"Əsas məqsədimiz pensiyaçıların sosial müdafiəsi
sahəsindəki davamlı inkişafı bundan sonra da qoruyub saxlamaq,
"2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya
sisteminin inkişafına dair Dövlət Proqramı" ilə qarşıya qoyulan
vəzifələri lazımı səviyyədə yerinə yetirməkdir".
Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev
növbəti mərhələdə pensiya sistemində hansı islahat tədbirlərinin
aparılmasının zəruri olduğuna aydınlıq gətirərkən deyib. Fondun
sədri bildirib ki, bu gün Azərbaycanda vahid prinsiplər əsasında
fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən,
təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi
uçotu aparılmış sosial sığorta haqlarına bağlı olan müasir
sığorta-pensiya sistemi formalaşdırılıb.
"Lakin pensiya sistemində qeyri-sığorta ödəmələrinin məcburi
dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilməsi halları
mövcuddur ki, bu da uzunmüddətli inkişaf dövrü üçün maliyyə
dayanıqlığının möhkəmləndirilməsinə və bu sahədə səmərəliliyin
artırılmasına mənfi təsir edən amil kimi
səciyyələndirilməlidir".
E.Mehdiyevin sözlərin görə, bunun nəticəsidir ki, sosial sığorta
haqları şəklində toplanan vəsaitlərin sığorta prinsiplərinə
əsaslanmayan cari ödənişlərə yönəldilməsi, həmin vəsaitlərin fərdi
uçot məlumatları əsasında təyin ediləcək pensiya məbləğləri üzrə
gələcək öhdəliklərin qarşılanması məqsədilə ehtiyata çevrilməsinə
imkan vermir. Bu isə dövlət pensiya sisteminin müəyyən dövr üzrə
sərbəst ehtiyatlara malik olaraq maliyyə bazarında aktiv iştirakı
və müasir maliyyə alətlərindən istifadə etməsi imkanlarını
məhdudlaşdırır:
"Göstərilənlərlə əlaqədar, pensiya sisteminin uzunmüddətli
inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da
möhkəmləndirilməsi və bu sahədə səmərəliliyin artırılması məqsədilə
ilk növbədə bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi
çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin
öhdəliklərinin fərqləndirilməsi nəzərdən keçirilməlidir".
Bununla yanaşı muzdla işləyənlər, fərdi sahibkarlar və torpaq
payçıları üzrə sosial sığorta normativləri ilə onlara pensiya
ödənişi göstəriciləri arasındakı fərqin, başqa sözlə ifadə etsək,
sahibkarlığın inkişafına dolayı subsidiyaların pensiya sisteminin
sığorta prinsipləri əsasında fəaliyyətinə əlavə maliyyə yükü
yaratmadan tənzimlənməsi mexanizmlərinin qurulması da vacib
şərtlərdəndir.
DSMF sədri bildirib ki, sosial sığorta haqqı normativinin mövcud
strukturu, yəni sığorta haqqının ödənilməsində yükün əsas
hissəsinin işəgötürənin üzərinə düşməsi sığortaolunanların
aktivliyinin azalmasına səbəb olur. Pensiya sistemində sığorta
prinsiplərinin gücləndirilməsi sığorta haqqı normativinin
strukturunda sığortaolunanın məsuliyyətinin tədricən artırılmasını
zəruri edir.
E.Mehdiyev qarşıda duran digər islahat tədbiri kimi,
vətəndaşlara hazırda ölkəmizdə mövcud olan şərti yığıma əsaslanan
bölüşdürücü-həmrəylik sistemindən əlavə pensiya təminatı imkanı
verən mexanizmlərin də formalaşdırılmalı olduğunu bildirib. Bu
məqsədlə dövlət pensiya təminatında yığım komponentinin, eləcə də
qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsi nəzərdə
tutulur (Anspress.com).