Kult.az xalq artisti
Fəxrəddin Manafovla müsahibəni təqdim edir.
– Kimdir axı Fəxrəddin Manafov? Qadınların sizi
sevməsinə səbəb, bəlkə, elə sadəcə, yaraşıqlı kişi obrazınız və
səsinizdir? Buna da aktyorcasına bir "aktyor donu" da
geyindiriblər? Başqa yaxşı aktyorlar da var axı. Bəlkə, sizə olan
sevgi, sadəcə, surətpərəstlikdir?
– Buna məni tanıyan, məni sevən adamlar daha yaxşı cavab verə
bilər. Mən özüm haqda deyə bilərəm ki, səmimiyyətim çılpaqdı, heç
nəyi gizlətmirəm. Əgər ekrandan gözə baxıramsa, çox səmimiyəm,
danışıramsa, çox səmimiyəm. Bir səbəb bu ola bilər.
– "Təhminə" filmində "Zaur" obrazı üçün sizdən əvvəl
nəzərdə tutulan aktyorun sizə məğlub olma səbəbi nə
idi?
– Məğlub olması? Bu suala ən yaxşı cavabı rəhmətlik Rasim Ocaqov
verə bilərdi. Operator Kənan Məmmədov, rəssamlar, aktyorlar və
yaxud bəstəkar Emin Sabitoğlu da bu suala cavab verə bilməzdi. Bu,
məğlubiyyət deyildi. Sadəcə, hər rejissorun öz məqsədi,
konsepsiyası, istəyi var. Və ola bilsin ki, hardasa insan
faktorudu, Rasim müəllim hansısa bir ana inanıb onu dəvət eləyib,
amma vaxt keçəndən – 200-300 metraj çəkdikdən sonra görüb ki, yox,
istədiyinə nail ola bilməyəcək, dəyişdirib, zənnimcə. Amma mən
eşitmişəm ki, orda nələrsə baş verib ki, Rasim müəllim o aktyordan
imtina edib. Bir də o dövrü yadımıza salaq: bu film o vaxt ilk
filmlərdən idi ki, sponsorluq, messenatlıq filan var idi – nə
dövlət tərəfindən maliyyələşdirilirdi, nə də hansısa bir studiya,
şirkət tərəfindən. Titrlərə baxsanız, görəcəksiniz ki, həm
Türkiyədən, həm də Azərbaycandan maliyyələşdirən, bunun arxasında
dayanan insanlar var idi. Və bu adamlar deyə bilərdilər ki, "mən
filan aktyorun, aktrisanın oynamasını istəyirəm". Ola bilər ki,
deyiblər, sonra da alınmayıb. Mən o vaxt Livanda – Beyrutda
çəkilişdə idim. İki müştərək studiya var idi – Dovjenko (Ukrayna)
və Same film (Beyrut). Bir də Fransanın "Channel 3" kanalı da film
çəkirdi. Mən Beyrutda filmə çəkilirdim. "Təhminə" filminin çəkiliş
müddətindən iki ay keçəndən sonra kinostudiyanın həndəvərində mənə
çatdırdılar ki, "Rasim müəllim sizi gözləyir". Ondan sonra bildim
ki, aktyoru dəyişdiriblər. Məğlubiyyət və ya qələbə...
– Rasim Ocaqov sizi sınaq çəkilişlərində yoxlamaq
istəyəndə demisiniz ki, "siz həmişə məni sınaq olmadan filmə
çəkirsiniz".
– Ola bilər, belə söhbət olsun, amma tam bu formada olmayıb.
Rasim müəllim məni sınağa çağıranda hiss elədim ki, burda nəsə
başqa şey var. Özüm dedim ki, "Rasim müəllim, əgər bu, sadəcə, "quş
qoymaq" naminədirsə, olmasın". O, çox həssas adam idi, məni də çox
istəyirdi. Dedi ki, "pulu verənlər o aktyorun çəkilməsini
istəyirlər. Mən onu çəkmək məcburiyyətindəyəm. Mənim nəyə qadir
olduğumu Rasim müəllim məndən də yaxşı bilirdi. İlk dəfə "Park"
filminə çəkiləndə gecələr saatlarla "Yaşıl qapı arxasında" filmində
çəkilən Rodion Naxapetovla mənim şəklimə baxırmış. Zövcəsi ona
deyirmiş ki, "neynirsən, bu şəklə belə çox baxırsan? Elə Naxapetovu
çək də. Rasim müəllim isə deyib ki, "Yox, bu uşaqda nəsə var".
