Ana səhifə Gündəm |
Bir neçə gündür Avstraliyanı cənginə alan və yüzminlərlə bitkinin, heyvanın məhvinə səbəb olan meşə yanğınları bütün dünyanın gündəmindədir. Söndürülməsi üçün əksər ölkələrin də səfərbər olduğu yanğının başvermə səbəbləri, təbiətə və insanlara dəyən zərərin miqyası tam müəyyənləşdirilməsə də, bu dəhşətli olay planetimiz üçün böyük təhlükə hesab edilir.
Mövzu ilə bağlı Axar.az-a geniş açıqlama verən İngiltərənin Bristol Universitetində “Ətraf mühit siyasəti və idarəetməsi” ixtisası üzrə magistr təhsili alan ekspert Cavid Qara bildirib ki, Avstraliyada baş verən bu kimi yanğınlar əsasən təbii prosesdir və bu, tarix boyu yerli xalqın həyat tərzində, mifologiyasında öz əksini tapıb.
C.Qara qeyd edib ki, bəzi hallarda bu yanğınlar planlı şəkildə həyata keçirilib:
“Təbiət daim özünü bərpa edir. Bu gün Avstraliyada əsas problem məskunlaşma və təsərrüfat əlaqələrində yanğın ərazilərini yetərincə nəzərə almamaq və təbiətlə harmoniyadan uzaqlaşmadır. Hazırda Avstraliyada yay fəslidir. 2019-cu ilin yay mövsümündən başlayan yanğınlar ən irimiqyaslı yanğın hesab edilir. Buna səbəb kimi Avstraliyada son illərin ən isti və quraq yayının yaşanması və küləklərin sürətli olması göstərilir”.
C.Qara bildirib ki, builki yanğınları daha dağıdıcı və söndürülməsi çətin edən səbəblərdən biri də hadisənin otluq və kolluqlarla yanaşı, meşələrə də keçməsidir:
“Meşələrdə yanğın materialı və tüstü daha çox, hərəkət daha məhdud olduğu üçün yanğın söndürmə işləri çətinləşir. İnsanlarda xüsusi həssaslıq yaradan heyvanların yanaraq ölməsi hallarında isə çəpərləmə və digər infrastruktur bariyerlərinin təsiri yüksəkdir. İnsanlar tərəfindən qurulan çəpərlər yanğın zamanı heyvanların qaçıb qurtulmasına maneə yaradır. Bunlar ciddi araşdırılmalı və təsirin azaldılması üçün tədbirlər görülməlidir. Həmçinin son onilliklərdə salınmış plantansiyaların və təbiətə digər müdaxilələrin yanğına səbəb olma, itkiləri artırma və yanğınsöndürməyə maneəçiliyi ciddi araşdırılmalıdır. Avstraliya bu kimi yanğınların qarşısını almaq və itkilərin sayını azaltmaq üçün potensial yanğın ərazilərində məskunlaşma, infrastruktur və təsərrüfat əlaqələrinə yenidən baxmalıdır”.
C.Qara əlavə edib ki, Avstraliyada baş verən dəhşətli yanğının söndürülməsinin mümkün olmamasına səbəb hökumətin yanğınsöndürmə xərclərinə maksimum qənaət etməsidir:
“Hazırda Avstraliyada qatı sağ yönümlü Liberal-Milli koalisiya hakimiyyətdədir və yanğınsöndürmə xərclərinə maksimum qənaət edildiyini və səfərbərliyin adekvat olmadığını istisna etmirəm. Qatı kapitalist toplumda yanğının səbəb ola biləcəyi potensial iqtisadi itki yanğınsöndürmə xərclərini üstələmirsə, yanğınsöndürmə əlavə xərc hesab edilir. Üstəlik, baş verə biləcək iqtisadi itkinin bir hissəsi sığortalanıb və sığorta şirkətləri tərəfindən qarşılanacaq. Sığorta şirkətləri isə müəyyən həddə qədər sığorta ödənişlərini etməkdə uzunmüddətli dövr üçün maraqlıdır. Ehtimal ki, qarşıdakı illərdə sığorta haqqları və müqavilələrin sayı tələbata uyğun artacaq. Sığorta şirkətləri müflis olacaq həddə yüklənsə, kapitalist hökümət yenə onların karına gələcək və böyük dotasiyalar ayrılacaq”.
Bu yanğınlar zamanı dünya əhalisini ən çox narahat edən məqam həm də qitəyə xas heyvanların məhv olma təhlükəsidir. C.Qara bildirib ki, yanğın həqiqətən də qitəyə məxsus bəzi heyvanların nəslinin kəsilməsinə səbəb olacaq:
“Xüsusilə bir adada sıçankimilərə aid bir növün nəslinin kəsilmə təhlükəsi ilə bağlı əsaslı narahatlıq var. Kenquru və koalaların sayında azalma olacaq. Ancaq tezliklə əvvəlki say bərpa olunacaq. Lakin “Qlassi Blək Kokatu”(Glossy Black Cockatoo) adlı quşun nəslinin kəsilməsi təhlükəsi ciddi narahatlıq yaradıb. Həmçinin, bir sıçan növünün nəslinin kəsilməsi təhlükəsi də var”.
C.Qaranın sözlərinə görə, Avstraliyadakı yanğınlar yanvar və fevral aylarında da davam edəcək:
“Öncəki illərin təcrübəsi təkrarlansa, qarşıdakı aylarda yanğınlar daha güclü olacaq”.
Xatırladaq ki, Avstraliyada yanğınlar başlayandan 7 milyon hektara yaxın ərazi yanıb, azı 24 nəfər həlak olub, milyonlarla heyvan ölüb.
Tarix
2020.01.09 / 08:47
|
Müəllif
Nigar İxtiyarqızı
|