"Bu xəbərdən çox sarsıldım. Çox ağır itkidir. Bu, artıq
faciədir. Xırda bir vəziyyətdə müdafiədə bu qədər itkilər
veririksə, bu, nə deməkdir? Belə müdafiə qurularmı?"
Bu sözləri Axar.az-a açıqlamasında Müdafiə nazirinin keçmiş
müavini İsa Sadıqov deyib. O, bunun səbəbinin mütləq şəkildə
araşdırılmalı olduğunu bildirib:
"Səngərdə əsgər hazırlanmaz, əsgər təlim meydanlarında
olmalıdır. Məsələnin baş verməsi səbəbi ilə bağlı fərziyyəm var,
ancaq istəməzdim ki, onu ictimailəşdirək. Heyf itirdiklərimizə,
inanmaq istəmədiyim itkidir. Bu, ola bilsin ki, Kəlbəcərə
azərbaycanlıların bir neçə dəfə gizlin keçməsinə cavab olaraq
erməni-rus kəşfiyyatının atdığı addım olsun. Ancaq bunların hamısı
fərziyyədir. Dəqiq olan odur ki, ordumuzda ciddi problemlər var və
bunun əsas səbəbkarı Müdafiə Nazirliyinin vəziyyəti düzgün
qiymətləndirməməsidir".
Hərbi ekspert 11 itki verməyimizin həm dəhşətli bir fakt, həm də
hərbi aləmdə utancverici reallıq kimi qiymətləndirildiyini
bildirdi:
"Bir əməliyyatla 11 nəfərin ölməsi nə qədər acıdırsa, bir o
qədər də utancvericidir. Həmin ərazidəki korpus, komandanlıq
Müdafiə Nazirliyinin, Müdafiə Nazirliyi isə Baş Komandanlığın
qarşısında məsuliyyət daşıyır bu fakta görə. Hərbinin qaydası
belədir ki, qorxan tərəf heç zaman bu cür əməliyyat keçirməz.
Nəinki əməliyyat keçirməz, heç güllə də atmaz. Fikirləşər ki, güllə
ataram, qarşı tərəf məni məhv edər. Deməli, düşmən bizdən, hərbi
qüdrətimizdən çəkinmir. Bütün parametrlərlə ermənilərdən qat-qat
güclü olan ordumuzdan düşmən niyə qorxmur? Bunların səbəbi ordu
rəhbərliyindədir".
İsa Sadıqov hücum edən tərəfin daha çox itki verdiyini də
qabardıb:
"Hərbidən anlayışı olan hər adam bilir ki, daha çox itkini hücum
edən tərəf verir. Biz 11 nəfər itirmişiksə, hücuma keçən ermənilər
neçə nəfər itki verib? Müdafiə Nazirliyi niyə bu faktları
açıqlamır? Niyə hələ də itkiləri hesablamaqla məşğuldur? Bu, nəyin
hesablamasıdır axı? Diqqət edirsinizmi, istirahət günləri Müdafiə
Nazirliyi atəşkəsin pozulması ilə bağlı xəbər də yaymır. Məgər,
istirahət günləri atəşkəs pozulmur? İndi də yəqin iş gününün yeni
başladığı əsas gətiriləcək. Düşmən gecə yarı hücuma keçibsə,
Müdafiə Nazirliyi yatmayıb demək. Bəlkə, yatıb, ona görə hələ də
xəbərləri dəqiqləşdirməklə məşğuldur? Bunlara aydınlıq
gətirməlidirlər".