Mənim xoşbəxtliyim onda oldu ki, Rasim müəllim çox cəsarətli
davrandı – cavan, təcrübəsiz bir aktyoru seçib ona baş rolları
həvalə etdi. O həm inanırdı, həm öyrədirdi. Bilirdi ki, mən nəyə
qadirəm, nəyə qadir deyiləm. Gördü ki, film alınmayacaq, hamını
inandırdı ki, aktyoru dəyişmək lazımdı və dəyişdi.
– Deyirsiniz ki, peşənizlə bağlı verilən standart
suallardan yorulursunuz. Hansı futbol komandasına azarkeşlik
edirsiniz?
– Mən gözümü açandan "Neftçi" komandasının oyunlarını izləmişəm,
azarkeşlik etmişəm. Bugünkü millimizə də uğurlar arzulayıram. Vaxt
gələr milli komandamız da yaxşı oyun nümayiş etdirər. "Qarabağ"
komandası da gözəl oyunları ilə sevindirir.
– Mütaliəli adamsınız. Bədii, fəlsəfi və ya başqa
mövzularda hansı kitabları oxuyursunuz?
– Siz imtahana çəkirsiniz məni? Bu, sevmədiyim sualdı. Əgər bir
adam bu sualı verirsə, qarşındakının İQ səviyyəsini – sevmirəm bu
ifadəni – yoxlayır, hansı qatda olduğunu bilmək istəyir. Elə
adamlar var ki, minlərlə kitab oxuyur, amma oturub söhbət eləmək
olmur. Mən çox oxuyuram və əlimə keçəni oxuyuram. Bir şey ki, kağız
üzərinə yazıldı, o artıq maraqlıdı.
– Bəlkə, heç İQ səviyyənizi yoxlamaq üçün deyil, sadəcə,
tamaşaçınız üçün sizin nə oxuduğunuz maraqlıdır?!
– Mən bu gün əlifbanı da oxuyuram.
– Mənə maraqlı gəldi ki, çağdaş ədəbiyyatımızın
nümayəndələrindən, bəlkə, kimisə oxumusunuz. Çünki adətən, onları
oxumaq üçün elə bil, yaşlanmaqlarını gözləyirik. Hansısa aktyor,
müğənni heç, hətta yazı-pozu adamlarının özləri də çox vaxt
gəncləri oxumağa vaxt ayırmır. Məsələn, yazıçı Anar etiraf edir ki,
mən gəncləri çox oxumuram.
– Xeyr, bu, səhv düşüncədi. Məni o insanlarla bir sıraya
qoymayın. Təxminən, anladım söhbət hansı tərəfə gedir. Mən hər şeyi
oxuyuram – çağdaşı da, əskini də. Mənim bir dostum var – Elman.
Sənətə-filan aidiyyəti yoxdu, başqa bir sahənin adamıdı, sadəcə,
kitabsevərdi. O, tez-tez Rusiyaya, Almaniyaya gedir, oradan mənə
rus dilində olan, çətin tapılan kitablar gətirir. Bu yay mən elə
kitablar oxumuşam ki, burda onların heç birini tapmaq mümkün
deyil.
– Əksər vaxtlarda filmlər əsəri olduğu kimi
canlandırmaqda çətinlik çəkir. Siz obrazların təbiiliyini qorumaq
üçün çox canfəşanlıq eləmisiniz, yoxsa sadəcə, alınıb? Zəhmət,
yoxsa istedad?
– Belə bir söz var: "Süpürgədən də güllə çıxa bilər". Təbii ki,
çalışmasan, heç nə alınmır. Ümumiyyətlə, "alınıb-alınmamaq" söhbəti
təsadüfi xarakter daşıyır. Hərçənd ki, dünyada təsadüfi şey yoxdu,
hər şey zərurətdən doğur. Hətta daşın damdan yerə düşməsi də
təsadüfi deyil – vaxt keçir, yağış yağır, külək əsir və daşın
düşməyi zəruriləşir. Elə deyil?
