Azərbaycanın Baş prokuroru Zakir Qaralov Beynəlxalq
Prokurorlar Assosiasiyasının prezidenti Gerhard Yaroşu qəbul
edib.
Baş Prokurorluğun mətbuat xidmətindən
"Axar.az"a verilən məlumata görə, aprelin 8-də
Azərbaycanın Baş prokuroru Z.Qaralovun dəvəti ilə ölkəmizdə səfərdə
olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) prezidenti,
Avstriya Prokurorlar Assosiasiyasının rəhbəri G.Yaroşun başçılıq
etdiyi nümayəndə heyəti Baş Prokurorluqda olub.
Qonaqlara son illər Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən
islahatlar, qanunverici və praktiki tədbirlər, əldə olunan
nailiyyətlər, o cümlədən uğurla reallaşdırılan məhkəmə-hüquq
islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri
normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü
islahatların aparılması barədə ətraflı məlumat verilib. Baş
prokuror korrupsiya ilə mübarizə sahəsində Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə söhbət
açaraq idarənin müsbət iş təcrübəsinin daha geniş mütəxəssis
kütləsinə çatdırılması üçün Baş İdarənin rəisi Kamran Əliyevin
BPA-nın konfranslarının birində çıxışının təşkil edilməsini,
həmçinin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin və onun tərkibində fəaliyyət göstərən "ASAN xidmət"
mərkəzlərinin korrupsiyaya qarşı mübarizə vasitəsi kimi uğurlu
model olaraq Avropada təşviqi və BPA-da təqdimatlarının
keçirilməsini təklif edib.
Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikası
arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən G.Yaroş təmsil
etdiyi qurumun fəaliyyətinə ölkəmizin verdiyi mühüm töhfələri və
görülən digər səmərəli tədbirləri yüksək
qiymətləndirib.Korrupsiyaya qarşı mübarizə sahəsində
respublikamızda həyata keçirilən tədbirlərin əhəmiyyəti nəzərə
alınaraq quruma üzv dövlətlərin ədliyyə, prokurorluq və digər hüquq
mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi
və təcrübə mübadiləsinin aparılmasının vacibliyi xüsusi vurğulanıb.
G.Yaroş BPA-nın tədbirlərində Baş prokuror yanında Korrupsiyaya
qarşı Mübarizə Baş İdarəsinin müsbət iş təcrübəsinin təbliği ilə
bağlı təqdimatların keçirilməsi barədə irəli sürülmüş təklifləri
müsbət qarşılamaqla yanaşı, korrupsiya ilə mübarizə sahəsində əldə
edilmiş təcrübənin bölüşdürülməsi üçün birgə veb saytın yaradılması
təklifi ilə çıxış edib.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi
aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla
davam etdiriləcəyinə əminlik ifadə edilib.
Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə
tanış olub. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi,
Azərbaycan-Beynəlxalq Prokurorlar Assosiasiyası münasibətlərini
özündə əks etdirən ekspozisiyalar onlarda xüsusi təəssürat
oyadıb.
Qonaqlar milli memarlıq üslubunda və müasir standartlar
səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsinin yeni inzibati binasına gələrək müasir hüquq
ədəbiyyatı, normativ-hüquqi aktlarla zənginləşdirilmiş, digər
dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş
kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş "Qaynar xətt"
əlaqə mərkəzi, digər dövlət qurumlarının məlumat bazalarına çıxışı
olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə
edilməsi mərkəzi ilə yaxından tanış olublar.
Daha sonra G.Yaroş Beynəlxalq Prokurorlar Assosiasiyasının
İcraiyyə Komitəsinin üzvü olan Baş prokuror yanında Korrupsiyaya
qarşı Mübarizə Baş İdarəsinin rəisi K.Əliyev, habelə BPA-nın gənc
üzvləri ilə görüşüb. Görüşdə Avstriya Prokurorluğunun və Beynəlxalq
Prokurorlar Assosiasiyasının fəaliyyət istiqamətləri barədə ətraflı
məlumat verilib, gənc prokurorlar onları maraqlandıran aktual
məsələlərə, o cümlədən çirkli pulların yuyulması və cinayət yolu
ilə əldə edilmiş aktivlərin qaytarılması, korrupsiya və mütəşəkkil
cinayətkarlıqla mübarizə məsələlərinə dair suallar verməklə
qarşılıqlı fikir mübadiləsi aparılıb.