Azərbaycan
XİN rəhbəri Ermənistan rəhbərliyini faktların və sülh prosesinin
saxtakarlığında ittiham edib.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov şənbə günü BMT-nin Baş Assambleyasının
69-cu Sessiyasının ümumi müzakirələrində çıxışı zamanı
bildirib.
"İki gün bundan öncə Ermənistanın prezidenti ümumi müzakirələrdə
çıxış edərək, faktları və sülh prosesini saxtalaşdıraraq və
beynəlxalq hüququn norma və prinsiplərini və bu çərçivədə qəbul
edilmiş sənədləri təhrif edərək, BMT Baş Assambleyanı aldatmağa
çalışıb", - Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, Ermənistan prezidenti ali prinsip olan
xalqların öz müqəddəratı təyin etmə prinsipindən sui-istifadə
edərək, ölkəsinin qonşu dövlət olan Azərbaycanın ərazilərini zor
tətbiq etməklə, ilhaq edilməsi cəhdlərini ört-basdır etməyə
çalışır.
"Onun Azərbaycanda yaşayan ermənilərin öz müqəddəratını təyin
etmə kimi təqdim etməyə çalışdığı vəziyyətin BMT nizamnaməsi və
Helsinki yekun aktında təsbit olunmuş öz müqəddəratı təyin etmə ilə
heç bir əlaqəsi yoxdur. Əslində öz müqəddəratını təyin etmə
prinsipi didərgin düşmüş azərbaycanlıların Dağlıq-Qarabağ regionuna
qayıtmasını tələb edərək, Azərbaycan daxilində onların erməni
icması ilə sülh, ləyaqət və çiçəklənmə şəraitində birgə yaşayışını
nəzərdə tutur, nazir əlavə edib. Biz bu məqsədə sülh yolu ilə nail
olacağımıza inanırıq", - Məmmədyarov bildirib.
"Azərbaycan BMT nizamnaməsində, xüsusilə 51-ci maddədə təsbit
olunmuş hüquqlarına xələl gətirmədən münaqişənin danışıqlar yolu
ilə həllinin tərəfdarıdır. Ermənistan hökuməti dərk etməlidir ki,
digər dövlətin ərazisinin işğal edilməsi həll yolu deyil və onun
status-kvoya güvənməsi böyük yanlışlıqdır. Azərbaycan heç vaxt
ərazi bütövlüyünü və işğal nəticəsində pozulmuş vətəndaşlarının
hüquq və azadlıqlarını güzəştə getməyəcəkdir", - nazir deyib.
Elmar Məmmədyarov bildirib ki, beynəlxalq ictimaiyyətin
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə birmənalı və davamlı
dəstəyi ciddi amildir. Bu Ermənistana onu aydın edir ki, işğal
nəticəsində əldə edilmiş mövcud status-kvo heç vaxt qəbul
edilməyəcəkdir: "Dünya ikili standartları qəbul etməməlidir, əks
təqdirdə, bu yanaşma bizi yenidən keçən əsrin qaranlıq dövrlərinə
apara bilər. Bu xüsusda, Ermənistanda Azərbaycana qarşı təcavüz və
insanlığa qarşı cinayət törətmiş şəxslərin ədalət qarşısına
çıxarılmasını və onlara qarşı sanksiyaların tətbiq edilməsinin
vaxtı yetişib".