Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev fevralın 9-da "Bakıelektrikşəbəkə" Açıq
Səhmdar Cəmiyyətinin yeni inşa etdiyi 110 kilovoltluq "Ağ şəhər
-1", "Həzi Aslanov", "Kürdəxanı" elektrik yarımstansiyalarının və
35 kilovoltluq 7 yarımstansiyanın açılışında iştirak
edib.
Axar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki,
Prezident İlham Əliyev "Ağ şəhər-1" elektrik yarımstansiyasına
gəlib.
"Bakıelektrikşəbəkə" ASC-nin sədri Baba Rzayev dövlətimizin
başçısına 110/35/6 kilovoltluq "Ağ şəhər -1" yarımstansiyası barədə
məlumat verib. Bildirilib ki, qapalı tipli bu yarımstansiya "Ağ
şəhər" layihəsi üzrə tikilən yaşayış komplekslərinin, "Yeni
Bulvar"ın və digər qeyri-yaşayış obyektlərinin elektrik
təchizatının təmin edilməsi, eləcə də bu ərazidə elektrik
enerjisinə artan tələbatın ödənilməsi məqsədilə inşa olunub.
Orijinal layihə əsasında tikilən yarımstansiya da ölkəmizdə
aparılan yenidənqurma tədbirlərinin miqyası və keyfiyyətinin daha
bir əyani nümunəsidir. Açıq tipli yarımstansiyalardan xeyli az yer
tutan, funksional baxımdan isə böyük üstünlüklərə malik belə
qurğular xüsusilə meqapolislər üçün olduqca əlverişlidir. Bütün
yarımstansiyalarda olduğu kimi, burada da ətrafda əsaslı abadlıq və
yaşıllaşdırma işləri aparılıb. "Bakıelektrikşəbəkə"nin qəza xidməti
və digər xüsusi maşınları da işin operativ yerinə yetirilməsinə
hərtərəfli imkan yaradır. Həmin avtomobillərdən birinci Avropa
Oyunlarının keçirilməsi zamanı da geniş istifadə olunacaq.
Yarımstansiyanın girişində ulu öndər Heydər Əliyevin və
Prezident İlham Əliyevin ölkəmizin elektroenergetika sisteminin, o
cümlədən ötürücü və paylayıcı şəbəkələrin inkişafı üçün həyata
keçirdikləri kompleks tədbirlərə dair fotostend yaradılıb. Burada
"Bakıelektrikşəbəkə"nin 2006-cı ildə fəaliyyəti bərpa ediləndən
bəri reallaşdırdığı layihələr də əksini tapıb. Yarımstansiyada
işçilərin normal fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.
Dövlətimizin başçısı "Ağ şəhər – 1" yarımstansiyanın dispetçer
idarəetmə otağı ilə tanış olub.
Prezident İlham Əliyevə "Bakıelektrikşəbəkə"nin mövcud, təmirə
ehtiyacı olan və tikilməsi vacib sayılan 110 kilovoltluq
yarımstansiyaları barədə məlumat verilib. Bildirilib ki, 110
kilovoltluq 10 yarımstansiyanın əsaslı şəkildə yenidən qurulmasına
və 10 yeni yarımstansiyanın tikintisinə ehtiyac var.
Dövlətimizin başçısına "Ağ şəhər" kompleksinin elektrik
təchizatı sxemi nümayiş etdirilib. Qeyd olundu ki, perspektiv
planda "Ağ şəhər" layihəsi üzrə tələb olunan gücün qarşılanması
məqsədilə yaxın gələcəkdə 110/35/6 kilovoltluq "Ağ şəhər-2", "Ağ
şəhər-3" və "Ağ şəhər-4 yarımstansiyalarının inşası, eləcə də həmin
energetika qurğularının ikidövrəli 110 kilovoltluq kabel xətti
vasitəsilə əlaqələndirilməsi nəzərdə tutulub.
