Yuxarı

ABŞ-ın “Patriot” qərarı: Türkiyədən nə istəyəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Patriot” zenit raket sistemlərinin Türkiyəyə satışına icazə verməsi məsələsi ilə bağlı Türkiyədə yaşayan azərbaycanlı professor Toğrul İsmayılın Axar.az-a müsahibəsini təqdim edirik:

- ABŞ niyə məhz indi “Patriot” zenit raket sistemlərinin Türkiyəyə satışına icazə verdi?

- ABŞ-ın Türkiyəyə “Patriot” silahlarını satması haqqında qərar qəbul etməsi əslində gərəkli bir addımdır. Amma bu gün bu qərarın gündəmə gətirilməsinin arxasında bəzi siyasi məqamlar olduğunu düşünürəm. Bunların başında Türkiyəni daha yaxına çəkərək Rusiyadan uzaqlaşdırmaq, bir növ, Türkiyənin əl-qolunu bir qədər bağlamaq, ABŞ-a bağlılıq məsələsini gündəmə gətirmək dayanır. Türkiyə daha əvvəllərdə “Patriot” zenit raket sistemlərinin alınması məsələsini ABŞ qarşısında gündəmə gətirdi. Amma bu silahların Türkiyəyə satılmasına izn verilmədi. Türkiyənin öz hava hücumundan müdafiə sistemini inkişaf etdirmək üçün bu cür silahlara ehtiyacı var idi. Nəticədə Rusiya ilə razılaşaraq, S-400 zenit raket komplekslərininin satın alınması ilə bağlı müqavilə imzaladı. Bununla bağlı proses gedir. Son illər ABŞ-ın Türkiyəyə qarşı səsləndirdiyi iddialardan biri Türkiyənin Rusiya ilə yaxınlaşmasıdır. Ankaranın Moskvadan S-400 komplekslərini alması böyük tənqidlərə səbəb olmuşdu. Türkiyə tərəfi isə hər zaman öz açıqlamalarında əsas etibarı ilə ABŞ-dan “Patriot” silahlarının almaq istədiyini dilə gətirirdi. Bununla bağlı qadağa olduğuna görə də onun alışı mümkün olmurdu. İndi satış prosesinin yolu açılır. Təbii ki, bu proses hələ nəticələnməyib. Amma bunu da deyək ki, Türkiyənin bu cür sistemlərə ehtiyacı var, bu cür silahları almağa məcburdur.

- ABŞ Türkiyəyə “Patriot” verir. Buna görə Türkiyə S-400-dən imtina edə bilərmi?

- Burada bir neçə faktor var. Dünyada mövcud olan hava hücumundan müdafiə sistemləri arasında Rusiyanın təklif etdiyi sistemlərin qiyməti Türkiyəyə daha uyğun gəlir. Rusiyanın daha uyğun şərtlərlə bu sistemləri Türkiyəyə təslim edəcəyi ilə bağlı razılaşma əldə olunub. İndiki zamanda “Patriot” sistemlərinin hansı qiymətə təklif ediləcəyi və bunun Türkiyənin büdcəsinə uyğun gəlib-gəlməyəcəyi məsələsi gündəmdədir. Amma “Patriot” və S-400 məsələsini bir-birinə qarışdırmamaq lazımdır. S-400 Türkiyə üçün çox önəmlidir. Türkiyə artıq bu silahı alıb. Amma Türkiyə NATO ölkəsidir və S-400-ləri NATO sistemində istifadə etməsi çətindir. Dolayısı ilə S-400-lərdən daxili sistemlərlə istifadə edəcək. “Patriot” sistemlərinin alınmasının isə müsbət tərəfi odur ki, ABŞ da NATO-ya üzv ölkədir. NATO üzvündən alınan silahların NATO sisteminə inteqrasiyası asandır. Başqa sözlə, onların istifadə olunma potensialı yüz faizdir. Bununla yanaşı, NATO-nun dəstəyi də olacaq. S-400-lər və “Patriot”ları hərbi gücünə görə müqayisə etmək istəməzdim, amma bu silahlardan harada istifadə edilməsi məsələsi də vacibdir. İstifadə yerlərinə baxdığımız zaman əlbəttə ki, “Patriot”lardan yararlanma S-400-lərdən yararlanmadan daha artıqdır. NATO-ya üzvlük məsələsi də burada öz sözünü deyir. Amma bunların biri o birinə alternativ deyil. Yəni rəqib deyillər. Türkiyənin bu cür sistemlərə daha çox ehtiyacı var. Dolayısı ilə Türkiyə öz hava hücumundan müdafiə sistemini inkişaf etdirmək üçün bundan faydalanacaq.

- Bu, ABŞ-Türkiyə münasibətlərinə necə təsir edəcək?

- Bu silahların Türkiyəyə satışına icazə verilməsi belə ikili münasibətlərdə gedilən yolda bir addımdır. Yəni arxasında hansı məqsəd durması əhəmiyyətli deyil. Bu ikili münasibətlərin inkişafına müsbət yöndə təsir edəcək. Çünki ən azından ABŞ tərəfindən qoyulmuş qadağanın biri də aradan qalxır. Bu da münasibətlərə müsbət təsir edəcək.

- “Patriot” satışına icazə verilməsi ABŞ-ın Yaxın Şərq siyasətində dəyişiklik edəcəyi anlamına gəlirmi?

- İkili münasibətlərdə önəmli olan sadəcə “Patriot”ların satışı deyil, eyni zamanda, Türkiyənin bölgədəki - Şimali İraq və Suriyada ABŞ-ın apardığı siyasətə olan reaksiyasıdır. Yəni Türkiyə ABŞ-ın Suriyada terrorçu qruplaşmalara yardım etməsindən məmnun deyil. ABŞ-ın xüsusilə Menbiç və ətrafında olan PYD və YPG ilə əməkdaşlıq etməsi Türkiyə üçün milli təhlükə olaraq qiymətləndirilməlidir. Çünki terrorçu qruplara verilən silahların Türkiyəyə qarşı istifadə olunma ehtimalı yüksəkdir. Necə ki bunların bir qismi əməliyyatlar zamanı ələ keçirildi. Xüsusilə bu qrupların hərbi təlim görməsi də Türkiyə üçün təhlükədir. Bu səbəblə Türkiyə öz ətrafında təhlükəsizlik zolağı yaratmağa çalışır. Bu, ilk gündən Türkiyənin söylədiyi məsələlərdən biridir. Yəni Türkiyə və ABŞ arasında yaranan problemlərin təməlində duran əsas məsələlərdən biri ABŞ-ın bölgədə apardığı siyasət və burada süni şəkildə dövlət yaratmaq istəməsidir. Burada da biz zamanla bu problemin də həll ediləcəyini görəcəyik. Doğrudur, ABŞ öz planlarından imtina etməyəcək. Burada görüşmələr davam edir. ABŞ-ın Türkiyədən istəyəcəkləri və Türkiyəyə nələri güzəşt edəcəyi də başqa bir mövzudur.

Tarix
2018.12.20 / 09:18
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla