Yuxarı

Bakının təzyiqi, Nikolun müraciəti - Qarabağda nələr olur?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Tofiq bəy, Paşinyanın son addımları, Ermənistan Təhlükəsizlik Şurasının son toplantısını Xankəndində keçirməsini necə şərh etmək olar?

- Əvvəla, Paşinyanın Xankəndinə getməsinin səbəblərindən danışaq. Söhbət ondan gedir ki, Paşinyan bir ilə yaxındır populist və radikal bəyanatlar verir. Deyir ki, danışıqların formatı dəyişməlidir, biz torpaqları azad etməyəcəyik və s. Əslində ona vaxt verilmişdi ki, öz hakimiyyətini gücləndirsin, seçkiləri keçirsin, hökuməti formalaşdırsın. Bundan sonra Paşinyandan konstruktiv mövqe gözləyirdilər. Ancaq Paşinyanın bəyanatları daha da sərtləşdi. Buna cavab olaraq, həmsədrlər bəyanat verdi və danışıqların əsas mövzusunu öz bəyanatlarında qeyd etdilər. Fikrimcə, bu, Paşinyana ciddi mesaj idi. Yəni boş-boş danışmağın, bəyanatlar verməyin vaxtı başa çatıb, konkret danışıqlara qayıtmaq lazımdır. Azərbaycan da bu yandan təzyiq edərək, vasitəçilərə deyir ki, qarşı tərəf danışıqlardan qaçır, danışıqların nəticəsi yoxdur, biz öz hüququmuzdan istifadə edib işğalçını ərazilərimizdən qovmalıyıq. Hazırda Qarabağ münaqişəsi ətrafında belə bir atmosfer var.

Paşinyan işğal edilən ərazilərimizə gedərək, orada bir səhnə qurur və göstərir ki, Qarabağda işğalçı administrasiya deyil, siyasi struktur , onun mövqeyi var və onlar danışıqlarda iştirak etməlidirlər. Sözsüz ki, Paşinyanın qurduğu bu səhnəciyi heç kəs ciddi olaraq qəbul etmir. Onun davranışları da ifşadır. Məsələn, deyir ki, danışıqlar aparmaq hüququ yoxdur, belə hüquq Qarabağdakı saxta rejimdədir. Ancaq özü gedib orada görüşlər, tədbirlər keçirir. Beləcə məntiqsiz bəyanatlar verir. Bir məntiqsiz bəyanatı da sonda oldu. Bəyan etdi ki, Azərbaycan xalqına müraciət edir.

- Siz iddia edirsiniz ki, Paşinyan Xankəndində Təhlükəsizlik Şurasının iclasını keçirməklə dünyaya Qarabağda ciddi siyasi strukturun, dövlətin mövcud oludğunu sübut etmək istəyir?

- Bir məqsədi budur. Amma indi o təşviş içərisindədir. Çünki danışıqlara razılıq verməlidir. Əgər razılıq versə, orada qoyulan məsələlərin müzakirəsini qəbul etmiş olacaq. Hərçənd, Paşinyan uzun müddətdir ki, bunu qəbul etmirdi. Əgər o, danışıqlara razı olmasa, o zaman bəyanat verib danışıqlardan imtina etdiyini bildirməlidir. Hər iki variant Paşinyanın siyasi nüfuzuna zərbə vuracaq. Hazırda Paşinyan vəziyyətdən çıxmaq üçün yol axtarır. Vəziyyət göstərir ki, o, danışıqlardan boyun qaçırmağa çalışacaq. Ya rəsmən imtina edəcək, ya da danışıqların imitasiyasını yaratmaq məqsədilə addımlar atacaq. Azərbaycan xalqına müraciət etmək istəyi də onun belə addımlarından biri ola bilər.

- Paşinyan danışıqlardan imtina etsə, hansı situasiya yaranacaq?

- Hesab edirəm ki, belə bir addımın onlar üçün təhlükəsi böyükdür. Azərbaycan ictimaiyyəti və dövləti çoxdan deyirdi ki, danışıqların nəticəsi yoxdur, müzakirələr mənasız keçir, ermənilər mövzudan qaçırlar, substantiv mövzular yoxdur, ermənilər kənar mövzuların müzakirəsinə üstünlük verirlər və s. İndisə hamı başa düşür ki, Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll olunmalıdır. Azərbaycan da bir növ güzəştə gedir və deyir ki, bu addımları atmışıq, amma qarşı tərəf danışıqlardan imtina edir. Deməli güc tətbiqi üçün daha bir əsas yaranır. Sözsüz ki, beynəlxalq qanunlara istinad edərək, güc tətbiq etmək üçün əsaslarımız çoxdur. Amma bu da əlavə faktor olacaq və biz deyəcəyik ki, onlarla danışıq aparmaq mənasızıdır.

- Rəsmi Bakı ATƏT-in Minsk qrupunun son bəyanatını dəstəkləyib. Sizin qənaətiniz nədən ibarətdir?

