Orxan Zeynalov olayını və Rusiya
dövlətinin bu hadisə üstündə təbliğat qurmasını sadə ruslar necə
qarşılayır?
"Axar.az" bu sualla Rusiyada yaşayan və
yaşadıqları çevrələdə ictimai fəaliyyətləri ilə fərqlənən sadə
Rusiya vətəndaşlarından açıqlama alıb.
Səbəb bazarı
almaqdır
Çıltas Tannaqaşova
(Kemerovo Dövlət Filarmoniyanın solisti): "Mən
Sibirdə yaşayıram. Hadisələr haqqında geniş məlumatım yoxdur. Ancaq
belə deyirlər ki, bütün baş verənlər orda bazarın
azərbaycanlılardan alınması ilə bağlıdır. Axı bazarlara nəzarət
əsasən azərbaycanlıların əlindədir. Bizdə də elədir. Mən bu
qarşıdurmanın əleyhinəyəm. Bu ancaq bədbəxtlik gətirə bilər".
Bu, bir oyundur
Qalina Daquziyeva (Maykop şəhər
sakini, tikiş sexinin sahibi): "Hadisədən xəbərim var.
Belə fikirləşirəm ki, bu bir oyundur. Bu vaxta qədər Rusiyada çoxlu
adam öldürülüb, heç belə reaksiya olmayıb. Və bu hoqqabazlıq,
düşünürəm ki, bütün qafqazlılara qarşı olacaq. İnsanların birgə,
mehriban yaşamasına mane olurlar, sadəcə".
Zorakılıq, nasizm çox
pisdir
Qalina Linova (Puşkin şəhər
dəmiryol idarəsinin baş dispetçeri): "Hadisəni dəqiq
bilmirəm. Bildiyim odur ki, bu məsələdə milli maraqlar yox, biznes
maraqları var. Mən zorakılığı, nasizmi sevmirəm, heç sevmirəm.
Yaxşı olardı ki, bu məsələni sakit sülh şəraitində yoluna
qoysunlar".
Hadisəni
pisləyirəm
Jenya Leonteva (Krasnokamenski
vilayət məhkəməsinin hakimi): "Azərbaycanlılar burada da
var, amma paytaxtla, Rusiyanın başqa regionları ilə müqayisədə çox
azdır. Zəhmətkeş insanlardır və hörmət sahibləridirlər.
Əksəriyyətinin biznesi, böyük pulu var. Hər halda, görüntü budur.
Yerlilərlə başqa millətlərin arasında münasibət arada gərginləşir.
Moskvada baş verənləri isə mən ancaq televiziya və mətbuatdan
izləmişəm. Gərək zorakılıq olmasın. Qanun da, insanlıq da buna
icazə verməz. Mən bir qadın, ana və hüquq işçisi olaraq bu
qarşıdurmanın əleyhinəyəm. Və bu hadisəni pisləyirəm".
Hər iki halı
pisləyirəm
Veronika Lazereva (Çita
şəhərindən olan sahibkar): "Qeyri millətlərdən mənim
tanışlarım, işçilərim var. Azərbaycanlılar işgüzar və sevimli
insanlardır. Onlara münasibət isə yaxşı deyil. Onları gözdən salmaq
istəyən qüvvələr də az deyil. Mən Moskvada baş verən hadisəni
pisləyirəm, hər iki hal ürəkaçan deyil. İnsanı qətlə yetirmək çox
pisdir. Bir qatilə görə də bütün millətə münasibətin dəyişməsi lap
pisdir".