"Hadisələrin bu qədər xaotik
sistemdə davam etməsi mümkün deyil".
Bunu Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev
Tükiyədəki son durumu şərh edərkən deyib.
O, Türkiyədə indi vəziyyətin qarışıq olduğunu bildirib:
"Ölkədədaxili hadisələr Ərdoğanın nəzarətindən cıxarsa, onu
çevriliş ilə uzaqlaşdıra da bilərlər. Düzdür, ordunun onun
nəzarətində olduğu deyilsə də, həqiqətdə Ərdoğan bütün orduya hakim
deyil. DİN və polisə hakimdir, ancaq polis ölkədəki duruma nəzarət
edə bilmir. On minə yaxın polisin aktiv vəzifələrdən passiv
vəzifələrə göndərilməsi heç yaxşı olmadı. Bu səbəblə də ordu
şəhərlərə girir. Bu da AKP-nin sonu ola bilər. Digər tərəfdən,
qarşıdan HSYK (məhkəmə-hüquq şurası) seçkiləri yaxınlaşır və 22
nəfərlik şuranın 10 əsas və 6 ehtiyat üzvü oktyabrın 12-də
seçiləcək. AKP üçün bu seçkilər olduqca vacibdir, çünki məhkəmə
sistemi hələ də onun nəzarəti altında deyildir. Görünən budur ki,
AKP-nin de-fakto namizədlərinin toplandığı Yargıda Birlik
Platformasının bu seçimləri qazana bilmə ehtimalı azdır. Bununla
belə, ölkədəki qarşıdurmaların buna nə qədər
hesablanıb-hesablanmadığını demək çətindir. Fövqəladə vəziyyət elan
edilərsə, seçkilər təxirə salına və zaman qazanıla bilər. Lakin bir
gün ərzində belə bir şey olacağını demək çətindir. İnanmıram ki, bu
qarşıdurmalar ölkəni xaosa aparıb çıxarsın. Hökumət istədikdən
sonra bunun qarşısını asanlıqla aradan qaldıra bilər. Türk
mediasında bəzi mənbələr KCK-HDP-BDP-nin bu xaosu bir yerdə
yaratdıqları, KCK-nın daxilində də xeyli sayda MİT agentinin
olduğunu qeyd edirlər. Əgər ölkədəki çaxnaşma səngiməyib böyüsə,
hesab edirəm ki, məqsədli olacaq və arxa planda daha ciddi
dəyişikliklər məqsədi ilə, məsələn, çevriliş, ya da uzun müddətli
vətəndaş müharibəsi kimi həyata keçiriləcək".
F.Mehdiyev qanlı olmasa belə, qarşıdurmaların davam edəcəyini
vurğulayıb:
"Çünki Öcalan və Dəmirtaş da danışıqlarda zorakılıq olmadan
mitinqlərin davam edəcəyini bildiriblər. Digər tərəfdən, bunların
türk hökumətinə qarşı sürdüyü şərtlər də yolverilməzdir - ya
Kobanidəki kürdlərə silah yardımı, ya da Bərzani qüvvələrinin
Türkiyə üzərindən Kobaniyə girişlərinə icazə verilməsi. Buna görə
razılaşma əldə olunmayacaq və qarşıdurmalar qaçılmazdır. Sadəcə,
hökumət nəzarəti əldən verməməlidir. Güclü olan odur. Etirazlar nə
qədər güclü olsa da, Gəzi əyləmlərindəki kimi olmayacaq. Nəzarət
hökumətin əlindədir. Onu da qeyd edək ki, ABŞ hava zərbələri
Kobanidən İŞİD-i tez bir vaxtda uzaqlaşdıra bilsə və orda həyat
normala dönsə, bu da Türkiyədə vəziyyətin stabilləşməsinə kömək
edəcək".
Politoloqun fikrincə, Türkiyənin Kobaniyə yalnız humanitar
yardım göstərmək istəməsi çox təbii haldır:
"Çünki Suriyanın şimalında muxtariyyət istəyən kürd bölgələri
var. Bunlardan biri isə Kobani bölgəsidir. Digərləri isə Ətrifli və
Qamışlı deyilən bir yerdir, hətta bunlar özlərini kanton belə
adlandırıblar. Ortaq sərhədlər olmasa da, Suriyanın şimalındadır.
Buna görə Ərdoğan kürdlərin orda möhkəmlənməsinə maraqlı deyil.
İŞİD tərəfindən burdakı kürdlərin zərərsizləşdirilməsinə
maraqlıdır. Türkiyə yekun qərarını hələ verməsə də, onun sürdüyü
şərtlər - uçuşa qadağan olan zonanın qurulması və Əsədin
uzaqlaşdırılması Psakinin bəyanatı ilə qəbul olunmayıb. Buna görə
indiki şərait türk ordusunun Suriyaya girmə ehtimalını çox aşağı
edir. Çünki Türkiyə Şama qədər gedən deyil. Bunun üçün quru
qoşunlarından ibarət beynəlxalq koalisiya qüvvəsi olmalıdır. Nə
Amerika, nə Fransa, nə də İngiltərə belə bir qoşun verməyə hazır və
niyyətli deyil. Əlbəttə ki, Türkiyə bunu təkbaşına da edən deyil.
Qərbin Türkiyədən istədiyi Suriyanın şimalına, yəni Kobanidəki
vəziyyətə müdaxilə etməsidir. Başqa bir tərəfdən isə YPG-nin
başçısı Saleh Müslim Rusiyanın Kanal 24-də müsahibəsində deyib ki,
biz Türkiyə ordusunun ölkəmizə girməsini hücum kimi
qiymətləndirəcəyik. Bizə ancaq silah lazımdır. Məlum məsələdir ki,
Türkiyə silah verən deyil. Çünki silahın dönüb Türkiyəyə qarşı
istifadə olunmaycağına təminat yoxdur. Eyni zamanda, Bərzani xahiş
edib ki, mənə dəhliz ver, Türkiyə üzərindən keçərək Kobanidə
kürdləri qoruyum. Ancaq buna nəinki Türkiyə, beynəlxalq
münasibətlər sistemində olan heç bir ölkə öz ərazisindən ikinci bir
dövlətin silahlı qüvvələrinin keçməsinə icazə vermir. Hesab edirəm
ki, Türkiyənin məlum məsələyə razılıq verməməsi olduqca haqlı
səbəblə bağlıdır".