– Elədir.
– Rəhmətlik müəllimim Vaqif İbrahimoğlu bu sənətə gələndən məni
teatrda peşəkarlığa sövq edib. Kinoda isə Rasim Ocaqov. Yəni mən
hansısa bir işi götürəndə onlarla məsləhətləşmişəm. Bu gün Rasim
müəllim yoxdu, Ramiz Həsənoğlu var, hansı ki, mən bu yaxınlarda
onunla Anar müəllimin ssenarisi əsasında "Bakıxanov" rolunu
oynadım. Fəxrəddin müəllim əgər hansısa işə başlayıbsa, onu
eləməlidi. Aktyorluq bədahətən olan bir sənətdi – matematik
cəhətdən zərrə-zərrə yığılma bir sənətdi. Bunu mən bilirəm – bunu
mənə öyrədiblər. Başqa aktyorlar edir-etmir, bilmirəm, öz işləridi,
amma mən əlimə aldığım işi axıra çatdırıram. Əvvəlcə rejissordan
soruşuram ki, nə istəyir, hara yönəltmək lazımdır və s. (Mən
istəmirəm terminlərlə danışım, çünki deyəcəklər, "başlayıb
ağıllı-ağıllı danışmağa". Amma heç olmasa, "konsepsiya" sözünü deyə
bilərəm). Mən konsepsiyanı bilmədən işləyə bilmərəm. Mən
canlandırdığım obrazın paradiqmasını bilməsəm, səhnəyə çıxmaram.
Mən peşəkaram, bu da təsadüfi deyil, hər şeyi qura-qura, yoluna
qoya-qoya gətirib bu səviyyəyə çıxarıram.
– Pafos yoxdu sizdə – nə oynadığınız rollarda, nə də
danışığınızda. Belə olmasına çalışırsınız, yoxsa elə bu
cürsünüz?
– Bu sual məni maraqlandırdı, çox gözəl sualdı. İlk növbədə bu,
mənim öz təbiətimdən, mənə keçən tərbiyədən, ata-anamın mənə dediyi
nağıllardan, mənim doğulduğum və uşaqlıqda olduğum mühitdən,
yan-yörəmdə olan insanların mənə, mənim də onlara olan
münasibətimdən, daxili mədəniyyətdən, sonradan isə Vaqif
İbrahimoğlu kimi bir müəllimimin olmasından irəli gəlir. Yəni məndə
pafosun olmaması çox təbiidi. Pafos olan yerdə mən özümü çox pis
hiss edirəm, qaçıram o yerdən. Çünki qeyri-səmimiyyəti xoşlamıram.
Mən çox səmimi insanam.
– Pafos qeyri-səmimiyyətdir?
– Bəli, pafos qeyri-səmimiyyətdir. Məsələn, bu, işıqdı, mən
demirəm ki, bu, Günəşdir. Əlimdəki telefondursa, bu başqa bir cihaz
deyil. Qarşımda olan insandırsa, onun gözləri ilə söhbət
eləməliyəm, libası və yaxud başqa bir şeylə yox. Pafos nəyinsə
arxasında gizlənməkdi. Məsələn, deyirlər, filankəs "xarizmatik" bir
insandı. Mənim üçün xarizma insanın üzündə, gözündədir – əgər
insanın daxili mədəniyyəti, düşüncəsi, ağlı, zəkası simasında
cəmlənibsə, o, xarizmatik adamdır. Əgər bu şeyləri gizlədibsə,
təbii ki, o, xarizmatik adam deyil. Səmimi adamlar çox xarizmatik
olur. Çünki o, cəmiyyət arasında da, özü ilə tək qalanda da,
eynidir, dəyişməyə ehtiyac görmür. Qısası, pafos və mən...
– Əks qütblərsiniz?
– Bəli, bəli...
– Təzadlı adamsınız.
– Yox.
– Axı bir dəfə özünüz etiraf eləmisiniz ki, bir gün
kinostudiyada – dəhlizdə Rasim Balayevlə rastlaşmısınız və
bir-birimizin yanından keçəndə Rasim bəy sizə ehtiyatla salam
verib. Sonra da fikirləşmisiniz ki, "o mənimlə niyə belə ehtiyatla
salamlaşdı?"
