"Müxalifət daxilində bir-birini suçlamalara "Azərbaycan"
qəzetinin yubileyi ilə bağlı keçirilən tədbir alət ola
bilməz".
Bu sözləri Axar.az-a açıqlamasında hazırda Türkiyədə olan VHP
sədri, millət vəkili Sabir Rüstəmxanlı "Azərbaycan" qəzetinin 25
illik münasibəti ilə keçirilən tədbiri "YAP-ın tədbiri" kimi
qiymətləndirən və burda iştirak edən Milli Şura sədri Cəmil
Həsənlini qınayanlarla bağlı fikrini bildirərkən dedi.
Xalq şairinin sözlərinə görə, vaxtilə "Azərbaycan" qəzetinə
qarşı mövqe ortaya qoyanlar, hər şeyi "öz adına" yazmağa çalışanlar
indi də o təfəkkürlərindən əl çəkməyiblər:
"Çox təəssüf edirəm ki, "Azərbaycan" qəzetinin 25 illik
yubileyini belə müxalifət daxilində bir-birini suçlamaq üçün
vasitəyə çevirənlər tapılır. Bu iddialar mənə 25 il öncəki
mənzərəni xatırladır: 1989-cu ildə, oktyabrın 6-da biz
"Azərbaycan"ı bərpa edib, yeni tariximizin ilk müstəqil mediasını
başladanda da bəziləri bu qəzetin əleyhinə təbliğat aparır,
"tezliklə öz qəzetimiz olacaq" deyə sonradan Meydanda da xalqı bu
mətbu orqandan ayırmağa çalışırdı. Təbii ki, onların bu istəyi
özünü doğrultmadı. Hər zaman hər şeyi öz adlarına çıxmaq istəyi,
ümumi işə deyil, şəxsi mənafeyə işləmək arzusu, daxili
intriqalardan əl çəkə bilməməyin 25 illik acı tarixi yenə də
bəzilərinə dərs olmur".
Sabir Rüstəmxanlının sözlərinə görə, 20-ci əsrin sonlarına doğru
müstəqil medianın qaranquşu olan "Azərbaycan" qəzeti bütövlükdə bir
şərəfli tarixdir:
"Bu əlamətdar hadisəni qeyd etməyə yığışdıq və burada
iqtidar-müxalifət deyilən anlayış yoxdur: bu qəzetlə ilk günlərdən
əməkdaşlıq edənlərdən tutmuş hazırda çalışanlara qədər, bir yerdə
müstəqil mediamızın şərəf tarixini vərəqləməyə çalışdıq.
"Azərbaycan" qəzetinin idarə heyətinin üzvü olmuş Elmira Axundova
və digərləri o tədbirdə çox ləyaqətli və intellektual çıxışları ilə
yadda qaldılar. Tədbiri mahiyyətindən çıxarmaq, bu tarixi daxili
intriqalara sürükləmək nəyə lazımdır?"
Sonda millət vəkili "Azərbaycan" adının da, qəzetinin və
tarixinin də belə xırda intriqalardan çox-çox ucada olduğunu
bildirdi:
"Dünya ölkələrində tarixi günlərdə, millət üçün dəyərli anlarda
iqtidarlı-müxalifətli, bütün ziyalılar bir yerdə olur, hətta siyasi
mühitdən kənarda, şəxsi münasibətlərində heç bir problem olmadığını
sərgiləyən görüntüləri ilə yadda qalırlar. Bəs, bizim müxaliflər nə
vaxta qədər sivil münasibətlərdən, normal siyasi mübarizədən
kənarda, qaragüruh təfəkkürü ilə, şantajla davranmaqda davam
edəcəklər?"
Xatırladaq ki, "Azərbaycan" qəzetinin 25 illik yubileyi ilə
bağlı ilk baş redaktor kimi Sabir Rüstəmxanlının keçirdiyi tədbirdə
hakim partiyanın nümayəndələri ilə yanaşı, Cəmil Həsənlinin də
iştirak etməsi müxalifət daxilində Milli Şura sədrinin "iqtidarla
bir yerdə olması" kimi dəyərləndirilib.