- Əslində sizə deyim ki, həmsədrlər bəyanatda yeni bir şey deməyib. Bəyanatda konfliktin həllinə dair qeyd edilənlər haradasa 20 ildən çoxdur ki, mövcuddur. Bəyanatda yeganə yeni element odur ki, orada təhlükəsizliklə bağlı tərəflərin addımlar atmasının adını “müvəqqəti status” qoyublar. Yeganə yenilik bundan ibarətdir. Əslində müvəqqəti status texniki məsələdir. Proses belə getsə, müvəqqəti qaydalar müvəqqəti status yaradır. Bu siyasi status deyil, texniki qaydalardan irəli gəlir. Yəni hər iki tərəf öz üzərinə öhdəliklər götürür. Azad edilən torpaqlara ordunun qayıtması nəzərdə tutulmur. Mən sadəcə, birini qeyd etdim. Orada öhdəliklər çoxdur. Tərəflər bir-birinin qarşısında öhdəliklər götürürlər və texniki öhdəliklər kompleksi müvəqqəti bir vəziyyət yaradır. Onun da adını qoyublar müvəqqəti status. Yenə deyirəm, söhbət siyasi statusdan getmir. Bu, müharibə və yekün sülhün arasında olan müvəqqəti şəraitdir. 20 ildən sonra bu, yeni addır. Məntiq bundan ibarətdir: əvvəllər deyirdilər ki, münaqişə paket şəklində həll edilməlidir, indisə deyirlər ki, problem mərhələli həll planı üzrə çözülməlidir. Əslinə qalsa “müvəqqəti status” ifadəsi də ciddi bir şey deyil.

- Niyə?

- Çünki müvəqqəti, status qabağı bir şərait yaradır. Müvəqqəti statusun yeganə əhəmiyyəti ondan ibarətdir ki, bu statusu dəstəkləyən ölkələr həmsədr ölkələrdir. İndi hansı şəkildə müvəqqəti statusu dəstəkləyir və qarant dururlar, bu, ayrı bir mövzudur. Bir sözlə, bunlar köhnə və hər zaman müzakirə edilən mövzudur.

- Sizcə, Paşinyan Azərbaycan xalqına müraciət etməkdə nə məqsəd güdür?

- Paşinyan guya göstərir ki, onun xalqdan dəstəyi var, amma Azərbaycan xalqı öz liderinə dəstək vermir. Onun məqsədi nifaq salmaq və özünü reklam etməkdir. Onlar başa düşürlər ki, “inqilab” nəticəsində hakimiyyətə gəlsələr də, indi xalq arasında nüfuzları aşağı düşüb, hakimiyyət zəifləyib. Orada müxtəlif qurumlar yaranıb, Qarabağ klanı Paşinyanla qarşıdurmadadır və s. İndi onlar istəyirlər ki, belə mərkəzdənqaçma prosesini Azərbaycana şamil etsinlər. Bu da mənasız bir cəhddir. Çünki Azərbaycanın həm iqtidarı, həm də müxalifəti Qarabağ məsələsində təxminən eyni mövqedən çıxış edir. Paşinyan Azərbaycan xalqına müraciət edib nə deyəcək? Paşinyanın başında durduğu dövlət bu xalqın yaşadığı tarixi əraziləri işğal edib, bu millətin nümayəndələrini ayrı-seçkiliyə məruz qoyub, qaçqın salıb. Paşinyan üzr istəsə və torpaqları qaytardığını bəyan etsə, onun bu müraciəti Azərbaycan xalqı tərəfindən qəbul edilə bilər. Bu istisna olmaqla onun digər müraciətlərini Azərbaycan xalqı heç vaxt qəbul etməz. Hesab edirəm ki, Paşinyanın bu addımı populist gedişdir.

- Bundan sonrakı situasiya, danışıqlar prosesinin istiqaməti necə olacaq?

- Həmsədrlər hər iki tərəfin liderlərinin görüşünü hazırladığını elan edib. Hesab edirəm ki, indi Paşinyan deyəcək ki, mən bunları deyil, başqa mövzuları müzakirə edəcəyəm və s. Yəni danışıqlardan qaçmaq üçün onun yolu bundan ibarətdir. Deyəcək ki, torpaqların azad olunması məsələsini deyil, özümün irəli sürdüyüm təklifləri müzakirə edəcəyəm və s. Həmsədrlər də qeyd edirlər ki, müzakirə ediləcək mövzu budur, sən gəlib hansı ayrı mövzuları müzakirə edəcəksən? Düşünürəm ki, Paşinyan yenə də populist addımlar atmaqda davam edəcək, amma qorxusundan danışıqlardan qaçmayacaq. Əslində danışıqlardan qaçsaydı, daha yaxşı olardı.

- Paşinyanın populist addımları özfəaliyyətdir, yoxsa bunun arxasında Rusiya və daha böyük dövlətlər durur?

- Mənim şəxsi qənaətimə görə, bu, özfəaliyyətdir. Bunun həm daxili, həm də xarici səbəbləri var. O başa düşür ki, hakimiyyətə gələndə Köçəryan və Sərkisyanı Qarabağ mövzusunda tənqid edərkən, müxtəlif bəyanatlar səsləndirib. İndisə görür ki, tənqid etdiyi şəxslərin addımları daha ağıllı idi. Yəni onlar Paşinyanın indiki mövqeyini ifadə etmədən vaxtı uzatmaq xətti tuturdular. Paşinyan isə bu strategiyanı açıb.

- Hansı strategiyanı nəzərdə tutursunuz?

- Danışıqlar prosesində ermənilərin strategiyası belədir: danışıqları aparırıq, amma heç bir nəticə əldə edilmir. Hazırda bu strategiya hamıya bəlli oldu. Həmsədrlər də Paşinyanın bu strategiyadan imtina edib-etməyəcəyini gözləyir. O da elə vəziyyət yaradacaq ki, guya imtina edib, amma Sərkisyan-Köçəryan siyasətini davam etdirəcək. Ondan bunu gözləmək olar. Ya da qətiyyətlə deyəcək ki, danışıqlar prosesindən çıxır. Əgər çıxsa, lap yaxşı.

Tarix
2019.03.13 / 23:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla