəlmanlar yox, yəhudilər idi.
1967-ci il Altıgünlük müharibədə ərəb koalisiyasına qalib gələn İsrail Şərqi Qüdsü işğal etdi və oradakı müsəlmanları da qovdu.
1980-ci ildən Qüds (Yerusəlim) İsrailin bölünməz paytaxtı elan edilib. Buna baxmayaraq, şəhərdə müsəlmanlar da yaşayır, məhdudiyyətlərlə də olsa, ibadət edirlər.
İran illərdir Əl-Əqsa məscidinin davasını döyür, fələstinlilərin haqlarının tapdandığını deyir.
Amma İrəvandakı qədim Göy Məscid uğrunda heç vaxt mübarizəyə qalxmayıb. Qarabağda talan edilən, donuz tövləsinə çevrilən məscidlərdən heç vaxt danışmadı, buna görə Ermənistanı heç vaxt qınamadı.
80-ci illərin sonlarından başlayaraq qərbi azərbaycanlılar Ermənistandan kütləvi şəkildə qovulmağa başladılar. Hazırda Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Bu, son 50 ilin ən ağrılı deportasiyalarından biri idi. Amma Fələstində, Qəzzada müsəlmanların haqqı uğrunda mübarizə aparan İran bircə dəfə də olsun, Ermənistandan qovulan din qardaşlarının hüquqlarından danışmayıb.
İran bircə dəfə də olsun, Ermənistanın Göy məscid üzərində nəzarətinə qarşı çıxmayıb. Əksinə, dəfələrlə Göy Məscidin təmirinə pullar ayırıb, buranı İran-Ermənistan dostluğunun və “ortaq mədəni irsinin” simvolu adlandırıb.
Hazırda məsciddə fars dili kursları keçirilir. Məscid kompleksindəki mərasim zalına erməni şairi Yeğişe Çarentsin adı verilib, hətta büstünün qoyulması da planlaşdırılır.
İranın Ermənistandakı səfiri Xəlil Şirqulami dəfələrlə “Göy məscid erməni-İran məscidi olub və belə qalacaq” açıqlaması verib.
Amma 2022-ci ilin fevral ayında İrəvanda beynəlxalq tədbirdə iştirak edən azərbaycanlı deputatlar Göy Məscidə gedib ibadət etdikdən sonra, İranın Ermənistandakı səfirliyi həmin onların məsciddə ibadət etməsini qınamışdı.
Tehran Qüdsdəki Əl-Əqsa məscidinə göstərdiyi diqqətin bircə faizini belə Göy Məscidə göstərmədi. Bütün bunlar İranın əlində bayraq etdiyi İslam həmrəyliyinin əslində öz geosiyasi maraqlarına, Azərbaycan türklərinə qarşı nifrətə əsaslanan fars millətçiliyinə xidmət edən vasitə olduğunu göstərir.
Bu gün Qüdsdə 400 minə yaxın müsəlman (təxminən 37 faiz) yaşayır. Amma Ermənistan ərazisində bircə nəfər də azərbaycanlı yoxdur.
İranın əsas məqsədi Ermənistandakı Azərbaycan dini və mədəni abidələrini məhv etməkdir. Tehran bununla özünün də üzv olduğu İslam Əməkdaşlığı Təşkilatının 4-5 may 2024-cü il Banjul Sammitinin və sonrakı nazirlər iclaslarının Ermənistandakı Azərbaycan dini və mədəni irsinin məhvinin qarşısının alınmasına dair müsəlman ölkələrinin birgə səylərinə çağırış edən qərarlarını pozur.