– Mən, sadəcə, onu deyə bilərəm ki, mənim daxilimdə nə varsa,
üzümdədi.
– Maraqlıdır, materialist düşüncədəsiniz, yoxsa
idealist?
– Mən rasional olsaydım, aktyor olmazdım. Aktyorlar çox
emosional olurlar. Təbii ki, mən idealistəm. Dünyanın o biri üzünə
də, bu biri üzünə də inanıram, materialist ola bilmərəm.
– Ən məşhur filminiz – "Təhminə" filmi...
– O, mənim üçün deyil, sizin üçün – tamaşaçılar üçün ən məşhur
filmdi.
– Olsun. Bu filmin adını çəkəndə yazıçı Anardan,
rejissor Rasim Ocaqovdan çox, filmin əsas qəhrəmanı olan
"Təhminə"dən çox sizin adınız çəkilir.
– Siz öz məqalənizdə mənə vermək istədiyiniz bütün suallara
cavab tapmısınız, ehtiyac yoxdur.
– Mən o məqalədə əsərdən danışmışam.
– Amma konsepsiyasını gətirib çıxarmısınız filmə. Məsələn, Rasim
müəllimin başqa bir filmi var: "Ölsəm bağışla". Orda da, qəhrəman
tapançanı verir və ölür. Kim görür, soruşur ki, niyə tapançanı
verdin? Deyirəm, tapançanı verməsəydim, məni öldürməsəydilər, sən
heç o filmə baxmazdın, baxsan da, yadında qalmazdı. "Təhminə"də də
elədi. İnsan oğlu nağılı çox sevir, çünki nağıldır, gerçəklik
deyil. Bütün həyatımız boyu – gözümüzü açandan yumana qədər
gerçəkliyi də çalışırıq nağıl eləyək. Yaşayışımızı da,
davranışımızı da, hətta evdə mübahisə olandan sonra da çalışırıq
onun sonunu nağıla çevirək ki, axırı yaxşı qurtarsın. Bu baxımdan
"Təhminə" yaddaqalan bir film oldu. Hər kəs orda nağıl gözləyirdi
və nağıl da oldu. Bəs nəyə görə nağıl oldu, baxmayaraq ki, Təhminə
ölür, Zaur başqası ilə evlənir? Filmin sonunda Zaurun arvadının
verdiyi siyahını oxumasında nağıl elementləri var idi.
– "Nağıl elementi" deyəndə nəyi nəzərdə tutursunuz orda?
Məncə, o real, mental Azərbaycan ailəsi ilə bağlı kiçik bir epizod
idi.
– İnanın ki, Azərbaycanda, Yeni Zelandiyada və yaxud Almaniyada
olsun, sevgi, münasibət – hamısı eynidi, heç biri mentalitetə
baxmır. Sadəcə, qadağa, tabu – olar-olmaz məsələsi var. Əsər elə
bir dövrdə yazılıb ki, burda hansı mentalitetdən söhbət gedə bilər?
Bu, sadəcə, Zaurun zəifliyi, cəmiyyətdən qorxması – ata-anasının nə
deyəcəyindən çox "cəmiyyət nə deyər" düşüncəsi idi. Bu gün şəhər
doludu elə uşaqlarla. Mən hərdən müşahidə edirəm. Bir də görürsən,
şəhərdə qol-qola gəzirlər, amma hiss eləyirəm ki, bu oğlan sabah
artıq "nəyisə" əldə etdikdən sonra, o qızdan ayrılıb gedəcək.
Zaurlar çoxdu...
– "Kefli İsgəndər", bir də "Otel otağı"ndakı "Kərim"
kimi bir obraz... Həm çılğın, həm də xaraktercə sakit bir obrazı
oynamaq...
