Türkiyənin Böyük Birlik Partiyasının sədri Mustafa
Dəstəçi Axar.az-ın əməkdaşına müsahibə verib. Həmin müsahibəni
təqdim edirik.
Bu cinayət işləri Türkiyə üçün həssas
məsələdir
- Azərbaycanda BBP sözü Muhsin Yazıçıoğlu asosasiyasını
yaradır. Partiyanızın mərhum sədri, Azərbaycanda da bir xeyli
məşhur olan Muhsin Yazıçıoğlunun öldürlməsi ilə bağlı aparılan
araşdırmanın nəticələnməməsinin səbəbi nədir?
- Muhsin bəyin ölümündən sonra başlanan araşdırma Kahramanmaraş
şəhər Prokurorluğunda hələ də davam edir. Araşdırma Malatya
Prokurorluğundan bura göndərilib. Bu onunla bağlıdır ki, qəza məhz
Malatyada baş verib. Daha sonra isə aid olduğu şəhərin yerli
prokurorluğuna göndərilib. Cinayət araşdırması başladılandan bu
yana 4-5 maddə cinayət işindən çıxarılıb. Həmin maddələr özü ayrıca
cinayət işi kimi araşdırılır. Biz də bu cinayət işlərinin hamısını
izləyirik. Bu cinayət işləri təkcə bizim üçün deyil, eləcə də
Türkiyənin böyük bir hissəsi üçün həssas məsələdir. Baş verən
hadisə ilə bağlı cəmiyyətin böyük bir hissəsi sui-qəsd iddiası
üzəridə dayanır. Hökumət isə bu məsələnin gündəmə gəlməsində
maraqlı deyil. Çünki bayaq da dediyim kimi, qəzanın baş verməsinin
səbəbləri arasında hökumət işçilərinin xətaları və səlahiyyətlərini
yerinə yetirməməsi var. Buna görə Türkiyə Cümhuriyyəti Baş
Prokurorluğunda cinayət işi başlanıb.
Ölümə səbəb olan qəzanın sui-qəsd olmaması belə, məsələni
gündəmdən çıxarmaq üçün səbəb ola bilməz. Çünki qəza belə olsa,
bunun baş verməsinə səbəb olacaq amillərin arasında səlahiyyətli
şəxslərin, məmurların öz vəzifələrini düzgün yerinə yetirməməsi
var. Ancaq bütün bunlara baxmayaq, biz bu məsələdən əl çəkən
deyilik. Muhsin Yazıçıoğlunun ailəsi ilə birgə biz də bu məsələni
daim diqqətdə saxlayacağıq.
Suriyadakı rejimin adı diktaturadır
- Türkiyə faktiki olaraq Suriya hadisələrinin
içərisindədir. Ölkənizdə on minlərlə suriyalı qaçqın var, Suriyada
vuruşan tərəflər Türkiyəni tranzit ölkə kimi istifadə edir.
Hökumətiniz də Suriyadakı olaylara müdaxilə etmək məsələsində qərar
vermək astanasındadır. Sizin partiya hansı qərarlardan yanadır:
Türkiyə bu vəziyyətdə nə etməlidir?
- Biz lap əvvəldən Türkiyənin Suriyanın daxili işlərinə
qarışmasını məqbul görmürdük. Ancaq onu da əlavə edim ki,
Suriyadakı rejimi bəyənmədiyimizi və doğru saymadığımızı da ifadə
etmişik. Bildirmişik ki, Suriyadakı rejimin adı diktaturadır və
xalqların normal yaşayışı üçün o rejim dəyişməlidir. Sadəcə olaraq,
biz bu dəyişikliyi Suriyanın daxili işi sayırıq. Biz belə
fikirləşirik ki, başqa güclərin müdaxiləsi olacağı halda, Suriyanın
ərazi bütövlüyü sual altına düşür. Yaşanan olaylar da bu cür
düşünməkdə haqlı olduğumuzu göstərdi. Kimliyindən asılı olmayaraq,
hətta bu gün Türkiyəni idarə edən şəxslərdən də soruşsaq, onlar da
3 il əvvəlki Suriyanı indikindən məqbul hesab edər. Xalqımıza da,
vətəndaşlara da eyni sualı versək, onlar da deyəcək ki, 3 il
əvvəlki Suriya daha məqbuldur. 3 il əvvəl ölənlərin sayı 100-ü
keçmədiyi halda hazırda 100 mini keçib. Ölkənin onlarla şəhəri
viran qalıb, dağıdılıb, yandırılıb, islam abidələri məhv edilib.
