Azərbaycan Müdafiə Nazirliyi bu gün mətbuatda
ermənilərin Naxçıvandakı yüksəkliklərdən birini ələ keçirib
fotolarını paylaşması ilə bağlı yayılan xəbərlərə aydınlıq
gətitib.
Axar.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki,
açıqlamada yayılan məlumatın uydurma olduğu bildirilib.
"Bu gün yerli elektron kütləvi informasiya vasitələrində erməni
mənbələrinə istinadən Naxçıvan Muxtar Respublikasının ərazisində
düşmən tərəfindən ərazimizdəki yüksəkliklərin guya ələ keçirilməsi
ilə bağlı məlumat və fotolar yayılıb.
Bildiririk ki, ilk olaraq bu yazı və fotolar erməni mətbuatının
Azərbaycana qarışı yalanla zəngin və daim qatı düşmənçiliyi ilə
seçilən Levon Məlik-Şahnəzəryana məxsus olan saytda
yerləşdirilib.
Təhrif olunmuş, yanlış və səhv fikirlərlə dolu məqalə, o
cümlədən, qeyri-müəyyən məkanda çəkilərək ona əlavə edilmiş bu
fotolar erməni tərəfinin təbliğat xatirinə hazırladığı və daxili
auditoriyaya ünvanladığı növbəti uydurmadır.
Təəssüf doğuran isə odur ki, əksər erməni informasiya
agentliklərinin bu xəbəri istifadə etmədikləri halda, Azərbaycanın
elektron informasiya vasitələri bu məlumatı tirajlamaqla düşmən
təbliğatına şərait yaradırlar. Müdafiə Nazirliyi rəsmi olaraq
bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında
və ictimaiyyətimiz arasında çaşqınlıq yaratmağa cəhd
göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir".
Nazilrik yayılan məlumatların heç bir əsasının olmadığını bunun
və ermənilərin növbəti dezinformasiyası olduğunu bildirib:
"Naxçıvan Muxtar Respublikasında əməliyyat şəraiti Əlahiddə
Ümumqoşun Ordusunun tam nəzarəti altındadır və qoşunların təmas
xəttində heç bir yerdəyişmə yoxdur. Adı çəkilən məkanda isə
"neytral ərazi" anlayışı ümumiyyətlə mövcud deyildir.
Bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrindən bu
kimi erməni yalanlarına uymamağı və ermənilərin yaydığı xəbərlərin
təbliğatını apamamağı tövsiyə edirik".