Onlar qəfildən peyda oldular. Təkcə müqəddəs yox, elə
murdar yer də boş qalmır. Talibanın, Əl-Qaidənin yerini kimsə
tutmalıydı və tutdu. İndi İŞİD adı ilə İslam xilafəti yaratdığını
elan edən, amma elə müsəlmanlara qənim kəsilən, bəlkə də şübhə
doğurmasın deyə arabir beş-altı xristian başı də kəsən bu
lənətullahlar gəlib, Qəmlonun sözü olmasın, lap burnumuzun ucuna
dirəniblər. Kimdir onlar və nə istəyirlər? Niyə istəyirlər və kim
üçün istəyirlər?
Onların kimliyi elə qiyafələri və bayraqları kimi qaradır.
Beş-altı xarici maşını zirehli avtomobilə çevirən başqa vaxt bəlkə
də adi yol polisi əməkdaşının qorxusundan altını batırmağa hazır
olan bu qara-quralar indi müsəlman dünyasında meydan sulayırlar,
daha doğrusu qanlayırlar. İŞİD-in dırnaqarası yürüşünün qarşısını
almaq niyə mümkün olmur? Axı kosmosdan ucqar Almaniyada Angela
Merkelin qulağının dibini güdməyi bacaran, örtülü bir yerdə, yalnız
gecə gördü cihazının köməyi ilə dinc iraqlıların izinə düşüb,
kompüter oyununda olduğu kimi bir gülləni belə boşa vermədən onları
dənləməyi bacaran Birləşmiş Ştatlar bu İŞİD-in qabağında niyə belə
acizdir? Axı niyə bu yeni anlaşılmaz xilafət ordusunun dırnaqarası
səraslanlarının hədəfləri sırasında müsəlmanların məscidlərini
dağıdanlar, onlara it zülmü verənlər yoxdur? Əksinə, onlar elə
özləri məscidləri dağıdır, minarələri uçururlar?! Kimdir onların
arxasında dayanan və niyə gəlib Türkiyə sərhədinə dirəniblər? Bu
gün Türkiyədə tökülən qan qrupuna görə kimə qohumdur?
Əlbəttə, Ərdoğanın yaratmaqda olduğu yeni Türkiyənin böyük bir
problemi var: dünyəvi və dini dövlət arasında səndələnən
qeyri-müəyyənlik. Ölməz Atatürkün ruhu qarşısına Ərdoğanın
çıxardığı obraz tamamilə fərqlidir. Atatürk namaz qılmırdı.
Allah-təaladan, peyğəmbərdən sitat gətirmirdi... Ərdoğanın dinə
bağlılığı onun və Türkiyənin bir sıra yerlərini düşmən qarşısında
açıq qoyur. Məsələn, kiməsə elə görünə bilər ki, öz aləmində xalis
islam uğrunda mübarizə apardığını iddia edən İŞİD Türkiyəni islamı
məhz onunku kimi qəbul etmədiyindən hədəf alıb. Amma bir az əvvələ
qayıdaq. Yadınızdadırsa, "Mavi Mərmərə" gəmisini İsrail hərbçiləri
gülləbaran edəndən sonra Türkiyə uzun müddət Tel-Əvivdən üzrxaqlıq
tələb etdi və nəhayət, onu da aldı. Elə o zamanlar bəzi ekspertlər
bildirdilər ki, bu Türkiyəyə baha başa oturacaq. Ona görə ki,
İsrail heç vaxt üzr istəməyib və bu addımı atıbsa, mütləq nəsə bir
planı var. Bir müddət əvvəl Türkiyədə prezident seçkiləri keçirildi
və bununla da Türkiyə öz tarixində ilk dəfə olaraq ümumxalq
səsverməsi ilə başçı seçdi. Bununla da dövləti bundan sonra təmiz
hərbçinin yox, məhz mülki şəxsin idarəçiliyinə verdi. Dövlətin
arxasından ordu çıxarıldı. Ərdoğanın Birləşmiş Ştatlar əleyhinə,
Pensilvaniya və burada fəaliyyət göstərən Fətullah Gülənin əleyhinə
çıxışları Ağ Evi Çankayaya qarşı qoydu. Tərəflər nə qədər
çalışsalar da, yaranmış gərginliyin üstünü örtmək mümkün olmadı.
Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden Türkiyəni İŞİD-i
yaratmaqda günahlandırması isə Ərdoğanın köhnə şakərini oyatdı.
Bayden üzr istəməlidir. Bayden də üzr istədi…
Və indi İŞİD Türkiyənin düz burnunun ucundadır.
Baxmayaraq ki, bu terror qruplaşması ərəb ölkələrini hədəfə
alırdı.
Və nəhayət, mən sizin yadınıza bir nəzəriyyəni də salmaq
istəyirəm. Xaos nəzəriyyəsi. Bu nəzəriyyəyə görə, ölkədə xaos
yaradılır və bu xaos vasitəsi ilə dövlətlər parçalanır, zəif
salınır. Amma məscidin açıq olması barədə misalı da müsəlmanlar
düşünüblər axı. Belə olan halda onda onlar hara baxırlar?
İndi isə gəlin nəticə çıxaraq:
Beləliklə, ortada Birləşmiş Ştatların maraqlar var. O, Suriyada
əməliyyat aparmaq istəyirdi bir zamanlar, amma Rusiya onun
qarşısına hansısa naməlum, amma samballı arqumentlər qoydu və Ağ Ev
əməliyyat apara bilmədi. Başqa vaxt Rusiyanı regional dövlət sayan
ABŞ bu dəfə geri çəkildi. Bu gün isə istədiyi vaxt Suriyaya girib
istədiyini edir və daha bu başqa məsələdir ki, Birləşmiş Ştatlar
nəyi və niyə istəmir. İkincisi, İŞİD də Suriya müxalifəti kimi
Bəşər Əsədə qarşı vuruşur. Deməli, onların Birləşmiş Ştatlarla bəzi
məqamlarda iş birliyi də ortaya çıxa bilər. Və nəhayət, NATO üzvü
olan Türkiyənin İŞİD-lə toqquşmaya təhrik edilməsi göz
qabağındadır.
Bayaqkı xaos nəzəriyyəsini yadınıza salın. Bunu edənlər yəqin
ki, Türkiyənin uzun illərdir ki, zəifləməsi planını həyata
keçirirlər. Əvvəllər bu mümkün deyildi. Ordu var idi. Dövlətin
idarəsini ən pis vəziyyətdə o üzərinə götürürdü. Türkiyənin təbii
müttəfiqləri ilə əla münasibətləri var idi. İndi isə vəziyyət
dəyişib. Ərdoğan öz xarici və daxili siyasətində kifayət qədər boş
yerlər buraxıb. Daxildə onu radikal müxalifət hətta İŞİD-lə
əlbirlikdə ittiham edir. Onlarla Türkiyə vətəndaşı İŞİD-lə
müharibənin ilk qubanları sayıla bilər - açıq savaşda həlak
olmasalar da. Xaricdə isə Ərdoğanın dirəndiyi seytnot müzakirə
olunur. Vaxt Ankaranın əleyhinə işləyir.
Qərb guya Türkiyəyə tərəf bəyanatlar verir.
Əslində isə qızım sənə deyirəm, gəlinim, sən İŞİD!