Ölkə savaş içindədir. Bütün bu dağıdıcılıq Suriya ilə bərabər
Türkiyəyə də ziyan vurur. Biz də həm iqtisadi, həm siyasi olaraq
çox şey itirdik. İtirməyə də davam edirik.
Biz PKK-nın leksikonu ilə danışmırıq
- AKP hökumətinin Kobanidə baş verən olaylara müdaxiləçi
olaraq Türkiyə Silahlı Qüvvələrini məsələyə qarışdırması məsələsi
də müzakirə edilən mövzulardan biridir. Bu qərara necə
baxırsınız?
- İlk olaraq onu deyək ki, biz PKK-nın leksikonu ilə danışmırıq.
Bizə görə oranın adı Əyn Ələrəbdir. Kobani PKK-nın ora qoyduğu
addır. Türkiyə dövlətinin və hökumətinin Suriyaya ordu göndərməklə
bağlı hər hansı bir qərarı yoxdur. PYD də PKK-nın Suriyadakı
qoludur. Oranı eyni ilə Şimali İraq kimi etmək istəyirlər. Təbii
ki, Türkiyə hökuməti bunu istəmir, sadəcə, ABŞ-ın məcbur etməsinə
görə çox şey ilə razılaşır. Ölkə içərisində də PKK ilə bizim məqbul
görmədiyimiz danışıqlar formasına keçiblər. Bu danışıqların
nəticəsində verdikləri qərar dövlətin öz mövqeyindən geri
çəkilməsindən başqa bir şey deyil. Türkiyə hökuməti peşmərgənin və
Şimali İraqdan gələn Azad Suriya Ordusu döyüşçülərinin, Əyn Ələrəb
şəhərinə keçməsi üçün onlara dəhliz açması rəzalətdir.
Bunun adı geri çəkilməkdir
- Müəllifini unutduğum məşhur köşə yazarlarınızdan biri
öz yazısında bir məlumat paylaşmışdı. Bir neçə il əvvəl Avropadan
gələn Suriya vətəndaşının Türkiyəni tranzit ölkə kimi istifadə
edərək öz ölkəsinə keçməsi əngəllənib və buna səbəb kimi, həmin
vətəndaşın pasportdakı adının Kürdüstan olması göstərilib. İndi
isə, Kürdüstanı qurmağı hədəf seçmiş bütün silahlı qruplara
Türkiyədən dəhliz kimi istifadə etməyə icazə verilib. O zaman da
hakimiyyətdə AKP idi, indi də. Hakimiyyət dəyişmədiyi halda
hökumətin siyasi kursundakı kəskin dəyişikliyin səbəbi
nədir?
- Hökumətin iradəsinə qalsa, inanmıram ki, bu cür məsələlərə
razılıq versin. Baş verənlərin hamısı ABŞ-ın təzyiqləri ilə
reallaşır. Bu təzyiqdə Qərb dövlətləri, PKK və onun Türkiyədəki
siyası qanadının da iştirakı var. Hökumət də ona edilən bu
təzyiqlər nəticəsində qərarlar verir, PKK ilə danışıqlar davam
etsin deyə, bu qərarı verməyə məcbur qalır. Bizə görə bunun adı öz
prinsiplərindən geri çəkilməkdir, güzəştə getməkdir.
Ermənilərin burada konsert verməsi
yolverilməzdir
- Bir neçə gün bundan əvvəl Ermənistandan gələn bir
müğənni Türkiyədə konsert verib, TV kanallar ondan müsahibə alıb.
Konsertdən sonra açılan müzakirələrdə erməni kliplərinin Türkiyədə
yayımlanması məsələsi də var. Əlaqələr bu qədər yaxın olandan sonra
ermənilərlə sərhədi bağlı və ya açıq tutmağın bir mənası varmı? Bu,
sərhədləri açmağa doğru bir addım deyilmi?
