"Ermənistanda ən kiçik piket və aksiyalarda belə
provokatorların sayı adi normal insanların sayı ilə müqayisədə iki
dəfə çox olur"
Tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyan öz soydaşları
arasında nadir şəxslərdəndir ki, Dağlıq Qarabağın Azərbaycanın
torpağı olduğunu açıq-aşkar etiraf edir. Məhz son zamanlar baş
vermiş hadisələr, ümumiyyətlə, Ermənistandakı vəziyyətlə bağlı onun
fikirlərini öyrəndik.
"Qaraparak" qəzeti Rusiya Federasiyasının Ermənistandakı
səfirinin parlament qarşısında çıxışı zamanı Dağlıq Qarabağ
məhsullarının maneəsiz Gömrük İttifaqına daxil olacağını bildirib.
Bununla da Qarabağın Gömrük İttifaqının bir parçası olacağını
söyləyib. Bu, nə dərəcədə realdır?
- Putin Rusiyasının siyasəti
provokasiya və şantaj üzərində qurulub. Əgər oyun qaydasız
oynanılırsa, o zaman nəyin real, nəyinsə qeyri-real olduğunu
söyləmək çox çətindir. Bu, istənilən halda Qarabağda yaşayan
insanların problemlərini həll etməyəcək.
Ermənistan və Azərbaycan prezidentlərinin növbəti
görüşündən hansı gözləntiləriniz var?
- Heç bir şey.
Necə düşünürsünüz, Dağlıq Qarabağ konfliktinin həlli
nədən asılıdır?
- Problem Putin rejiminin
Cənubi Qafqaz regionundan gedişi ilə həll olunacaq. Bu rejimdən
xilas olmağa kömək edəcək ən kiçik addım belə Qarabağ konfliktinin
həlli üçün irəliyə doğru atılmış addım olar.
Konfliktin həll modelini necə görürsünüz?
- Bu, çox çətin sualdır.
Konfliktin həlli tarixin gedişindən asılıdır. Hazırda təbii olaraq
Qarabağın kimə aid olması, onun statusu ilə bağlı sualların önəmi
artır. Tarix göstərir ki, bütün ərazi münaqişələrinin həllinin
tərəflər üçün hətta bir neçə məntiqi həll variantı var. Təəssüf ki,
nə hökumətlərin, nə də ki, dünya ictimaiyyətinin konfliktin
həllində heç bir marağı yoxdur. Bizim xalqların daxilində nə isə
dəyişməlidir. Gərək daxildə yeni proses, mədəni inqilab, beyinlərin
inqilabı başlasın. Putin və onun rejimi mütləq Qafqazdan
getməlidir. Ümumiyyətlə, onlar Rusiyadan getsələr, daha əla
olar.
Son zamanlar yenidən Ermənistan Türkiyə sərhədlərinin
açılması fikirləri gündəmə gəlib. Sizcə bu, Ermənistanın inkişafına
nə dərəcədə kömək edəcək?
- Türkiyə ilə sərhədlərin
açılması Ermənistan üçün vacib məsələlərdəndir. Lakin hər şeydən
əvvəl sosial-mədəni sferada əlaqələrin güclənməsi daha çox önəm
kəsb edir. Mən erməni bazarının assimilyasiyası və ələ keçirilməsi
haqqında ənənəvi söyləntiləri nəzərdə tutmuram. Nəzərdə tutduğum
odur ki, Türkiyə ilə tam qonşuluq Ermənistan üçün sadəcə, azad
nəfəs almaq deməkdir. Bu, həmçinin, Putin rejimindən azad olmaq
üçün növbəti addım olacaq.
Hazırda Ermənistanda yaşayan
ermənilər Qarabağ konfliktinin həlli ilə bağlı nə
düşünürlər?
- Ermənistanda yaşayan insanlar Qarabağ konflikti ilə bağlı heç
bir şey fikirləşmirlər. Düşünmək onların nəyinə lazımdır?
Əsəblərini korlayıb depressiyaya düşmək üçünmü?
Ermənistandakı siyasi
sistemə xalqın böyük etirazı olduğu sizin medianızdan da görünür.
Sizcə, hakimiyyətlə xalq arasında davam edən bu mübarizə nə ilə
bitəcək?
- Xalq sistemə yox, Ermənistan
hakimiyyətində təmsil olunan şəxslərə nifrət edir. Xalq onların
ağılsızlığına, qəddarlığına, ədalətsizliyinə, riyakarlığına nifrət
edir. Amma hökumətlə mübarizə yoxdur. Mafiyanın bütün resursları və
Putinin təmsilçiləri bu mübarizənin başlamaması üçün çalışırlar.
Siyasi mərtəbədən danışmıram, orada rejimi dəstəkləmək üçün hər
kəsin öz rolu var. Hazırda Ermənistanda ən kiçik piket və
aksiyalarda belə provokatorların sayı adi normal insanların sayı
ilə müqayisədə iki dəfə çox olur. İnsanları şantaj edir və yaxud
nəyəsə məcbur edirlər. Bunların hamısının təhlükəsizlik işçilərinin
nəzarəti altında keçirilməsi isə reallıqdır.