– İndi mən desəm ki, "mən Kefli İsgəndəri oynamışam", mənim üçün
ayıb olar. Siz "Qəm pəncərəsi" filmini nəzərdə tutursunuzsa, mən
orda Anar müəllimin yazdığı ssenari əsasında olan filmdə "İsgəndər"
rolunu oynamışam. Ümumiyyətlə, Anar müəllimin bütün filmləri
maarifçilik xarakteri daşıyır. Əgər fikir vermisinizsə, onun
filmlərində aktyorlarla yanaşı qeyri peşə sahibləri də çəkiliblər –
bəstəkarlar, rejissorlar, hətta jurnalistlər də. Anar müəllim bir
dövrün, bir epoxanın parıldayan insanlarını yığıb film çəkir və bir
müddət sonra bu film çox qiymətli olur. Hələ onun təkcə bədii
tərəfini demirəm, Azərbaycan ədəbiyyatının parlaq simaları olan
şəxsiyyətlərin xatırlanması baxımından deyirəm. Hər əsərdən
parçalar verərək nə demək istədiyini çatdırır. Ona görə də Mən
"Kefli İsgəndər"i oynamışam" deyə bilmərəm. O ki qaldı "Otel
otağı"na, bu gün mənə desəydilər ki, "bu günə qədər oynadığın
rollardan hansını bir daha oynayardın?" Mən məmnuniyyətlə, "Kərim"
obrazını deyərdim. Əsas yaş etibarilə, deyirəm. Filmin çəkilişindən
bir xeyli müddət keçib, indi mən o obraza tamam başqa cür
yanaşardım. Bir də Rasim müəllimdən bir xahiş eləyərdim ki,
türkoloq müəllimə olan münasibətini dəyişsin. Çünki orda yalnız
Kərimin qızının xoşbəxtliyini istəməsi ön planda dayanır. Mən onda
Rasim müəllimə dedim ki, bu obrazın peşəsinə aid olan bir an
görmürük. Dedi, nə təklif eləyirsən? Dedim, İstanbulun hər addımı
tarixdi. Gəlin gedək bir muzeyə, uçulmuş, dağılmış bir yer
tapaq.
"Kərim orda hər şeyi unutmuş halda nəsə yazır-yazır. Birdən
kimsə soruşur, "əfəndi, neyləyirsiniz burda?" Kərim deyir, "bir
dəqiqə, mane olma". O, yazdıqca da qulağına səslər gəlir, uşağının
xoşbəxt olması üçün işləyib pul qazanmalı olduğunu unudur və öz
dünyasına qapanır. Muzeyin işçisi pul verib, sonra muzeyə girə
biləcəyini deyəndə, sanki, reallığa qayıdır".
Belə bir şey təklif elədim, oturduq yazdıq da Rasim müəllimlə.
Amma təəssüflər olsun ki, bələdiyyə gəlib dedi ki, "bu gün bazardı,
burda çəkiliş edə bilməzsiniz". O hissə filmdə olsaydı, Kərimin
peşəsini daha da açardı. Onun türkoloq kimi çıxışları-filan
verilir, amma təfərrüatı ilə deyil.
– Razıyam, məişət səpkisində olan məsələlər ön plana
çıxıb. Təhminə qədər hansı qadını qısqanmısınız?
– Mən hətta sevmədiyim qadınları da qısqanıram. Belə çıxır ki,
"Mən və mən". Məndən başqa heç kim olmamalıdır!
– Eqo?
– Bəli, eqodur. Tam ürəkdən yaza bilərsiniz ki, "Mən çooox
eqoist bir insanam". Hətta özüm də fikirləşirəm ki, belə olmaz, bu
dərəcədə eqoist olmaq olmaz.
– Adətən, tanınmış adamlara sual verəndə elə cavab
verirlər ki, sanki, bunlar 50-60 illik həyatlarında bircə qadın və
ya kişi seviblər, bu da onların həyat yoldaşlarıdır. Bəlkə, evdə
olacaq davadan qorxurlar?
– Təbii ki, mümkün olmayan şeydi.
– 40-50 il eyni adamı, eyni templə necə sevmək olar
axı?
– Bağlılıq başqa şeydi. Mən bu günə qədər yalnız öz zövcəmə
bağlı olmuşam, onunla da yaşayıram. Bir dəfə olub, bununla da bitib
gedə bilər. Deyim ki, belə də olacaq, bu da düzgün deyil, həyatdı,
hər şey ola bilər. Elə bir şey baş verə bilər ki, onu yalnız Allah
bilir. Bu, əlbəttə, düzgün deyil.
– Sizin azadlığınız sərhəd tanıyır? Məsələn, bəzən
teatrda improvizələr edirsiniz, rollardan kənara çıxmalarınız olur.
