"Siyasi Məhburslarsız Azərbaycan" İctimai Təşkilatının
yaydığı və cəzaçəkmə müəssisəsində dözülməz şəraitin olması ilə
bağlı məhbuslar adından Prezident İlham Əliyevə ünvanlandığı
bildirilən məktuba Penitensiar Xidmətdən qəribə cavab
verilib.
Penitensiar Xidmətin mətbuat xidmətindən Axar.az-a bildirdilər
ki, bu barədə mediaya açıqlama veriblər və biz o açıqlamadan
istifadə edə bilərik.
Beləliklə, biz də həmin məlumatdan istifadə edirik: Penitensiar
Xidmətin Modern.az-a açıqlamasında bildirilir ki, "Özünü "Siyasi Məhbuslarsız Azərbaycan"
İctimai Birliyi adlandıran ictiami qurum heç bir qeydiyyatdan
keçməyib. Vaxtaşırı DÜZGÜN, ƏSASSIZ OLMAYAN məlumatlarla
məhkumların adından çıxış ediblər".
Bu ifadədən belə məlum olur ki, "Siyasi Məhbuslarsız Azərbaycan"
İctimai Birliyinin açıqlamaları vaxtaşırı olur və həmişə də
"düzgün", "əsassız olmayan" (yəni əsaslı) məlumat yayırlar.
Penitensiar Xidmətdən verilən növbəti cümlədə isə yalnız indiki
açıqlamanın "anonim cəfəngiyyat" olduğu söylənilir:
"İlkin araşdırmaya görə, adları
göstərilən iki nəfər ümumiyyətlə cəzaçəkmə yerində olmayıb. Ona
görə də bildiririk ki, bu, anonim cəfəngiyatdan ibarət bir
müraciətdir. Belə hallara dəfələrlə cavab verilib".
Sual da burdan yaranır ki, həmişə əsaslı, düzgün məlumat yayan
birlik indi görəsən niyə qeyri-dəqiqlik edib?
Xatırladaq ki, adı çəkilən
alyansın yaydığı məlumatda iyunun 6-da 12 saylı cəzaçəkmə
müəssisəsində saxlanan bir qrup məhbus adından prezident İlham
Əliyev başda olmaqla, bir sıra vəzifəli şəxslərə müraciət
göndərdiyi qeyd edilib.
Müraciətdə cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədova, onun
müavini Qaçay Aslanova və başqalarına ciddi ittihamlar irəli
sürülür. Məhbuslar bildirirlər ki, dustaqxanada korrupsiya,
özbaşınalıq, işgəncə, narkotik maddə satışı baş alıb gedir. İmkanlı
məhbuslara əlavə şərait yaradılıb, imkansızlarsa alçaldılır.
Amma Pentensiar xidmətin rəsmisi Yaşar İsakov bildirib ki, dünən
yayılan müraciətdən sonra siyahıda adları olan məhkumların xidmət
rəhbərliyinə müraciəti daxil olub.
"Müraciət Orucov Arzu, Baxşıyev Tofiq , Cabbarov tərəfindən
olub. Onlar qəti şəkildə bildirirlər ki, belə bir müraciət
etməyiblər. Hətta orada adı qeyd olunan məhkum Əliyev Tərlan
ümumiyyətlə cəzaçəkmə müəssisəsində yoxdur. Məhkumlar xidmət
rəhbərliyinə müraciət ediblər ki, "bizim və məhkum yoldaşlarımızın
adından internet saytlarda dərc olunmuş yazılı müraciətin kim
tərəfindən yazıldığını aydınlaşdırmaqdan ötrü köməklik
göstərəsiniz"".
Yaşar İsakov həmçinin vərəmli xəstələr məsələsinə də aydınlıq
gətirib: "Orada göstərilir ki, müəssisədə 700 vərəmli məhkum var.
Vərəmə qarşı mübarizədə Azərbaycan təcrübəsi bu gün dünyada bir
modeldir. Bunu biz demirik. Beynəlxalq təşkilatların, o cümlədən
Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi mövqeyidir. Bütün bunlar tam
absurddur. Bu rəqəmdən görünür ki, müraciətdə yazılanlar
başdan-ayağa cəfəngiyatdır".