Başda Səfər Əbiyev olmaqla, 8 generalın Silahlı
Qüvvələrdən ehtiyata buraxılması orduda çox ciddi və əsaslı
dəyişiklikləri göstərməklə yanaşı, həm də bu suala aktuallıq
qazandırır.
Bu dəyişikliklər nəyə xidmət edir? Bəlkə müharibəyə
hazırlaşırıq? Axı bu ilin mayında atəşkəs haqqında razılaşmanın
müddəti bitir. Deməli, ya yeni razılaşma əldə olunmalı, ya da
məsələ hərbi yolla həllini tapmalıdır. Sabiq müdafiə naziri Dadaş
Rzayevin fikrincə, bu məsələdə sensasiya axtarmağa dəyməz.
Müsahibim deyir ki, generallar yaşa görə təxris olunublar.
Yaxşı bəs onda bu 20 ildə niyə bir general da qəfildən və yaxud
aparılan yoxlamalar nəticəsində ehtiyata göndərilmirdi? Sualın
cavabından asılı olmayaraq nəticə budur ki, baş qərərgahda yüksək
hərbi vəzifələr tutan generalların ehtiyata buraxılması həmin
postları daha ciddi adamlarla möhkəmləndirmək mahiyyəti daşıyır.
Bəs yaxşı ehtiyata göndərilən bu generallar ordunun inkişaf
tarixində nə ilə yadda qaldılar?
Məsələn, Səfər Əbiyev düz 20 il müdafiə naziri kürsüsündə
əyləşib. Onu hətta parlament tribunasından belə kabinet naziri kimi
xarakterizə ediblər. Yəni, Səfər Əbiyev ciddi bir islahatı və yaxud
Qarabağ münaqişəsində əhəmiyyətli taktiki gedişi ilə fərqlənməyib.
Əksinə orduda idarəçilik böhranı, korrupsiya, intriqalar, əsgər
ölümləri və s. Səfər Əbiyevi vaxtaşırı tənqid hədəfi kimi gündəmə
gətirib. Amma ordunun maddi-texniki təchizatında, silahlanmasında
konstruktiv dəyişikliklər də olub ki, bunu da danmaq olmaz. Yəni bu
gün Azərbaycan ordusu zənnimcə torpaqlarımızı azad etmək gücündə və
qabiliyyətindədir.
Və yaxud Məmməd Beydulalyev uzun müddət nazir müavini olub,
ordunun kadr siyasətini yönəldib. Hərbi məktəblər onun zamanında
yeni statusda, Türkiyə silahlı quvəvləri ilə əməkdaşlıq
çərçivəsində formalaşdırılsa da, sonradan bu təhsil sistemi dağılıb
və köhnə sistemə uyğunlaşdırılıb. Bunun nəticəsidir ki, bu gün ali
məktəblər sırasında ali hərbi məktəblər ən aşığı nüfuza malikdir və
bu məktəblərə də elə ən aşığı balla daxil olanlar var.
Hər halda, müəyyən tərədüddlü məqamlar olsa da, atəşkəsin
vaxtının bitdiyi bir məqamda orduda bu dəyişikliklər bizi Qarabağ
münaqişəsinin həllindəki dəyişikliklərə ruhlandırır. Təki, bu,
şəhidlərimizin ruhunun sevinməsi ilə nəticələnəydi.. (ANS)
)