Bəzən hətta bunu "xuliqanlıq" adlandırırsınız. Roldan kənarda –
xarakterinizdə də bu var?
– Əlbəttə. Əgər elə olmasaydım, teatrda "o qələt"i eləyə
bilməzdim. (gülür) Teatrda tamaşa gedə-gedə – vacib bir anda bir də
görürsən ki, kimsə telefonla danışır və ya əyilib yanındakı ilə
söhbət eləyir. Düzdü, buna bəhanə gətirə bilərlər ki, "siz tamaşanı
çox pis oynayırsınız". Amma yox, o deyil. Çünki əgər mən
mədəniyyət, mərifət adamıyamsa, görsəm ki, maraqsızdır, heç olmasa,
baxanlara hörmət eləyərək susaram və yaxud tamaşaya gəlmərəm.
Gəlmisənsə, dözüb baxmalısan. Mən bunu nəyə görə deyirəm? Çünki bu
hadisələrlə qarşılaşdığım tamaşalar çox baxımlı tamaşalar olub. Elə
olub ki, tamaşa vaxtı söhbət edən tamaşaçının yanında sakitcə gedib
oturmuşam ki, qoy söhbət eləsin, sonra danışarıq. Hətta suallar da
vermişəm, çaşıb qalıblar. Azadlıq sualına cavab verirəm. Azadlıqdan
gözəl bir şey yoxdur. Mən, təxminən, 10-12 il bundan qabaq başa
düşdüm ki, azadlıqdan şirin şey ola bilməz. Əgər sənin daxili
azadlığın varsa, səndən xoşbəxt adam yoxdur. Əgər sən ondan qorxub,
məhdudiyyət qoyursansa, çərçivəyə salırsansa, onda alınmır. Amma
təbii ki, azadlığın da hüdudu var.
– Xaos deyil yəni.
– Bəli, hüdudu olmayanda anarxiyaya gedib çıxır. Mən,
ümumiyyətlə, nə inqilabı, nə də inqilabçıları sevirəm. Çünki
inqilabçılar dağıdıcı xarakterdədirlər. Yəni hər hansı bir qurumu
dağıdıb yeni bir qurum yaratmaq geriyə düşməkdi, irəli getmək deyil
– istər siyasi olsun, istərsə də sosial. Əgər inqilab olub Sovetlər
qurulmasaydı, gör nə qədər irəli gedərdik. Quruldu və 70-80 il
keçdi, təzədən dağıldı. Bir də uzun müddət lazımdır ki, zəka,
fikir, anlayış, baxış yenidən dəyişsin. Buna 20-30-40 il lazımdı.
Bu baxımdan mən o azadlıqdan danışmıram. O azadlığı da gördüm. Mən
daxili azadlıqdan danışıram.
– Qrup yoldaşlarınız sizin haqqınızda danışanda deyiblər
ki, "biz dərsdən qaçıb harasa gedəndə Fəxrəddin deyirdi ki, yox,
mən dərsə gedirəm. Belə çıxır ki, siz gəncliyinizdə standart həyat
yaşamısınız – ev-dərs, dərs-ev?
– Mən bildim siz onu hardan oxumusunuz. Onu oxuyanda mən çox
təəccüb elədim.
– Elə mən də.
– Bəlkə də o, məni ideallaşdırmaq istəyib, ona görə elə deyib,
amma elə olmayıb. Universitetdə oxuyanda mənim cəmi bir dəftərim
var idi. Həmin dəftərdə bütün fənlər yazılmışdı. Əslində, dərsdən
qaçmağın azadlığa heç bir dəxli yoxdu. Ümumiyyətlə, mən buna
"dərsdən qaçmaq" da demirəm. "Qaçmaq" nə deməkdir?! Sadəcə, işim
olanda dərsə getməmişəm.
– Hansı rolu oynamaq istəməzsiniz? Aktyorlar, adətən,
deyir, bütün rolları sevə-sevə oynayıram.
– Artıq çəkilmiş filmlərdə?
– Fərqi yoxdur.
– Yəqin ki, mənəviyyatsızlığı, dağıdıcı xarakter daşıyan,
psixikaya təsir edən, ümumiyyətlə, estetikadan uzaq olan rolları
oynamaq istəmərəm.