"Daxili İşlər naziri Ramil Usubov azyaşlılar tərəfindən
törədilmiş cinayətlərin səbəb və şəraitinin müəyyən edilməsi,
nəzarətsiz qalmış, hüquq pozmalara meyilli və təhsildən yayınan
uşaqların zamanında aşkar edilib qeydiyyata alınması, zəruri
qabaqlayıcı-profilaktik tədbirlərlə əhatə olunması, onların yenidən
tərbiyəsi və hüquqlarının müdafiəsi yönündə lazımi tədbirlər
görülməsinin, habelə orta, orta-ixtisas və ali məktəblərdə narkotik
vasitələrdən istifadənin zərərli nəticələri mövzusunda davamlı
görüşlərin vacibliyini bildirib".
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa
nazir Ramil Usubovun ötən gün keçirdiyi kollegiya iclasının
nəticələri barədə danışarkən deyib. Millət vəkilinin sözlərinə
görə, müzakirə çox aktual məsələyə həsr olunmuşdu:
"Dünən keçirilən Daxili İşlər Nazirliyinin kollegiyasında son
dərəcə aktual bir məsələyə diqqət yetirilib. Əlbəttə, bu məsələlərə
xüsusi diqqət ayrılması təqdir olunmalıdır. Burada əsas məsələ
cəmiyyətin bu prosesə daha effektli dəstək verməsi mexanizminin
tapılmasıdır. Gizlətməli deyil, orta məktəblərdə narkomaniya
sürətlə yayılmaqdadır, təhsildən yayınaraq qeyri-hüquqi
fəaliyyətlərə cəlb edilən kifayət qədər yeniyetmələr var, ona görə
də bu işi təkcə bir Daxili İşlər Nazirliyinin və Təhsil
Nazirliyinin üzərinə qoymaq olmaz, mütləq stimullaşdırıcı addımlar
atmaq vacibdir ki, ayrı-ayrı vətəndaşlar bu halların qarşısının
alınmasına cəlb olunsunlar, problemdən xəbəri olan məktəblilərin
yaxınları hüquq-mühafizə orqanları ilə təmasdan çəkinməsinlər".
Millət vəkilinin sözlərinə görə, Daxili İşlər Nazirliyində Milli
Məclisin Hüquq siyasəti və Dövlət Quruculuğu, Elm və Təhsil, İnsan
Hüquqları komitələrinin üzvləri ilə məlumatlandırma və fikir
mübadiləsi xarakterli görüş təşkil etmək, təhsillə, insan hüquqları
ilə bağlı ixtisaslaşmış QHT-lərin də keçirilən profilaktik
tədbirlərdə iştirakını təmin etmək lazımdır:
"Səhiyyə Nazirliyi hər üç aydan bir məktəblərdə oğlanların
narkotik aludəçiliyi ehtimalını aşkara çıxaran profilaktik
yoxlamalar həyata keçirə bilər. Qanunvericilikdə də bu istiqamətdə
məsuliyyəti gücləndirən əlavə və dəyişikliklər edilməsi mümkündür.
Bu məsələyə ona görə həssas yanaşılmalıdır ki, sonradan narkotik
aludəsi olanların böyük əksəriyyəti bu vərdişi yetkinlik
yaşlarından çevrənin təsiri ilə qazanırlar".