Ana səhifə Gündəm |
Məruzəçi "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı sənəd hazırlayacaq.
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız
sessiyası çərçivəsində qurumun Siyasi İşlər və Demokratiya
Komitəsinin toplantısı keçirilib. APA-nın Avropa bürosunun xəbərinə
görə, komitənin toplantısında "Azərbaycanın Dağlıq Qarabağ və digər
işğal edilmiş ərazilərində gərginliyin artması" adlı hesabatın
hazırlanması ətrafında müzakirələr aparılıb və bu məsələ üzrə Böyük
Britaniyadan olan parlamentar Robert Valter məruzəçi təyin
edilib.
Komitədəki müzakirələrdə iştirak edən Azərbaycanın AŞPA-dakı
nümayəndə heyətinin üzvü Elxan Süleymanov açıqlamasında bildirib
ki, iclasda onun təqdim etdiyim qətnamə layihəsi ilə bağlı AŞPA
Bürosunun 2 sentyabr tarixində qəbul edilmiş və 29 sentyabr
tarixində plenar iclasda təsdiqlənmiş qərarı əsasında "Azərbaycanın
Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin
artması" adlı məruzənin hazırlanması üçün məruzəçi təyin olunub:
"Məruzəçi Robert Valter oldu. Səsvermədə Robert Valter 35 səslə
AŞPA-nın keçmiş sədri, fransalı deputat Jan-Klod Minyonu 3 səslə
üstələdi. Qeyd etməliyəm ki, Ermənistan hakimiyyəti, AŞPA-dakı
ermənipərəst qruplaşmalar, dünyanın aparıcı güc mərkəzlərindəki
ermənipərəst qüvvələr Ermənistanın işğalçılıq siyasətini ifşa edən,
bu işğalçı dövlətə qarşı sanksiyaların tətbiqini tələb edən hər
hansı bir sənədin nəinki qəbulunun, hətta hazırlanmasının qarşısını
almaq üçün bütün imkanlarını səfərbər ediblər. Lakin biz ümid
edirik ki, yeni təyin edilmiş məruzəçi təzyiqlərə baxmayaraq,
obyektiv məruzə hazırlayacaq, Ermənistanın işğalçı dövlət olduğunu
və işğal etdiyi ərazilərdə mülki əhaliyə qarşı kütləvi şəkildə
cinayətlər törətdiyini bir daha dünya ictimaiyyətinə çatdıracaq,
məruzənin qətnamə hissəsində ilk dəfə olaraq işğalçı Ermənistana
qarşı konkret sanksiyaların tətbiqini tələb edəcək".
Qeyd edək ki, "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş
ərazilərində gərginliyin artması" adlı məruzənin hazırlanması
haqqında qərar AŞPA-nın payız sessiyasının bu həftənin birinci günü
keçirilmiş plenar iclasında qəbul olunmuşdu və bu tapşırıq
aidiyyəti üzrə Siyasi Məsələlər Komitəsinə göndərilmişdi.
Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri və onları
dəstəkləyən digər deputatlar bu təklifə qarşı çıxaraq, məsələnin
qurumun Monitorinq Komitəsinə ötürülməsini istəsələr də, plenar
iclasdakı səsvermələrdə assambleya iştirakçıları onların bu
tələbini qəbul etməyiblər.
Bu gün isə Siyasi məsələlər üzrə komitənin iclasında müzakirələr iki əsas məsələ - hesabatın adının dəyişdirilməsi və kimin məruzəçi təyin ediləcəyi ətrafında aparıldı. Ermənistan nümayəndə heyətinin üzvləri hər vəchlə hesabatın adının dəyişdirilməsinə çalışıblar. Toplantıda çıxış edən erməni deputatlar məruzənin bu adda qalacağı və məruzəçinin təyin ediləcəyi təqdirdə, Ermənistanın bu məsələdə AŞPA və onun məruzəçisi ilə əməkdaşlıq etməyəcəklərini bildiriblər. Lakin səsvermələrdə məruzənin adı dəyişilməyərək olduğu kimi, yəni "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" kimi qalıb.
Tarix
2014.10.01 / 19:19
|
Müəllif
Axar.az
|