Ermənistan kütləvi informasiya vasitələri 2013-cü ilin
avqust ayında qoşunların təmas xəttində hərbiçilərimiz tərəfindən
saxlanılan və cari ilin avqust ayında Azərbaycan tərəfindən üçüncü
ölkəyə təhvil verilən hərbi əsir Akop İnciqulyanın Yerevana geri
qayıtması barədə birtərəfli qaydada, faktları təhrif etməklə və
erməni ictimaiyyətini çaşdıran, təəccüb və təəssüf doğuracaq
məlumatlar yayıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən
məlumata görə, A.İnciqulyan şüurlu surətdə döyüş postunu könüllü
tərk edərək silahı ilə birlikdə Azərbaycan həbçilərinə təslim
olduqdan sonra ona qarşı heç bir təzyiq və təsir göstərilmədiyini,
Ermənistana geri qayıtmayacağını və üçüncü ölkədə yaşamaq
istədiyini dəfələrlə bəyan etmişdir.
İkincisi, A.İnciqulyan Cenevrə Konvensiyasının tələbləri ona
tətbiq edilmək şərtilə müəyyən olunmuş qaydada və müvafiq yerdə
saxlanılıb, ona qarşı nə beynəlxalq, nə də insani qanunlara zidd
olan hərəkətlər tətbiq edilməyib.
Üçüncüsü, o müvafiq beynəlxalq təşkilatların qayğısı ilə əhatə
edilib, onunla bağlı həyata keçirilən bütün tədbirlər həmin
təşkilatların nəzarəti altında icra olunub.
Dördüncüsü, A.İnciqulyan və onunla bir yerdə saxlanılan digər 5
nəfər Ermənistan vətəndaşından ibarət ailənin Ermənistana geri
qaytarılması barədə rəsmi Bakının dəfələrlə və təkidlə beynəlxalq
təşkilatlar, o cümlədən, erməni tərəfi qarşısında məsələ
qaldırmasına baxmayaraq, hər dəfə rəsmi Yerevanın hərbi-siyasi
rejimi öz vətəndaşlarına qarşı etinasızlıq nümayiş etdirərək
onların taleyinə biganə münasibət sərgiləyib. Bu səbəbdən də
hazırda Azərbaycanda saxlanılan ermənilər Ermənistandan imtina
edərək üçüncü ölkədə sığınacaq tapmaq niyyətindədirlər.
Beşincisi, erməni mətbuatının yaydığı şəkillərdə gümrah və
sağlam A.İnciqulyanla guya "ona qarşı Azərbaycanda təzyiqlərin və
işgəncələrin verilməsi" fikri arasında uyğunsuzluğu açıq aydın
görünür və bu ermənilərin növbəti uydurması kimi
qiymətləndirilməlidir.
Altıncısı, beynəlxalq təşkilatın himayəsi altında olan və bu
kimi şəxslər barədə konfidensial hesab edilən məlumatların, konkret
olaraq hansı ölkəyə verilməsi kimi informasiyanın gizli
saxlanılması tələb olunsa da, bu barədə məlumatın Ermənistan
tərəfinə ötürülməsi də xeyli şübhə doğuran məqamlardandır.
Sonuncusu və ən əsası. Şübhə yox ki, A.İnciqulyanın yerini
müəyyənləşdirən, bu məqsədlə kriminal qruplaşmalarla sıx əlaqədə
olan erməni diasporunun xidmətlərindən istifadə edən Ermənistan
tərəfi, onun ailə üzvlərinə və yaxınlarına təzyiq göstərməklə
Yerevana guya könüllü olaraq geri qayıtdığını deməyə məcbur
ediblər.
Müdafiə Nazirliyi bir daha bildirir ki, A.İnciqulyanın Yerevan
aeroportunda əvvəlcədən hazırlanmış formada təmtəraqlı
qarşılanması, Azərbaycana qarşı nifrət, Ermənistana isə məhəbbət
dolu müsahibəsi, bu prosedurların erməni kütləvi informasiya
vasitələri tərəfindən işıqlandırılması, onun yenidən orduya
qayıdaraq xidmətinin qalan hissəsinin də çəkilməsi kimi gülünc
təşəbbüslə çıxış etməsi eyni mərkəzdən, özü də Ermənistanın xüsusi
xidmət orqanları tərəfindən ssenariləşdirilən və həyata keçirilən
növbəti şoudur.