Yuxarı

Prezidentə “150 nəfər” yalanını kim və niyə deyib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan ictimaiyyətinin ən çox müzakirə etdiyi məsələlərdən biri də Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında rayonlar üzrə hərbi komissarlıqlara orduya getmək üçün 150 könüllünün müraciət etməsini deməsidir.

Axar.az xəbər verir ki, Ordumuza dəstək və Qarabağa qayıdış yürüşündə onminlərlə insanın iştirak etməsinə rəğmən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə az insanın müraciət etməsi təəccüb doğurub. Bir çoxları isə hərbi komissarlıqların qarşısındakı uzun növbələrin videosunu yayaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Prezidentə yalan məlumat verdiyini iddia edib.

Əslində isə burada heç də təəccüblü məqam və yalan məlumat yoxdur.

Əvvəla onu deyək ki, Prezidentin məlum çıxışına qədər komissarlıqlar könüllülərin müraciətini qəbul etmirdi. Yəni səfərbərlik elan olunmadığı üçün hərbi komissarlıqlar da qeydiyyat aparmırdı. Biz bu təcrübəni Aprel döyüşlərində yaşamışıq: həmin vaxt minlərlə azərbaycanlı hərbi komissarlıqların qapılarına dayansa da, qeydiyyata alınmamışdı. Hətta Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bəyanat yaymışdı ki, hər kəs evinə getsin, Ordumuz işin öhdəsindən layiqincə gəlir və əlavə qüvvəyə ehtiyac olduğu təqdirdə vətəndaşlara səfərbərlik üçün müraciət ediləcək.

İyulun 14-dən 15-nə keçən gecə Bakıda, eləcə də digər şəhər və rayonlarda Ordumuza dəstək və Qarabağa qayıdış yürüşü keçirildi. İnsanlar kilometrlərlə məsafəni qət edərək, Qarabağ çağırışı etdilər. Yalnız Bakıdakı yürüş zamanı, gecə saatlarında kiçik bir qrupun əhatəsində olan polis maşınından meqafonla elan edildi: Müdafiə naziri Zakir Həsənov arzunuzu nəzərə alaraq, könüllülərə öz qeydiyyatda olduqları hərbi komissarlıqlara müraciət etmək üçün şərait yaradır. Hər kəs öz qeydiyyatda olduğu rayon hərbi komissarlığına müraciət edərək, qeydə alına bilər!

Bu elanı polis maşınının yanında olanlar böyük sevinclə qarşıladı – videolar var, baxa bilərsiniz.

Amma nəzərə alınmalıdır ki, bu elan gecə saatlarında verilmişdi və yürüş də davam edirdi.

Səhər açıldıqda (komissarlıqların iş saatı yenicə başlayanda) isə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirdi. Prezident iclasda bu sözləri dedi: “Mən bu gün səhər (fərqləndirmə bizimdir – red.) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri ilə danışmışam və maraqlanmışam. Dedim, mənə de, bu günlər ərzində sizin rayon şöbələrinə nə qədər adam müraciət edib ki, gedib vuruşmaq istəyir. Mən bu rəqəmi deyəcəyəm, hər kəs onu eşitsin və özü təhlil aparsın. Dedi, təqribən 150 nəfər. Dünən Şəhidlər Xiyabanının qabağında nə qədər adam var idi? Minlərlə. Müraciət edənlərin sayı 150. Ona görə, mən deyirəm, dünən “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik”.

Təsəvvür edin, çox kiçik bir qrupa orduya yazılmaq üçün şərait yaradıldığı haqda gecə məlumat verilib, bu elandan bir neçə saat sonra, səhər açılan kimi Prezident Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən xəbər alıb və məlum olub ki, 150 nəfər müraciət edib.

Çox insanın bu elandan xəbəri olmamasını və ortada olan qısa zaman kəsiyini nəzərə alsaq, əslində, 150 nəfərin müraciət etməsi çox yüksək göstəricidir. Prezidentə təqdim edilən bu rəqəm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əslində proses başlayandan sonra bir neçə dəqiqəlik, təxmini statistikasıdır.

Bütövlükdə xalq, xüsusilə gənclər müraciətlərin hərbi komissarlıqlar vasitəsilə artıq qeydə alındığına razılıq verildiyi haqda məlumatdan Prezidentin çıxışından və çağırışından sonra xəbər tutdu.

Həmçinin, bu artıq Ali Baş Komandanın çağırışı idi!

Prezidentin bu çağırışından sonra minlərlə gənc aid olduğu hərbi komissarlığa gedərək, qeydiyyata düşür, cəbhəyə getmək istəyini rəsmiləşdirir.

Yəni komissarlıqların qarşısında növbələri çəkib göstərənlər də haqlıdır, Dövlət Xidməti də statistikasını doğru verib. Sadəcə, bunları qarşılaşdıranlar yanlışlığa yol verir və aradan keçən qısa müddəti nəzərə almır və yaxud nəzərə almaq istəmirlər.

Hazırda da hərbi komissarlıqların qarşısına insan axını davam edir və Dövlət Xidməti də bu rəqəmi bu gün “minlərlə” deyə xarakterizə etdi. Çünki dəqiq statistika yoxdur, bu rəqəm hər dəqiqə dəyişir və artır.

Tarix
2020.07.16 / 14:12
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla