Qazax rayonunun işğaldan azad edilmiş Aşağı Əskipara kəndində 34 ildən sonra şəhid ata və oğulun qəbirləri tapılıb.
Axar.az-ın məlumatına görə, 1992-ci il martın 21-də Birinci Qarabağ müharibəsi zamanı Dursun Vəli oğlu Allahverənov və oğlu İmran Allahverənov doğma Aşağı Əskipara kəndinin müdafiəsi zamanı şəhid olublar. Ata və oğul eyni gün kənd qəbiristanlığında dəfn ediliblər.
Kəndin işğalından sonra ailə uzun illər onların məzarlarını ziyarət edə bilməyib.
34 il sonra şəhidlərin ailə üzvləri Aşağı Əskiparaya gedərək qəbiristanlıqda onların məzarlarını axtarıb və tapıblar.
Şəhidlərin həyat yoldaşı və anası, 77 yaşlı Gülnaz Məmmədova uzun illərdən sonra həyat yoldaşının və oğlunun məzarını ziyarət edib.
“34 illik həsrətdən sonra balama qovuşdum. Artıq ölsəm də gözüm arxada qalmayacaq. Bu günü görmək mənim üçün böyük xoşbəxtlikdir. Bu torpaqlara qayıtmağımız, şəhidlərimizin qanı bahasına doğma kəndimizə qovuşmağımız böyük qürurdur. Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə minnətdaram. Bu günləri bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm”, – deyə Gülnaz Məmmədova bildirib.
Şəhid qızı və bacısı Aytəkin Hacıyeva isə 34 illik həsrətin ardından atasın və qardaşının məzarlarını ziyarət etməyin həm ağır, həm də qürurverici olduğunu deyib:
“13 yaşım vardı atamla qardaşımı doğma kəndimizdə dəfn edəndə. Kim bilərdi ki, onların yoxluğu yetməyəcək, həm də məzarlarına həsrət qalacağıq. Bu həsrət düz 34 il çəkdi. Arzu edərdim ki, bu gün bizi burada atamla qardaşım özləri qarşılayardılar. Allah onların dağılmış məzarlarını ziyarət etmək nəsib oldu bizə. Buna da şükr edirəm”.
Ailənin digər üzvü Əhliman Allahverənov illər sonra doğmalarının məzarlarını bu vəziyyətdə görməyin ağır olduğunu deyib:
“Bu gün bizim üçün çox çətindir. İllər öncə körpə ikən itirdiyim doğmalarımı bu cür görmək. Gəlib onların dağıdılmış, uçurulmuş məzarlarını axtarmaq, tapmaq. İllər ötsə də biz əmin idik ki, bir gün onların qəbirlərini ziyarət edəcəyik. Çünki əmin idik ki, doğma yurd yerlərimizə qovuşacağıq. Torpaqlarımız işğaldan azad edildi və biz gəlib öz doğmalarımızı ziyarət edə bildik. Çox qürurluyuq”.
Qeyd edək ki, Qazax rayonunun Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndləri 2024-cü ildə hərbi əməliyyat keçirilmədən və atəş açılmadan Azərbaycana qaytarılıb. Hazırda həmin ərazilərdə minatəmizləmə işləri aparılır.