Novruzun ilk müjdəçisi olan Su çərşənbəsinin məxsusi
ayinləri var...
Bu gün Novruzun ilk müjdəçisi - Su çərşənbəsidir. Su çərşənbəsi
ilə bayrama hazırlıqlar başlayır. İlk çərşənbənin də su çərşənbəsi
olması təsadüfi deyil. Su çərşənbəsi suya tapınma inamı ilə
bağlıdır. Buna el arasında "Əzəl çərşənbə", "Gözəl çərşənbə", "Gül
çərşənbə", "Sular Novruzu" da deyilir.
İnanca görə, su çərşənbəsində bahara doğru çayların buz bağlayan
hissəsi əriyib çaylara tökülür və torpaq yavaş-yavaş islanmağa
başlayır. Həmin gün sular da təzələnir. Gün doğmazdan öncə kənd
yerlərində insanlar bulaq üstünə gedər, əl-üzünü yuyar, bir-birinin
üzünə su çiləyər, su üstündən atlanar, evə su gətirərək həmin sudan
çay qoyarlar. Deyilənə görə, Su çərşənbəsi günü su üstündən
keçənlər azar-bezardan uzaq olarlar. Hətta Su çərşənbəsi günü
bulaqların şəfasının artdığı da deyilir. Bəlkə də buna görə ta
qədimlərdə insanlar həmin gün su kənarında, bulaq başında, çay
qırağında su çağıran, onun gözəlliyini, qüdrətini, müqəddəsliyini
tərənnüm edən nəğmələr oxuyardılar.
İlk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana salar, evlərin
solğun divarları rənglənər, torpaqdan daha yaxşı qidalansınlar
deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, artıq
budaqları və zoğları kəsib onları cavanlaşdırarlar. Su çərşənbəsi
axşamı süfrəyə mütləq bir qabda su qoyulmalıdır və hamı həmin sudan
içməlidir. Şirniyyat, quru meyvələr düzülməlidir. Həmin axşam
adətən, mərci plov bişirilməlidir. Çünki Su çərşənbəsində süfrənin
bəzəyi lobyalı xörəklər sayılır. Su çərşənbəsində stolun üstündəki
suyun aşması xeyrə yozulur. Əgər süfrənizdə su aşıb, tökülərsə
həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.
Bu gün insanlar bir-biri ilə mehriban davranmalı,
arzulamalıdırlar ki, növbəti çərşənbələri də şad, xürrəm
keçirsinlər. Su çərşənbəsində yaşlıları da unutmazlar. Onlar üçün
qovurğadan qovut çəkər, üstünə bəkməz və ya bal tökərlər.
Xalqımızın təmtəraqlı şəkildə qeyd etdiyi və yandırdığı ilk tonqal
da Su çərşənbəsində yandırılır. Su çərşənbəsində ilk tonqal
yandırılması isə buzların açılması, qışın artıq arxada qalmasının
göstəricisidir. Çünki kiçik çillə artıq öz yerini boz aya verir və
havalar atalarımız demişkən "ağara - bozara" düzəlməyə
başlayır.
Su çərşənbəsi günü hamı həyətində tonqal qalamaqla bayram
əhval-ruhiyyəsinin yaxınlaşdığı nəzərə çatdırır. Bu çərşənbədə su
üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları
sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.
Qədim türklərin inancına görə, Tanrı insanı məhz çərşənbə axşamı
yaradıb. Əvvəlcə su götürülüb, su ilə torpaq külək tərəfindən
qarışdırılıb, insan şəklinə salınıb, Günəşin altında qurudulub,
dördüncü çərşənbədə - ilaxır çərşənbəsində isə ona nəfəs verilib.
Beləliklə, dünyaya insan gəlib. Hesablamalara görə, bütün bu
hadisələr çox müqəddəs bir vaxta, gecə ilə gündüzün bərabərləşdiyi
günə təsadüf edib. Bundan sonra isə insan üçün yeni həyat, yeni il
başlanıb. Çərşənbələrdə, eləcə də Novruz bayramında həyata
keçirilən müxtəlif adətlər də başlanğıcını məhz insanın yaranışı
ilə bağlı qədim ayinlərdən götürüb.
Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar,
türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var. Bəzən Su
çərşənbəsi zamanı qadınlar, qızlar gedib lal axan su dərələrindən
su gətirirlər. İki iynənin arxasına pambıq bağlayıb, suya
buraxırlar. Əgər iynələr bir tərəfə getsə, sevgililərin qovuşacağı
kimi, əgər ayrı dayansalar, deməli, ümid yoxdur kimi yozulur. Bəzi
hallarda isə iynə suda batır. Bu isə lal vəziyyət adlandırılır.
Qeyd edək ki, Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək
uğursuzluq nişanı kimi vurğulanır. Həmin gün insanların bir-birinə
su atması və yaxud su çiləməsi uğura işarədi.
Elimizin gözəli, süfrəmizin bəzəyi, dörd çərşənbənin əzəli olan
Su çərşənbəniz mübarək!
Musavat.com