Bildirildi ki, köhnə yarımstansiyanın yerində inşa olunan yeni
110/35/10 kilovoltluq "Həzi Aslanov" yarımstansiyası da müasirliyi
ilə diqqəti çəkir. Yarımstansiyanın qidalandırılmasının
gücləndirilməsi üçün bu energetika qurğusu 110 kilovoltluq "1-ci
Əhmədli" hava xəttindən açılaraq 110 kilovoltluq kabel xətləri
vasitəsilə iki mənbə - "Əhmədli" yarımstansiyası və "Bakı İstilik
Elektrik Mərkəzi – 1" elektrik stansiyası ilə əlaqələndirilib. Bu
layihə çərçivəsində "Həzi Aslanov" və "Ağ şəhər -1"
yarımstansiyaları arasında 110 kilovoltluq ikidövrəli kabel
xətlərinin çəkilməsi nəzərdə tutulub. "Həzi Aslanov"
yarımstansiyasında müasir eleqaz və vakuum tipli avadanlıq
quraşdırılıb. Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer
sisteminə qoşulub.
Qeyd olunub ki, 110/35/6 kilovoltluq "Kürdəxanı"
yarımstansiyasının inşasına da kəskin ehtiyac duyulurdu. "Bakı
şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı" çərçivəsində və yeni yol qovşağının inşası ilə
əlaqədar 35/6 kilovoltluq 498 saylı yarımstansiyanın əvəzinə
tikilən yeni yarımstansiya Sabunçu rayonu və ətraf qəsəbələrin,
eləcə də gələcəkdə inşa olunacaq yaşayış komplekslərinin,
istirahət, sosial obyektlərin elektrik enerjisi ilə təminatının
yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bu energetika qurğusu da
ən müasir avadanlıqla təchiz edilib və SCADA sisteminə qoşulub.
Prezident İlham Əliyevə yeni inşa olunan 35 kilovoltluq 7
yarımstansiya barədə də məlumat verilib. Bildirildi ki, bu
yarımstansiyalar paytaxt və qəsəbələrin dayanıqlı və keyfiyyətli
elektrik enerjisi ilə təchizatı ilə yanaşı, ölkəmizdə beynəlxalq
tədbirlərin də yüksək səviyyədə keçirilməsinə hərtərəfli şərait
yaradır, dairəvi təchizat sxeminin etibarlılığını daha da artırır.
Yeni 35 kilovoltluq yarımstansiyaların bir qismi 2014-cü ildə
Azərbaycanda "Sənaye ili", həmçinin ölkəmizdə sənayeləşmə siyasəti
çərçivəsində nəzərdə tutulan tədbirlərin dolğun həyata
keçirilməsinə xidmət edir. Bundan başqa, bu yarımstansiyalar
birinci Avropa Oyunları ilə əlaqədar paytaxtın elektrik şəbəkəsində
reallaşdırılan mühüm və kompleks tədbirlərin də tərkib
hissəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevə birinci Avropa Oyunları
obyektlərinin elektrik təchizatı sxemi də nümayiş etdirilib.
Dövlət başçısına "Bakıelektrikşəbəkə"də tətbiq edilən yüksək
texnologiyalar və elektron xidmətlər barədə də ətraflı məlumat
verildi. Qeyd olundu ki, şəbəkə şəffaflıq və operativliyin təmin
edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Ötən ilin
may ayından etibarən əhaliyə "ASAN xidmət" mərkəzlərində
"Bakıelektrikşəbəkə" ilə bağlı bir sıra xidmətlərin göstərilməsinə
başlanıb.
Sonra dövlət başçısı "Ağ şəhər-1" yarımstansiyasını işə
salıb.
Prezident İlham Əliyev yeni yarımstansiyada quraşdırılan
avadanlıqlarla tanış olub. Qeyd edildi ki, yarımstansiyanın
qidalandırılması birinci dairəvi sxemə daxil olan "Liman" və "Həzi
Aslanov" yarımstansiyalarından 110 kilovoltluq ikidövrəli kabel
xətləri vasitəsilə yerinə yetiriləcək. Yeni yarımstansiyaların işə
düşməsi ilə elektrik şəbəkəsində 9 faiz güc artımı yaradılıb.
Ümumilikdə, "Bakıelektrikşəbəkə"nin fəaliyyətinin bərpa edildiyi
2006-cı ildən bəri şəbəkənin güc qəbuletmə və paylama qabiliyyəti
105 faiz artıb. Yarımstansiyada 50 meqavoltamper gücündə iki müasir
transformator da quraşdırılıb.
Yeni yarımstansiyaların açılış mərasimində iştirak edən
Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi, kollektivə
uğurlar arzulayıb.