Müdafiə Nazirliyinin Şəxsi Heyət baş idarəsi tərbiyə
işləri idarəsinin rəisi, general-mayor Vaqif Məmmədovun vəzifədən
kənarlaşdırılmasının səbəbləri ilə bağlı ilginc məlumatlar
yayılıb.
"Axar.az"ın "AzNews.az"a istinadən xəbərinə
görə, bir neçə gün əvvəl məzuniyyətə göndərilməsi adı ilə
vəzifəsindən kənarlaşdırılan Vaqif Məmmədov nazirlikdəki kadr
dəyişiklikləri ilə bağlı xəbərlərin mətbuata çıxmasında şübhəli
bilinib. Məlumatı bizimlə bölüşən mənbənin dediklərinə görə, Səfər
Əbiyevin əsas kadrlarından biri kimi tanınan general keçmiş "şef"i
işdən çıxarılandan sonra mediaya yol tapan məlumatları hərbi
ekspert, jurnalist Üzeyir Cəfərovun vasitəsilə həyata keçirirmiş.
Ü.Cəfərovun nazirlikdə baş verən kadr dəyişiklikləri və
generalların məzuniyyətə göndərilmələrinin əsl səbəbləri haqda son
günlər mətbuata yeni xəbərlərin verə bilməməsinin kökündə də bu
dayanır.
Xatırladaq ki, ötən həftə general-mayor Vaqif Məmmədovun hələlik
məzuniyyətə göndərildiyi, ancaq onun sonradan vəzifəsi ilə
vidalaşacağı barədə xəbəri yaymışdıq. İlkin məlumat kimi orduda
qeyri-döyüş itkilərinin artmasında məhz V.Məmmədovun adı
hallandırılıb. Həmçinin, V. Məmmədovun kənd təsərrüfatı nazirinin
sabiq müavini, keçmiş müdafiə naziri ilə kirvəliyi olan Aslan
Aslanovla bağlılığı da xüsusi yer tutub. Xəbərə münasibət bildirən
Üzeyir Cəfərov isə bildirib ki, Vaqif Məmmədovla onun şəxsi
münasibətləri heç zaman olmayıb. Yalnız orduda xidmət etdiyi dövrdə
bir neçə dəfə ümumi tədbirdə iştirak ediblər: "Çünki biz ayrı-ayrı
qoşun növlərində xidmət etmişik. Heç bir zaman da yollarımız
kəsişməyib. O mənim güdazıma gedə bilməz. İnformasiyanın bu şəkildə
mətbuata yol tapması da maraqlıdır. Əgər belə bir əlaqəmiz olsaydı,
açıq şəkildə deməkdən çəkinməzdim".
Ü.Cəfərov əlavə edib ki, kadr siyasəti ilə bağlı məlumatları
müdafiə nazirinin ən yaxın çevrəsindən alıb: "Hətta Baş Qərargah
rəisi Nəcməddin Sadıqovun yaxın ətrafında olub, məcburən onun
əmrlərinə tabe olan adamlar da baş verənlərlə bağlı mənimlə öz
fikirlərini bölüşürlər və faktları çatdırırlar. Söhbət burada
döyüş-əməliyyat məlumatlarından getmir. Nəcməddin Sadıqovun atmaq
istədiyi addımlar, etdiyi hərəkətlər, qeyri-qanuni işlər, zabitlərə
qarşı təhqirləri, həmin şəxslərin gözü qarşısında olub. Buna görə
də çəkinmədən deyirəm ki, açıqlamışam, açıqlayıram və bundan sonra
da mətbuata Müdafiə Nazirliyində baş verən neqativ halları
açıqlayacağam".
Ü.Cəfərov qeyd edib ki, onun nazirlikdəki kadr dəyişiklikləri
ilə bağlı xəbərləri ordu rəhbərliyi üçün avantaj rolunu oynayıb:
"İlk gündən Zakir Həsənovun təriflənilməsi mövqeyində dayanmağın
əleyhdarı olmuşam. Artıq onun nazir təyin olunmasının bir ayı tamam
oldu və gördüklərimin yalnız az hissəsini açıqlamışam. Yəqin ki,
Müdafiə Nazirliyində son bir ayda baş verənlərlə bağlı mətbuat
konfransı keçirəcəyik. Bu konfransda mətbuatın diqqətinə çox incə
məqamları çatdırcayıq".