İsrail özünün Türkiyədəki səfirliyinə müvəqqəti işlər vəkili təyin edib. 2023-cü ildən indiyədək təhlükəsizlik səbəbindən faktiki olaraq fəaliyyətini dayandıran səfirliyə müvəqqəti işlər vəkili sifətində bir yetkilinin təyinatı iki dövlət arasında münasibətlərin yenidən bərpa olunması istiqamətində atılmış addım kimi qiymətləndirilə bilər.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz bildirib.
“İsrail yetkililəri iki dövlət arasında diplomatik əlaqələrin siyasi səbəblərdən deyil, təhlükəsizlik qayğıları ucbatından müvəqqəti kəsildiyini bildirib. Açığı, bu açıqlama da Təl-Əvivin Ankara ilə münasibətləri normallaşdırmaqda maraqlı olduğundan xəbər verir.
Yeni təyin olunan müvəqqəti işlər vəkilinin diplomatik karyerası da maraqlıdır. Bildirildiyinə görə, İsrailin Türkiyədəki səfir əvəzi (müvəqqəti işlər vəkili) Joel Lion daha əvvəl ölkəsinin Moldovadakı diplomatik nümayəndəsi və 2026-ci ilin avqustuna qədər isə Ermənistandakı səfiri kimi fəaliyyət göstərib. Türkiyə ilə Ermənistanın münasibətlərini normallaşdırdığı bir zamanda Joel Lionun Ankaraya göndərilməsi manidardır”, - o vurğulayıb.
Politoloq xatırladıb ki, İsrailin 18 avqust 2026-cı il tarixində Suriyanın şimalındakı Əbu Zühur hərbi bazanı bombalaması ilə iki dövlət arasında münasibətlər ən aşağı səviyyəyə enmişdi:
“Hətta bir çox müşahidəçi Türkiyə və İsrail arasında müharibə ehtimalından ehtiyatlanırdı. Türkiyənin təmkinli siyasəti bu təhlükəli vəziyyətin tədricən sovuşmasında mühüm rol oynadı və artıq Təl-Əvivin Ankara ilə diplomatik münasibətləri yenidən bərpa etməyə çalışması səhv yolun yarısından qayıtdığına dəlalət edir.
Ekspertlər İsrailin bu addımını bir çox amillərlə izah edirlər. Əvvəla, bütün qonşuları ilə düşmən olan İsrail yeni geopolitik şəraitdə Türkiyəni də qarşısına almağın onu tamamilə yalnızlaşdıracağını anladığından bu addımı atmış ola bilər. Nəzərə alsaq ki, İsrailin ən çox güvənib arxalandığı ABŞ da artıq Yaxın Şərqdən çəkilmək haqqında düşünür və bu yalnızlaşma Təl-Əviv üçün həqiqətən də arzuolunan deyil.
Üstəlik, aralarında İsrailin qurucusu olan Böyük Britaniya, Avropanın ən qüdrətli dövlətləri Fransa və İspaniyanın da olduğu 12 (bəzi məlumatlara görə 14) ölkənin İsrail əleyhinə qərar qəbul etdiyi bir zamanda regional güc mərkəzləri ilə münasibətləri normallaşdırmaq Təl-Əviv üçün həyati əhəmiyyət daşıyır. Buna isə Məkkə sazişinin aparıcı ölkəsi Türkiyədən başlanılması da təəccüblü deyil.
İsraildə ay yarımdan sonra keçiriləcək Knesset (parlament) seçkilərinin də Təl-Əvivin bu addımında önəmli rol oynadığı düşünülür. Belə ki, 27 oktyabr seçkilərində Netanyahunun indiki kabinetinin öz hakimiyyətini qoruya bilməyəcəyi proqnozlaşdırılır. Təxminlərə görə, Netanyahu ya öz radikal tərəfdaşları kimi seçkiləri uduzub 20 illik siyasi hakimiyyətini (onun ilk 3 ili 1996-1999-cu illərə təsadüf edir) sonlandırmalı, ya da özünü islah edib sülhpərvər cizgiyə qayıtmalıdır. Əslində Avropanın 12 dövləti də Netanyahunu islah edib “haqq yoluna” qaytarmaq üçün ona qarşı nisbi embarqo qərarı almışdır. Prinsipcə, İsrailin ən yaxın dostu kimi çıxış edən Donald Tramp hakimiyyəti də ondan bu addımı gözləyir. Belə bir vəziyyətdə Netanyahunun sionist faşizmin çərçivəsində qalması imkansız görünür.
Üçüncü amil, fikrimcə, İsrailin bu zamana qədər üzərində dayandığı projelərin iflası ilə bağlıdır. Sirr deyil ki, Netanyahu 2023-cü ilin sentyabrında Hindistanda keçirilən G-20 zirvəsində qəbul olunan IMEC (Hindistan-Yaxın Şərq dəhlizi) layihəsini dəstəkləyirdi. Lakin zirvə görüşündən 1 ay sonra HAMAS-ın başlatdığı və indiyədək nəticələri davam edən “Qüds tufanı” əməliyyatından sonra onsuz da rentabelli olmayan bu projenin həyata keçməsinin imkansızlığı ortaya çıxdı. ABŞ da, Avropa ölkələri də projenin mənasızlığını anlayıb onu dəstəkləməkdən vaz keçdi. Bunun müqabilində Türkiyənin irəli sürdüyü “Hicaz dəmir yolu” və “Qalxınma Yolu” dəhlizləri həm regional, həm də qlobal güclər tərəfindən daha məqbul görüldü. Belə bir vəziyyətdə İsrailin nə zaman bitəcəyi aydın olmayan regional müharibələr müqabilində başa gələcəyini düşündüyü IMEC layihəsinə yapışıb qalması rasional deyildi. Bunun əvəzinə özünün sahib olacağı qaz kəmərlərini Türkiyədən keçirməsi daha məqsədəuyğundur. Belə olacağı təqdirdə isə Türkiyə ilə mənasız gərginliyə son verməsi və Yunanıstan, Cənubi Kirp kimi özlərinə belə xeyri olmayan tərəfdaşlarından ayrılması, həmçinin digər region dövlətləri ilə yaxınlaşması tələb olunur.
Bütün bu amilər İsrailin ilk növbədə Türkiyə ilə münasibətləri tənzimləməsi ilə mümkündür. Zənnimcə, Təl-Əvivin Türkiyə ilə diplomatik münasibətləri məhz bu ərəfədə yenidən bərpa etməyə çalışması başadüşüləndir”.