- Biz də sizin kimi buna qarşıyıq. Ölkəmizdə 50 minə yaxın
erməni etnik kimliyinə sahib Türkiyə vətəndaşı var, 100-minə yaxın
da qeyri-qanuni immiqrant erməni. Buna icazə vermək olmaz.
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilmədən,
Azərbaycanın pozulan haqqı bərpa edilmədən nəinki sərhədləri açmaq,
hətta qeyri-qanuni 100 min erməni immiqrantın Türkiyədə
fəaliyyətinə də imkan vermək olmaz. Hamısı ölkədən deportasiya
edilməlidir. Erməni müğənnilərin burada konsert verməsi, onların
kliplərinin ölkəmizdə yayımlanması da yolverilməz hadisədir.
Ermənilər ölkələrində bir türkün yaşamasına imkan verməyəcək qədər
radikal olduqları halda Qərbin təzyiqləri ilə bizim bu qədər
mülayim olmağımız ən azı güzəştə getməkdir. Bizim ölçümüz
Azərbaycan olmalıdır və biz Azərbaycanın da maraqlarından çıxış
edərək addım atmalıyıq. Bir sözlə, rəzalətdir.
Bunun baiskarı AKP hökumətidir
- Türkiyədə son yarım ildə davam edən gərginlik var. AKP
ilə Fətullah Gülən camaatı arasında yaşanan hadisələr ölkə
sərhədlərini aşıb. Kənardan elə görünür ki, sanki ölkədə aparıcı 2
siyasi qüvvə bir-biri ilə rəqabət halındadır. Nə baş verdi ki,
Türkiyə müxalifəti birdən-birə üçüncü siyasi qüvvə vəziyyətinə
düşdü?
- Türkiyə müxalifətinin 2 gücdən biri olmadığını söyləmək yanlış
olardı. Dini camaatlar indiyə qədər siyasətin içərisinə açıq
formada heç zaman daxil olmayıb. Bu hadisə Türkiyə tarixində ilk
dəfə yaşanır. Bizim rəqabət apardığımız tərəf siyasi iqtidardır.
Çünki millət siyasi iqtidara idarəçilik imkanı verib və idarəçilik
zamanı ortaya çıxan bütün nöqsanların da səbəbkarı özləridir. Əgər
hökumətin iddia etdiyi kimi, dövlətin içərisində belə paralel
güclər varsa, bunun da baiskarı AKP hökumətidir. Çünki idarəçilik
onların əlindədir və onlar 12 ildən artıqdır ki, hakimiyyətdədir.
3-5 illik hakimiyyət olsaydı, baş verənlərin səbəbini özündən
əvvəlki hökumətin üstünə atmaq olardı. Bunlar 12 ildir hara
baxırdılar, guya baş verənlərdən xəbərləri yox idi?
Ermənilərin hücuma keçəcəyini yəqin edirik
- Erməni soyqırımı ilə bağlı iddiaların 100-cü
ildönümünə bir neçə ay qalıb. Türkiyə nə etməlidir, bu məsələdə?
Azərbaycandan gözləntiniz, umduğunuz nədir?
- Qarışdan gələn 2015-ci il qondarma erməni soyqırımının 100-cü
ildönümü olduğu üçün onların daha çox üstümüzə gələcəyini və
uydurduqları soyqırım iddialarının bizim tərəfimizdən də qəbul
edilməsi üçün hücuma keçəcəklərini yəqin edirik. Etmədiyimiz bir
şeyin cəzasını ödəməyimizi heç zaman qəbul etmərik. Bu məsələdə
Azərbaycanın da bizimlə sonuna qədər bərabər olduğunu bilirik, hiss
edirik. Heydər Əliyevin dediyi kimi, 1 millət 2 dövlət olaraq
hərəkət etməliyik. Sizdən yeganə istəyimiz, Azərbaycanın Türkiyə
vətəndaşlarına tətbiq etdiyi vizanın ləğv edilməsidir. Türkiyənin
Azərbaycan vətəndaşlarından tələb edilən vizanı ləğv etdiyi kimi,
sizdən də eyni addımı gözləyirik. Azərbaycana sizin vasitənizlə
salamlar göndərirəm, Azərbaycandakı dili bir, qanı bir
qardaşlarımızı bağrımıza basır, sevgilərimizi yollayırıq.
İstanbul