07:56
Xırdalan şəhərində, Mehdi Hüseynzadə küçəsində 4
mərtəbəli daş binada partlayış olub.
Axar.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə,
binada səhər saat 7 radələrində, qaz sızması səbəbindən baş verən
partlayış nəticəsində xəsarət alanlar var. Hazırda 7 nəfərin
dağıntı altında qaldığı, onlardan 3 nəfərinin uşaq olduğu
deyilir.
Hadisə yerində xilasedicilər işləyir.
08:22
Əməkdaşımızın sözlərinə görə, artıq bir nəfər - Bəkir adlı şəxs
dağıntı altından çıxarılıb. Onun xəsarətinin həyat üçün təhlükəli
olmadığı bildirilir.
Bu arada binanın uçmaq ehtimalına görə xilasedicilər əhalini
binanın önündən uzaqlaşdırmağa çalışır.
09:34
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, 112 qaynar telefon
xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan
şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında
partlayış hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri
hadisə yerinə cəlb olunub. Hazırda xilasedicilər tərəfindən 3 nəfər
xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam
etdirilir. Əlavə məlumat veriləcək.
10:04
Əməkdaşımızın verdiyi xəbərə görə, dağıntılar altında Məharət
Abbasovun özüylə bərabər, həyat yoldaşı, qızı və oğlunun qaldığı
bildirilir. Hazırda xilasedicilər Məharətin həyat yoldaşı Könül
Abbasova və onun qızını dağıntılar altından çıxarırlar. Digər
xilasetmə əməliyyatları davam edir.
Bu dəqiqələrdə Abşeron Rayon Polis İdarəsinin rəisi hadisə yerinə
gəlib.
Qəza yerinə texnika cəlb edilib.
10:47
Əməkdaşımızın verdiyi məlumata görə, uçqunlar altından
çıxarılanlardan biri dünyasını dəyişib. Ərazidə olanlar hadisə
nəticəsində daha bir neçə nəfərin öldüyü gümanındadırlar.
Rayon rəhbərliyinin hadisə yerinə gəldiyi bildirilir.
***
İlkin ehtimala görə, partlayış ikinci mərtəbədə, hamam otağında
baş verib. İkinci mərtəbədə yaşayan Vidadi yanıq xəsarətləri ilə
hazırda xəstəxanadadır. Onun həyat yoldaşının isə öldüyü qeyd
olunur.
Hazırda uçqun altından Məharət Abbasov və Kifayət adlı sakindən
başqa, hamının çıxarıldığı barədə əməkdaşımız məlumat verir.
11:06
Xilasetmə əməliyyatlarına növbəti təhlükə yaranıb. Binanın
uçmasından ehtiyat edən xilasedicilər xüsusi dayaqlarla əməliyyatın
sonuna qədər uçqunun qarşısını almağa çalışırlar (quraşdırılan
dayaqlar sonuncu fotoda).
11:40
Hazırda hadisə yerində Baş prokurorun birinci müavini Rüstəm
Usubov, Abşeron rayon icra başçısı Zakir Fərəcov, polis rəisi
Şəhriyar Şəmşirli, o cümlədən FHN-in yüksək vəzifəli şəxslərinin
olduğu bildirilir.
İctimaiyyətə açıqlama verən rəsmilər dağıntılar altından 8
nəfərin xilas edildiyini. onların hamısının sağ-salamat olduğunu,
ağır xəsarət alanlardan heç kimin dünyasını dəyişmədiyini
bildiriblər. Yaralıların 3 saylı şəhər klinik xəstəxanasına
aparıldığı qeyd olunur.
Evində partlayış olan və yanıq xəsarəti almış Vidadi və onun
xanımı Mətanətin vəziyyəti xüsusilə ağır qiymətləndirilir.