Yuxarı

İYİ sökülür: qurucular niyə istefa verdi? – Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində seçkiyə qədər partiya daxilində bu cür təlatümlərin yaşanması mümkün haldır. Yəni bu mənada əslində Türkiyənin daxili siyasətində qarşıda çox maraqlı proseslərin olacağını deyə bilərik.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu Türkiyənin İYİ Partiyasında gözlənilməz istefalara münasibət bildirərkən deyib. Analitikin sözlərinə görə, Türkiyənin siyasi partiyaları hansısa bir partiya ilə koalisiyaya girməzdən əvvəl partiyanın daxilində belə hallar yaşanır:

“Akşənərin Səadət və Demokrat partiyaları ilə seçkilərdə birgə addımlamaq istədiklərini bəyan etməsindən sonra yeni yaranan siyasi partiyanın qurucularının istefa verməsi əslində maraqlı sualların ortaya çıxmasına səbəb olur. İnsanları əsas düşündürən məsələ budur ki, İYİ Partiyası ilk başlayanda dediyi ideyalara nə dərəcədə uyğun addımlar atır. Çünki, bildiyimiz kimi, İYİ Partiyasının yaranmasının məqsədi AKP-yə alternativ olaraq sağ mərkəzdə ciddi təşkilatlanmış bir qüvvə ortaya qoymaq idi. Bu səbəbdən də sol və sağ mərkəzdən olan bir çox şəxs İYİ Partiyasına axışdı. MHP-dən də, CHP-dən də bu keçidlərin şahidi olduq. Nəticədə mövcud iqtidara alternativ olan qüvvə mərkəzi yaradıldı. Belə bir güc mərkəzinin bu missiyanı nə dərəcədə yerinə yetirib-yetirməyəcəyi isə partiyanın sonrakı fəaliyyətində özünü göstərməli idi. Artıq ilkin açıqlamalardan belə görünür ki, partiyanın qurucularından istefa verən şəxslər öz istədiklərini, baxışlarını burada tapa bilməyiblər. İYİ Partiyasının vahid ideoloji prinsiplər əsasında yox, sırf dövlətçilik və mərkəzçilik prinsipləri əsasında formalaşması ona inananların sayını artırırdı. Amma bu ideyaların kifayət qədər həyata keçirilə bilməməsi müəyyən mənfi problemləri ortaya çıxarır”.

Analitik qeyd edib ki, Akşənərin seçkilərdə birgə addımlamaq istədiyi Səadət Partiyası daha çox dini meyilli partiyadır:

“Yəni bu istefaları İYİ Partiyasının siyasi-dini elektrota hesablanmış hansısa bir addımlar atması ilə də izah etmək mümkündür. Çünki İYİ Partiyasını quranların böyük əksəriyyəti öz ideyalarına, məqsədlərinə sadiq olan insanlardır. Bu mənada partiyanın siyasi gedişlərindəki müəyyən sapmalar həmin insanların dərhal İYİ Partiyasından çıxmalarına səbəb ola bilər. Bu istefaların olması İYİ Partiyası ilə CHP arasında müttəfiqliyin alınmaması ilə də bağlı ola bilər. İYİ Partiyasının yaradılmasında təkcə MHP-çilərin deyil, CHP-çilərin də müəyyən qatqıları olmuşdu”.

Analitik vurğulayıb ki, İYİ Partiyasının Türkiyə siyasətində bu şəkildə qabarıq ortaya çıxmasında maraqlı xarici qüvvələr, əlbəttə ki, var:

“Ümumiyyətlə, Türkiyə elə bir ölkədir ki, burada yaranan yeni güc mərkəzi, istər-istəməz, regionda geosiyasi maraqları olan böyük güclərin diqqətini cəlb edir və burada öz maraqlarını təmsil etməyə çalışırlar. Bu mənada sözügedən partiyanın da, iqtidar partiyasına alternativ qüc olaraq, Qərbin diqqətində olduğunu vurğulamaq olar. İYİ Partiyasının nə dərəcədə öz yaranma fəlsəfəsinə sadiq qalacağına isə qarşıdakı fəaliyyətində görəcəyik”.

Qeyd edək ki, dünən Türkiyənin İYİ Partiyasının 66 nəfərdən ibarət olan qurucu heyətindən 5 nəfər istefa verib.

Tarix
2018.05.01 / 13:53
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla