Oktyabrın 2-də Azərbaycan
Prezidenti İlham Əliyev Türkmənistanın Baş nazirinin müavini
Sapardurdu Toyliyevi qəbul edib.
Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə
olundu. Xəzəryanı ölkələrin dövlət başçılarının bir neçə gün əvvəl
Həştərxanda keçirilən Sammitinin regional əməkdaşlıq baxımından
əhəmiyyəti vurğulandı. Əlaqələrin inkişafında hökumətlərarası birgə
komissiyanın rolu xüsusi qeyd edildi.
Söhbət zamanı iqtisadiyyat, nəqliyyat, investisiya qoyuluşu
sahələrində yaxşı perspektivlərin olduğu diqqətə çatdırıldı, bu
sahədə səylərin gücləndirilməsinin önəmi vurğulandı.
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının
sədri Valentina Matviyenkonu qəbul edib.
Prezident İlham Əliyev Valentina Matviyenkonu yenidən Rusiya
Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri
seçilməsi münasibətilə təbrik etdi. Dövlətimizin başçısı Bakıda
keçirilən IV Beynəlxalq Humanitar Forumda Rusiya Federasiyası
nümayəndə heyətinin Federal Məclisin Federasiya Şurası sədrinin
başçılığı ilə iştirakını bu tədbirə verilən mühüm əhəmiyyət kimi
dəyərləndirdi. Prezident İlham Əliyev Forumla bağlı təbriklərinə
görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə onun
təşəkkürünü çatdırmağı Valentina Matviyenkodan xahiş etdi.
Azərbaycan Prezidenti bir neçə gün əvvəl Həştərxanda Rusiya
dövlətinin başçısı ilə görüşü zamanı iki ölkə arasında
münasibətlərin çox müsbət, dinamik inkişaf etməsinin, əməkdaşlığın
bütün sahələri əhatələməsinin, iqtisadi sahədə ticarət
dövriyyəsinin artmasının vurğulandığını diqqətə çatdırdı.
Dövlətimizin başçısı parlamentlərarası əlaqələrin ikitərəfli
münasibətlərimizin daha da inkişaf etdirilməsində önəmini
vurğuladı.
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının
sədri Valentina Matviyenko Prezident Vladimir Putinin salamlarını
və xoş arzularını dövlətimizin başçısına çatdırdı. Qonaq IV Bakı
Beynəlxalq Humanitar Forumuna dəvətə görə Prezident İlham Əliyevə
təşəkkürünü bildirdi. Valentina Matviyenko dövlətimizin başçının
Forumdakı çıxışının yaratdığı yüksək təəssüratdan danışdı. Bakıda
gördüklərinin nümayəndə heyəti üzvlərində dərin təəssürat
yaratdığını vurğuladı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Vladimir Putinə salamlarına və
xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını
və xoş arzularını Rusiya dövlətinin başçısına çatdırmağı Valentina
Matviyenkodan xahiş etdi.