Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin
təşkilatçılığı, Təhsil və Gənclər və İdman nazirliklərinin dəstəyi
ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci
ildönümünə həsr edilmiş "Gənc xilasedici və yanğınsöndürən" III
Ümumrespublika birinciliyi və "Gənc xilasedici" II Beynəlxalq
yarışlarına yekun vurulub.
Axar.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən
xəbər verir ki, yekun tədbirlərində Azərbaycan Respublikasının
Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov,
Təhsil naziri Mikayıl Cabbarov və Gənclər və İdman nazirinin
müavini İsmayıl İsmayılov iştirak ediblər.
Yekun tədbirləri Qəbələ Atıcılıq Klubunun ərasizində gənc
xilasedicilərin nümunəvi təlim çıxışları ilə başlayıb.
FHN Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin rəisi,
general-mayor Elşad Hüseynov nazir, general-polkovnik Kəmaləddin
Heydərova raport verib.
Nümunəvi təlim çıxışlarında Azərbaycan, Türkiyə, Rusiya,
Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Belarusdan olan təmsilçilər,
həmçinin respublika birinciliyi uğrunda yarışların qalibi olmuş
rayonlarımızın komandaları iştirak ediblər. Komandalar
"Axtarış-xilasetmə işi" üzrə kinoloqların dəstəyi ilə əməliyyatları
nümayiş etdiriblər.
Sonra nazirlər Kəmaləddin Heydərov və Mikayıl Cabbarov "dəyirmi
masa" tədbirində müxtəlif ölkələrdən gəlmiş gənc xilasedicilərin
suallarını cavablandırıblar. Onlar bildiriblər ki, belə yarışların
keçirilməsi gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə
əldə etmələrinə geniş imkanlar açacaq. Türkiyəli, rusiyalı,
qazaxıstanlı, qırğızıstanlı, gürcüstanlı və belaruslu gənc
xilasedicilər bu cür yüksək səviyyəli tədbirin keçirilməsi üçün
Azərbaycan Fövqəladə Halar nazirinə təşəkkürünü bildiriblər.
Yarış iştirakçılarının mükafatlandırılması mərasimi Qəbələ
Mədəniyyət Sarayında keçirilib.
Mərasim gənc xilasedicilərin səhhnələşdirdikləri və iştirak
etdikləri təbii və texnogen mənşəli fövqəladə halara dair
kompozisiya ilə başlayıb. Yarışlar haqqında Azərbaycan FHN-nin
hazırladığı video-çarx da nümayiş etdirilib.
Qonaq ölkələrin komandalarının milli rəqs və mahnılarını ifa
etməsi mərasimə xüsusi rəng qatıb.
Sonda nazirlər Kəmaləddin Heydərov, Mikayıl Cabbarov və gənclər
və idman nazirinin müavini İsmayıl İsmayılov qalib komandalara
mükafatları təqdim ediblər. Onlara fəxri fərman və qiymətli
hədiyyələr təqdim edilib.
Nazir Kəmaləddin Heydərov ümumrespublika yarışlarının qalibi
Siyəzən rayonu komandasına və beynəlxalq yarışların iştirakçısı
olan Türkiyə, Gürcüstan, Belarus, Qazaxıstan, Rusiya və Qırğızıstan
komandalarına mükafatları təqdim edib.
Beynəlxalq yarışlarda birinci yeri Rusiya Federasiyası, ikinci
yeri isə Azərbaycan komandaları tutublar. Nazir Kəmaləddin Heydərov
gənc xilasedicilərə uğurlar diləyib.