Türkiyənin
öz qatı düşmənini yüksək dövlət bayramına dəvət etməyinin səbəbi
başadüşülən deyil.
Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Aydın
Mirzəzadə Feysbukdakı şəxsi profilində çıxış edib.
O, Türkiyədə bir müddət sonra baş tutacaq inauqurasiya mərasimi
haqqında fikirlərini bölüşüb:
"Qardaş, dost Türkiyədə bu günlərdə keçirilən prezident
seçkiləri və ondan sonrakı proseslər hələ də dünya mətbuatının
diqqətindədir. Dünyanın nüfuzlu ölkələrinin birinin atacağı
addımlar və yeridəcəyi siyasətdən regionda və dünyada gedən
proseslərin axarı çox asılıdır. Bu baxımdan Türkiyəyə diqqət bütün
ölkələrin xarici siyasətinin əsas xətlərindən biri olmaqdadır.
Avqustun axırına planlaşdırılan inauqurasiyaya artıq 50-dən çox
ölkənin ən yüksək nümayəndələrinin gəlişi gözlənilir və tədbirə
böyük hazırlıq görülməkdədir.
Ancaq bu gün yayılan xəbər Türkiyənin dostlarını çaşdırmaqdadır.
Ölkə rəhbərliyi inauqurasiyaya Ermənistan prezidenti Serjik
Sarqsyanı da dəvət etmişdir".
Millət vəkili inauqurasiyaya mərasimini təşkil etməyin ölkənin
daxili işi olduğunu qeyd etsə də, mərasimə Türkiyəni "1915-ci il
erməni soyqırımı"nda ittiham edən bir ölkəni dəvət etməyin başa
düşülən olmadığını yazıb: "Dəvət qardaş ölkənin daxili işidir və
heç kəs onlara bu məsələdə məsləhət verə bilməz. Ancaq Türkiyənin
öz qatı düşmənini yüksək dövlət bayramına dəvət etməyinin səbəbi
başa düşülən deyil.
Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır və rəsmi dövlət
siyasətində Türkiyənin böyük bir ərazisinə iddia edir. Erməni
dövləti bütün dünyada Türkiyəni uydurma "1915-ci il erməni
soyqırımında" ittiham edir və artıq 20-dən çox dövlətin bu
uydurmanı qəbul etməsinə nail olub. Erməni terror təşkilatları
vaxtaşırı xaricdəki türk səfirliklərinə qarşı terror hərəkətləri
ediblər və hələ də bu addımlarından əl çəkmirlər. Ermənistan tarix
kitablarında və mədəniyyət əsərlərində Osmanlıya və Türkiyəyə qarşı
olmazın ittihamlar irəli sürür. Elə S.Sarqsyan da Türkiyəyə
sevgisini bir sıra anti-türk bəyanatları ilə ortaya qoyubdur.
İndi Türkiyənin Ermənistan rəhbərini inauqurasiyaya çağırmaqla
nə eldə etmək istədiyi aydın deyildir. Heç diplomatik protokolda da
düşmən və diplomatik əlaqələri olmayan ölkələrin nümayəndələrinin
dövlətiçi tədbirlərə dəvət edilmə praktikası yoxdur. İnauqurasiya
ilk növbədə dostların məclisidir və orada Ermənistanın statusu heç
də aydın deyildir.
Ermənistan isə Türkiyədəki prezident seçkilərinin nəticələrini
ilk "təbrik" edənlərdən oldu. Moskvada erməni əsilli Rusiya
vətəndaşı 43 yaşlı Artur Mirzoyan 17 avqust tarixində ov tüfəngi
ilə Türkiyənin Rusiyadakı səfirliyinin binasının fasadındakı
Türkiyənin gerbini hədəf alıb və iki güllə atıb.
Verilən məlumata görə isə hər iki güllə hədəfə dəyib".