ABŞ-ın
Nyu-York şəhərində BMT Baş Assambleyasının "Əhali və inkişaf üzrə
Qahirə konfransının Fəaliyyət Proqramı"nın 20 illiyinə və onun
gələcək icrası ilə bağlı görüləcək işlərin müzakirəsinə həsr
olunmuş 29-cu xüsusi sessiyası öz işinə başlayıb.
Axar.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi
saytına istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin
rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov
sessiyada çıxış edərək, ölkəmizdə davamlı sosial-iqtisadi inkişaf
şəraitində demoqrafik sabitliyə nail olunması üçün görülən işlər və
əldə olunan uğurlar barədə məlumat verib.
Nazir "Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət
Proqramı"nın qəbul edildiyi 1994-cü ilin Azərbaycanda Ümummilli
lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğuna
başlandığı, yəni həm də bu sənədin reallaşdırılması üçün ilk
imkanların yarandığı dövrə təsadüf etdiyini vurğulayıb:
"Həmin dövrədək isə ölkəmizin ciddi siyasi, iqtisadi və sosial
böhran vəziyyətində olması bu imkanları xeyli məhdudlaşdırmışdı.
Xüsusən də bu vəziyyət Ermənistanın Azərbaycan ərazisinin 20
faizinin işğal etməsi və 1 milyondan çox azərbaycanlının qaçqın və
məcburi köçkünə çevrilməsi ilə daha da mürəkkəbləşmişdi. Təbii ki,
belə gərgin situasiya əhalinin həyat səviyyəsinin kəskin şəkildə
aşağı düşməsinə, bu isə öz növbəsində demoqrafik proseslərin mənfi
istiqamət almasına səbəb olmuşdu".
S.Müslümov artıq 1995-ci ildən Azərbaycanda davamlı iqtisadi
islahatların təməlinin qoyulduğunu qeyd edib. Nazir bildirib ki,
ötən dövrdə ölkəmizdə əldə olunan makroiqtisadi və siyasi sabitlik
şəraitində mühüm sosial islahatlar həyata keçirilməklə, həmçinin
Qahirə konfransının Fəaliyyət Proqramının prinsiplərinin mühüm
inkişaf strategiyalarında tətbiqi üçün müvafiq işlər aparılıb:
"2003-cü ildən Azərbaycan Prezidenti cənab İlham Əliyevin
məqsədyönlü siyasəti respublikanın bütün sahələr üzrə inkişafının
daha da sürətlənməsini, müasir dövlət quruculuğunun geniş vüsət
almasını təmin etmişdir. Qısa bir dövrdə sosial-iqtisadi inkişaf
tempinə görə regionda lider mövqeyə sahib olan Azərbaycan BMT-nin
son hesabatına əsasən, insan inkişafı indeksinə görə 187 ölkə
sırasında 76-cı yerdə qərarlaşıb və yüksək inkişaf səviyyəsinə
malik ölkələr qrupuna daxil olub. Həmçinin, Dünya İqtisadi
Forumunun ilbəil açıqladığı məlumatlarda Azərbaycanın qlobal
rəqabətqabiliyyətlilik reytinqi daim yüksəlir və hazırda ölkəmiz bu
göstəriciyə görə 144 ölkə arasında 38-ci yerdədir".
Ötən 20 ildə Azərbaycanda əhali sakinliyi ilə bağlı məsələlərin
həlli sahəsində həyata keçirilən kompleks tədbirləri diqqətə
çatdıran nazir bildirib ki, postsovet məkanında ilk dəfə olaraq
Azərbaycanda 1999-cu ildə Demoqrafik İnkişaf Konsepsiyası təsdiq
edilib. Konsepsiyanın icrası olaraq, ölkənin demoqrafik
potensialının reallaşdırılması məqsədilə əhali sağlamlığının
möhkəmləndirilməsi, o cümlədən reproduktiv sağlamlıq, təhsilin
keyfiyyətinin artırılması, əhalinin, həmçinin həssas qrupların
məşğulluğunun təminatı, gender bərabərliyinə nail olunması,
miqrasiya proseslərinin səmərəli tənzimlənməsi və s. istiqamətlərdə
mühüm işlər görülüb. Ölkənin mövcud səhiyyə və təhsil
infrastrukturunun demək olar ki, yarısı məhz son 20 ildə yaradılıb:
"Bu müddətdə Azərbaycan əhalisinin sayı 26 faiz artaraq 9,5 milyona
çatıb və hazırda ölkədə əhalinin illik artım tempi 1,3 faiz təşkil
edir. Bu müsbət demoqrafik proseslər eyni zamanda körpə və uşaq
ölümü hallarının müvafiq olaraq 2,3 dəfə və 3,5 dəfə azalması ilə
müşahidə olunub. Doğulanda gözlənilən ömür uzunluğu 4,6 il artaraq
74,2 yaşa çatıb. Uğurlu sosial-iqtisadi inkişaf strategiyası ölkədə
yoxsulluq səviyyəsinin qeyd olunan dövrdə 11 dəfə azalaraq 5,3
faizə, işsizliyin 3,5 dəfə azalaraq 5 faizə enməsinə səbəb
olub".
S.Müslümov Azərbaycanda demoqrafik siyasətin ölkənin milli və
demoqrafik xüsusiyyətlərinə, sosial-iqtisadi şəraitinə uyğun
şəkildə aparıldığını, hazırda 2025-ci ilədək dövr üçün ölkəmizin
əhali sakinliyi və demoqrafik inkişaf üzrə Dövlət Proqramının
hazırlandığını qeyd edib. O, bu prosesdə mötəbər beynəlxalq
qurumlarla, o cümlədən BMT-nin Əhali Fondu ilə fəal əməkdaşlığın
roluna toxunub və bunun qeyd olunan Fəaliyyət Proqramının səmərəli
icrası baxımından da əhəmiyyətini vurğulayıb: "Məlum olduğu kimi,
BMT-nin Minilliyin İnkişaf Məqsədləri 2015-ci ilədək dövrü əhatə
edir və hazırda növbəti dövr üçün yeni təşəbbüslər hazırlanır.
Bununla bağlı olaraq, hesab edirəm ki, hazırkı sessiyada irəli
sürüləcək tövsiyələr əvvəlki məqsədlərin davamı kimi özünü
göstərməlidir və bu tövsiyələr BMT-nin yeni dövr üçün inkişaf
Bəyannaməsinin əsasını təşkil edə bilər".
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi
çərçivəsində dünyada sosial birlik məsələlərinin həlli ilə bağlı
əməkdaşlığa töhfə vermək əzmində olduğunu bildirən S.Müslümov
1994-cü ildə qəbul olunmuş "Əhali və inkişaf üzrə Qahirə
konfransının Fəaliyyət Proqramı"ndakı məqsədlərin icrası
istiqamətində ölkəmizdə bundan sonra da məqsədyönlü səylərin
göstəriləcəyini vurğulayıb.