Bu gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri
Fikrət Məmmədov Türkiyənin Ali Hərbi Məhkəməsinin sədri Əhməd Zəki
Liman ilə görüşüb.
Ədliyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə,
Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq, strateji
tərəfdaşlıq münasibətlərini vurğulayan nazir bu əlaqələrin
inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini, dövlət
və hökumət başçılarının müntəzəm qarşılıqlı səfərlərinin
əhəmiyyətini qeyd edib, zəngin müqavilə bazasına söykənən hüquqi
əlaqələrin daha da genişləndiyini, ədliyyə və məhkəmə orqanları
arasında səmərəli qarşılıqlı fəaliyyəti vurğulayıb.
Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan
məhkəmə-hüquq islahatları, o cümlədən genişmiqyaslı qanunvericilik
və institusional tədbirlər, 20-dək yeni regional məhkəmələrin
yaradıldığı, hərbi məhkəmə sisteminin təkmilləşdiyi,
infrastrukturun müasirləşdiyi diqqətə çatdırılıb. Hakimlərin
Avropada ən şəffaf seçiminə, onların tədrisinə toxunularaq qardaş
ölkənin Ədliyyə Akademiyasının bu tədbirlərdə, o cümlədən bu
günlərdə keçirilən beynəlxalq konfransda fəal iştirakı, habelə
Akademiyanın dəstəyi ilə son illər hakimliyə namizədlərin Türkiyədə
nəzəri və praktiki təlimlər keçdiyi qeyd olunub.
Azərbaycana ilk səfərindən ötən 13 il müddətində ölkəmizin
möhtəşəm inkişafının, o cümlədən iqtisadi və hüquqi sahədə əldə
etdiyi yüksək nailiyyətlərin şahidi olduğunu vurğulayan qonaq
xalqlarımız arasında qardaşlıq münasibətlərinin Azərbaycanın
ümummilli lideri Heydər Əliyevin ideyalarına uyğun inkişafını qeyd
edib. Ə.Z.Liman Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi
üzrə tədbirlərdən məmnunluğunu ifadə edib, öz ölkəsində məhkəmə
sistemi barədə məlumat verərək, islahatların aparıldığını bildirib,
təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini söyləyib.
Tədbirdə qarşılıqlı fəaliyyətə dair faydalı fikir mübadiləsi
aparılıb.
Görüşdə respublika Baş prokurorunun müavini - hərbi prokuror
Xanlar Vəliyev, ədliyyə nazirinin müaivni Azər Cəfərov iştirak
ediblər.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.