Ana səhifə Gündəm |
Azərbaycan şirkətlərinin Rusiya kompaniyaları ilə əvəz edilməsi prosesi 2012-ci il - İvanişvilinin hakimiyyətə gələnməsindən sonra başlayıb.
Bu sözləri Axar.az-a açıqlamasında Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasından olan deputat Azər Süleymanov deyib.
“Bu gün Gürcüstanda bəzi qruplar gah SOCAR, Azərbaycan qazına qarşı təxribat törətməklə, gah da Gürcüstandakı azərbaycanlıların biznesinə maneə yaratmaqla məşğuldurlar. Onlar elə fikirləşirdilər ki, Rusiyadan qazı ucuz alacaqlar. Lakin bu ölkədən alınan qaz gözlənilən kimi ucuz olmadı, hətta 20 dollar Azərbaycan qazından baha oldu. İvanişvili hakimiyyəti 3-cü qüvvənin tapşırığı ilə Azərbaycanı ikinci plana atmaq istəyir.
Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdən biridir. Hazırkı gedişatdan görünür ki, iki dövlət arasında soyuqluq var və bu soyuqluq məqsədyönlü şəkildə yaradılır. Artıq Gürcüstan mətbuatında Gürcüstanın Azərbaycan biznesindən “xilası”ndan, embarqoların tətbiq edilməsindən və Bakı-Tiflis-Ceyhan boru kəmərinin bağlanmasından söhbət açılır. Əlbəttə, Gürcüstanda yaşayan azərbaycanlılar üçün bu heç də xoş münasibət deyil”, – deyə o bildirib.
Deputat Gürcüstan hökumətinin dizel yanacağı sahəsində son tənzimləmələrinin İvanişvili hakimiyyətinin ömrünü azaldan səbəblərdən biri olacağını deyib:
“Gürcüstanın 2020-ci il yanvarın 1-dən etibarən Avro-4 standartlı dizel yanacağından birbaşa Avro-5-ə keçməsindən də aydın olur ki, Azərbaycanın biznesinə qarşı süni problem yaradırlar. Heç Avropanın bəzi inkişaf etmiş ölkələri Avro-5-ə keçməyib. İki dövlətin münasibətinin pozulması prosesi Gürcüstan Prezidenti Salome Zurabişvilinin Keşikçidağla bağlı çıxışından sonra başladı. Biz çox istərdik ki, iki ölkə arasındakı münasibətlər, tezliklə, yoluna qoyulsun. Hesab edirəm ki, İvanişvili hakimiyyətinin çox uzun ömrü qalmayıb. Bu gün Gürcüstan iqtisadiyyatında ciddi problemlər qeydə alınır. Ölkənin bir tərəfində aksiyalar, bir tərəfində kriminal hadisələr baş verir, iqtisadiyyat zəifləyir və ötən əsrin 90-cı illərindəki proseslər yenidən yaşanır. Bu proseslər və Azərbaycanla münasibətlərin korlanması Gürcüstana mənfi təsir edəcək. Ölkəsinin 20 faiz torpağını işğal edən Rusiya ilə hansısa bir münasibətin qurulmasına Gürcüstan vətəndaşlarının əksəriyyəti razı deyil və onların fikirləri İvanaşvilinin fikirləri ilə üst-üstə düşmür”.
A.Süleymanov Azərbaycanla Gürcüstanın problemlərin yaranmasında təkcə İvanişvili yox, bir çox hallarda ermənilərin də aktiv rol oynadığını görməyin mümkün olduğunu söyləyib:
“Tiflisin zaman-zaman başqa sahələrdə də Azərbaycana hücumuna artıq şahid oluruq. Bir neçə gün öncə Batumidə İvanişvilinin “peyk”i olan Vətənpərvərlər Alyansı Partiyası elə İvanişvilinin dəstəyi ilə aksiya keçirdi. Bu aksiya iştirakçılarının əlindəki pankartlarda Azərbaycana qarşı heç də ürəkaçan sözlər yazılmamışdı. Onlar bu yolla ictimaiyyətin fikrini ölkənin daxilindəki problemlərdən yayındırmağa çalışırlar. Biz çox istərdik ki, hər iki dövlətin maraqları nəzərə alınmaqla bu problemlər həll edilsin. Bu problemlərin yaranmasında ermənilər də müəyyən rol oynayırlar. Onlar iki dövlət arasında münasibəti korlamağa çalışırlar. Hesab edirəm ki, siyasətdən uzaq olan hansısa oliqarx Gürcüstanı çökdürə bilməyəcək”.
İvanişvilinin hazırkı siyasətiylə Gürcüstanı de-fakto avrointeqrasiyadan uzaqlaşdırması məsələsinə münasibət bildirən müxalif deputat gürcüstanlıların AB-dən imtina etməyəcəyini vurğulayıb:
“İvanişvili Rusiyanın layihəsi idi. O, yavaş-yavaş ona tapşırılan layihəni icra etməyə başlayır. Əhalinin 80 faizi Gürcüstanın Avropa Birliyinə qoşulmasının tərəfdarıdır. Gürcüstan Rusiya ilə diplomatik münasibətləri işğal edilmiş 20 faiz torpağının azad edilməsindən sonra bərpa edə bilər. Əhali işğalçı ilə münasibətlərin yaxşılaşdırılmasına razı deyil. 3-5 min nəfərin İvanişvilinin çirkli pulları ilə Batumidə keçirilən aksiyalara qoşulması o demək deyil ki, Gürcüstan Azərbaycanla münasibətləri korlamaq istəyir. İvanişvili artıq siyasi repressiyalara başlayıb. Kim onun Rusiyaya meyilli olmasını deyirsə, həmin adamları həbsə atdırır. Amma o, bütün Gürcüstan əhalisini həbs etdirə bilməz. Biz gələcəyimizi Rusiya ilə yox, Avropa Birliyi ilə birlikdə görürük”.
Qeyd edək ki, Gürcüstan 2020-ci il yanvarın 1-dən dizel yanacağıyla bağlı yeni standartlar müəyyən edib. Yeni tənzimləmələrə əsasən, Gürcüstanda Avro-4 dizel yanacağı Avro-5 dizel yanacağıyla əvəzlənəcək.
Ölkə mətbuatı və ekspertlər isə artıq bu qərara qarşı çıxıblar. Onların fikrincə, bu qərar sayəsində ölkənin dizel yanacağına olan tələbatının 40%-ni təmin edən Azərbaycan şirkətləri Rusiya şirkətləriylə əvəzlənəcək. Belə ki, Azərbaycanda Avro-5 standartıyla istehsal 2021-ci ildə başlayacaq.
Tarix
2019.08.02 / 08:00
|
Müəllif
İlkin, Nərmin
|