Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Azadlıq" və
"Yeni Müsavat" qəzetləri ilə bağlı irəli sürülən iddialara
münasibət bildirib.
Şöbə müdiri deyib ki, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi
siyasət cəmiyyətdə demokratik dəyərlərin, o cümlədən söz və məlumat
azadlığının, liberal media mühitinin inkişafına xidmət edir və öz
ardıcıllığı, prinsipiallığı ilə seçilir:
"Azərbaycan dövləti uzun illərdir ki, heç bir fərq qoymadan
kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının
inkişafına hərtərəfli dəstək göstərir. Son 5 ildə isə bu dəstək
daha sistemli xarakter almış, yardımların həcmi böyümüş, eyni
zamanda jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi üçün
silsilə tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Buna görə də
hakimiyyətin guya müstəqil medianı sıradan çıxarmaq niyyətində
olması ilə bağlı irəli sürülən iddialar tam əsassızdır".
Əli Həsənovun sözlərinə görə, hər bir demokratik ölkədə olduğu
kimi, Azərbaycanda da ictimai tələbat media orqanlarının reytinqini
formalaşdıran əsas amildir:
"Vətəndaşlar məlumat almaq üçün daha çox obyektiv və operativ
informasiya daşıyıcısı olan, eyni zamanda, tərəfsiz, davranış
qaydalara riayət edən, ayrı-ayrı marginallaşmış siyasi qrupların,
biznes subyektlərinin, müxtəlif xarici dairələrin maraqlarına
deyil, bütövlükdə cəmiyyətin mənafeyinə xidmət edən kütləvi
informasiya vasitələrinə üstünlük verirlər. Artıq yanlış və qərəzli
informasiyalarla, reallıqdan uzaq mülahizələrlə cəmiyyəti çaşdırmaq
istəyən, qalmaqal yaratmaqla tirajlarını artırmağa cəhd göstərən,
təhqir və böhtanın adiləşdiyi media orqanları ictimai tələbat
subyektləri kimi öz funksionallığını, oxucu auditoriyasını
itirməkdədirlər. Təəssüf ki, bəzi müxalifət qəzetləri düşdükləri
vəziyyətdən düzgün çıxış yolu tapmaq əvəzinə, diqqəti problemin
mahiyyətindən yayındırmağa və məsələni siyasiləşdirməyə çalışırlar.
Onların bu yolla öz maddi durumlarını düzəltmək cəhdləri hətta
qısamüddətli perspektiv baxımından səmərəli hesab oluna bilməz.
Yeganə çıxış yolu mövcud vəziyyəti ayıq başla, obyektiv şəkildə
təhlil etmək və öz fəaliyyətlərində dönüş yaratmaqdan keçir" (
Trend ).